Qorçu (rütbə)

QorçuSəfəvilər dövründə şahın seçmə, xas qvardiyasının üzvü qorçu adlanırdı. Qorçubaşı isə Səfəvi şahlarının seçmə qvardiya döyüşçülərinin-qorçuların başçısı olub dövlətin sütunu (Ərkani-dövlət) hesab edilirdi. Qorçubaşı etimad əd-dövlədən sonra Səfəvilər dövlətinin ən böyük əmirlərindən idi. Bütün qorçuların işini qorçubaşı idarə edirdi.

Qorçu

Mənası və vəzifəsi

[redaktə | mənbəni redaktə et]

İlk dəfə olaraq "Xülasət ət-təvarix" in Berlin nüsxəsində bu sözün qoruqçu şəklinə də təsadüf edilir. H. Zərinəzadə bu sözün azərbaycanca "qoruyucu" mənasında olduğunu yazır. Əlyazmalarda qorçulardan Sultan Ustaclunun, Əhməd bəy Avşarın və başqalarının adları çəkilir.

XV yüzilin sonu və XVI yüzilin birinci yarısında qorçubaşı və əmir əl-üməra vəzifələri ayrı-ayrılıqda işlədilmişdir. S.M. Onullahi yazır ki, XV yüzildə qorçubaşılar əmir əl-üməradan xeyli aşağı pillədə idilər. Lakin XVI yüzilin ikinci yarısında qorçubaşıların nüfuzu artmış və əmir əl-üməra vəzifəsini əvəz etmişdir.

XVI yüzilin birinci yarısında bəzən (xüsusən müharibə vaxtı) qorçubaşı vəzifəsi əmir vəzifəsindən yüksək olmuşdur.Bir əlyazmada göstərilir ki, Duraq bəy Qorçubaşı müharibə günü əmirlərin əksəriyyətindən yüksək mövqe tutdu. Qorçubaşıların böyük imtiyazları var idi; hətta onlar valilərin təyin olunmasından da mühüm rol oynayırdılar.

Mənbələrdən aydın olur ki, qorçubaşı vəzifəsi XVIII yüzilədək ən yüksək vəzifə olaraq qalmaqda idi. Ümumi dövlət qorçubaşılarından başqa ayrı-ayrı əyalətlərin (bəylərbəyliklərin) və qızılbaş tayfalarının öz qorçubaşısı var idi.

Səfəvilər dövründə qorçuluq

[redaktə | mənbəni redaktə et]

Qorçular Səfəvi şahlarının Qızılbaş tayfalarından ibarət seçmə alay döyüşçüləri idilər.

Yay, nizə, qılınc, xəncər, döyüş baltaları və qalxanla silahlanmış qorçilər tayfa süvari qoşununu təşkil edirdilər. Şeyx Heydərin tətbiqetdiyi qızılbaş tacı həmin cəsur döyüşçülərin özünəməxsus baş geyimini təşkil edirdi. Yürüşlər zamanı onlar yanaqları boyunca zirehdən qoruyucuları olan dəbilqələr taxırdılar. Uzun bığ saxlamaları qorçuları fərqləndirən xüsusiyyət idi. İskəndər bəy Münşi yazırdı: " Qorçilərin cəsurluğu və qorxmazlığı haqqında belə danışırlar ki, istənilən döyüşdə onların yüz nəfəri məiyyətinin başqa üzvlərinin mininə bərabər idilər".

Qorçuların məvacibləri və tiyulları qorçibaşının icazəsi və təsdiqi ilə verilirdi.

Minadoinin şah qvardiyasının məvaciblərinə dair məlumatları maraqlıdır. 6 min nəfər qorçudan 4 mini malikanələrdən (torpaq mülklərindən) gələn gəlirlərin hesabına yaşayır, qalan 2 mini isə şah xəzinəsindən 160-dan 200-dək tsexin miqdarında mükafat (məvacib) alırdı1.

"Xülasət ət-təvarix"dən məlum olur ki, qorçubaşı Sevindik bəy Avşar Ismayıl mirzəni 1556-cı ildə I Şah Təhmasibin yanına götürüb gəlmişdi.

1574-cü ildə qorçubaşı Əhməd bəy Avşar tayfası əleyhinə kobud sözlər dediyindən tutulub Ələmut qalasına salınmışdı.

Qorçular döyüşlərdə fəal iştirak edirdilər. "Xülasət ət-təvarix" də göstərilir ki, Bakı qalasının ətrafındakı döyüş zamanı I Şah Ismayıl göstəriş verdi ki, "kəsir əl-ixlas" (sadiq) qorçular xəndəkləri daşla doldursunlar. Şah Ismayıl qoşuna xəbər göndərmək üçün də qorçulardan istifadə edirdi. 1528-ci ildə Qızılbaşlarda Şeybani xanlarından I Ubeydulla xanın (1533-1539) qoşunları arasında baş verən döyüş zamanı Səfəvi şahının qorçularından biri Ubeydulla xanı təqib edib və onu qılıncla yaralayır.

Qorçular

"Xülasət ət-təvarix" də göstərilir ki, ən etibarlı hərbi qüvvə hesab edilən qorçulardan eyni zamanda ən təhlükəli və xüsusi şəxslərin mühafizəsi zamanı istifadə olunurdu. Belə ki, Osmanlı sultanı I Süleymanın oğlu Bayəzid 1559-cu ildə I Şah Təhmasib tərəfindən həbs edilib dövlətxanının bir hücrəsində saxlanırdı. Bu vaxt onun mühafizəsi bir dəstə qorçuya tapşırılmışdı. Şahın hüsn-rəğbətini qazanan qorçulara daha yüksək vəzifələr həvalə olunurdu. II Şah Ismayıl 1557-ci ildə qorçu Imamqulu bəy Yıva-Qacarı sultan vəzifəsinə təyin edərək GəncəQarabağa bəylərbəyi göndərdi. Yazılı məxəzlərdə qorçuların geyimləri, silahları və s. Haqqında da məlumat verilir.

Qorçuların geyimi

[redaktə | mənbəni redaktə et]

Əsasən azərbaycanlılardan ibarət olan bu qorçuların papaqları qırmızı rəngdə olurdu. Belə bir baş geyimini I Şah Ismayılın atası Şeyx Heydər öz müridləri üçün müəyyən etmişdi. Məhz buna görə də onlara qızılbaş deyilirdi. Başlarına qırmızı papaq qoyan qorçular müharibəyə yola düşən zaman başlarına zəncirli zirehli dəbilqələr qoyurdular. Qorçuların xüsusi fərqləndirici əlamətləri-uzun bığları olurdu. "Aləm-araye Səfəvi" əsərində göstərilir ki, qorçular adətən ox, qılınc, təbərzin (balta), xəncər və qalxanla silahlanırdılar.

Qorçuların funksiyaları

[redaktə | mənbəni redaktə et]

"Xülasət ət-təvarix" də qorçiyane-həram, qorçiyane xasseye-şerife, qorçiyane Xasse, qorçiyane şəmşir, qorçiyane keşik və s. qeyd olunur. Hərəm qorçuları şahın hərəmxanasının keşiyini çəkirdilər. "Təzkirət əl-müluk" də göstərilir ki, qorçubaşılar qorçuları müxtəlif işlərə göndərirdilər. "Təzkirət əl-müluk" da şahın silahdarlarına yaraq qorçuları deyilirdi. Bu qorçular saray məclislərində, qonaqlarda şahın ətrafında dururdular. Gördükləri işlərdən asılı olaraq yaraq və gərək qorçuları aşağıdakı kimi adlanırdılar:

  1. Papaq qorçusu
  2. Qılınc qorçusu
  3. Xəncər qorçusu
  4. Kaman (yay) qorçusu
  5. Nizə qorçusu
  6. Oxqabı qorçusu
  7. Sipər (qalxan)qorçusu
  8. Geyim (zireh) qorçusu
  9. Çəkmə (başmaq) qorçusu
  10. Məndil qorçusu
  11. Dəstkeş qorçusu
  12. Can qorçusu
  13. Yaraq qorçusu
  14. Dəhanə qorçusu
  15. Əcərlu qorçusu və s.

Əcərlu qorçuları 100 nəfərdən ibarət olub jandarm vəzifəsini ifadə edirdilər. Şah tərəfindən qorçulara torpaq paylandığı məlumdur. Xasse torpaqları olan Qəzvin və Savucbulaq bir dəstə qorçuya verilmişdir. Lakin I Şah Abbasın hakimiyyəti dövründə qorçuların sayı təxminən 30000 nəfərə çatdırdı.

Qorçubaşılar

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Qorçubaşı

Hicri 915 (1509-1510)ci ildə qorçibaşı kimi Yegan bəy Təkəlinin adı çəkilir. 920 (1514-1515)-ci ildə bu vəzifədə Sarı Pirə Ustaclı olmuşdu. Səfəvilər dövləti banisinin dövründə qorçibaşı əmir əl-üməra ilə müqayisədə xeyli kiçik sima idi. I Şah Təhmasibin dövründə qorçibaşı vəzifəsində hicri 937 (1534)-ci ildə təkəli tayfasının qiyamı yatırılarkən öldürülmüş Durə bəy Təkəlidən danışılır.

Avşar elindən ilk qorçubaşı kimi tanıdığımız əmir Sevindik bəydir. I Şah Təhmasibə xidmət etmişdi.Səvindik bəy sarayda olurdu. Uzun illər şahın qorçubaşısı olmuşdu. Faruq Sümer yazır: "Onlardan qorçubaşı Sevindik bəy 969-cu ildə (1561-1562) ölərkən yaşı 90-ı keçmişdi". 1587-ci ildə qorçubaşı Yusif xan Avşar idi. Sarayda Mürşüdqulu xan Ustaclıya sui-qəsd hazırlamışdı. Qəsdin üstü açılanda Yusif xan həbsə atıldı.

Yusif xandan sonra qorçubaşı Bədir xan Avşar oldu. Bədir xan 1589-cu ildə Astrabada vali göndərildi.

1589-cu ildə qorçubaşı Vəli xan Avşar təyin edildi.

Qorçu institutu Səfəvilər dövründə üzdə olmuşdur.

  • Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı: "Şuşa", 2008, 334 səh.