Qrafika

Qrafika təsviri sənətin bir növüdür. Bura müxtəlif texniki üsullarla işlənmiş sənət əsərləri daxildir. Yunanca "graphike" – rəsm, şəkil deməkdir.

XIX əsrdə qrafikanın əsasını yalnız cizgilər, yaxud ağ və qara xətlər təşkil edirdi. Sonradan bu sənət növü daha da təkmilləşib. Kontur xətlər, cizgi, ləkə, həmçinin rəsm çəkilən əsas materialın ağ yerliyi qrafikanın əsas bədii vasitələrindən olub. İşlənmə texnikasına görə qrafika sənəti iki hissəyə ayrılır – rəsm və çap qrafikası. Onlardan ən qədim və ənənəvi növü rəsmdir. Karandaşla işlənilən rəsm əsasən kağızda, bəzən isə parça üzərində çəkilir. Bu rəsmlər yalnız bir nüsxədə yaranır. Bəzi əsərlər rəng baxımından zəngin olduğuna görə, onların boyakarlıqla yaxınlığı var: bunlar sulu boyalarla çəkilən (akvarel, quaş, tempera) və yaxud pastel (rəngli karandaş) texnikasında çəkilmiş rəsmlərdir. Qrafika üsulu ilə əsər, portret, mənzərə və s. janrlarda rəsmlər yaratmaq mümkündür. Qrafikanın digər bir növü olan çap qrafikasını rəsmdən fərqləndirən əsas cəhət odur ki, çap qrafikası əsərlərindən eyni keyfiyyətdə istənilən qədər nüsxə almaq mümkündür. Buraya metal, ağac, daş və maqnezium üzərində qazılmış və ya həkk olunmuş rəsmlər daxildir. Çap qrafikasında qrafik lövhənin materialından asılı olaraq müxtəlif texnikalar yaranıb. Metal, yəni mis üzərində iynə ilə cızılmış və sonra basma üsulu ilə yaranmış qravürlərə ofort deyilir. Daş üzərində həkk olunmuş qrafikaya litoqrafiya ("lito" yunanca "daş" deməkdir), ağac üzərindəki qrafikaya isə ksiloqrafiya ("ksilo" – yunanca "ağac" deməkdir) deyilir. Nisbətən sonra yaranmış linoqravür – linoleumu qazımaqla işlənilir. Sahəsinə görə qrafikanın kitab qrafikası (kitabın tərtibatı), elmi-tədqiqat qrafikası (elmi cədvəllər, çertyojlar, sxemlər, xəritələr), plakat qrafikası, sənaye qrafikası (məhsulun tərkibini bildirən açıqcalar, dəvətnamələr, paltar etiketləri) və s. kimi növləri var.

Qrafik – [yun. graphikos – əks olunmuş, çəkilmiş] 1)müxtəlif proseslərin kəmiyyətcə vəziyyətinin cizgilərlə (xətlərlə) təsviri. Məsələn, hava təzyiqinin dəyişməsini göstərən qrafik; 2)istehsalatda, nəqliyyatda və s.-də işlərin görüləcək müddətini və normaları dəqiq göstərən cədvəl, plan. Məsələn, qrafik üzrə işləmək; 3)təsviri incəsənətin növü. Reklam qrafiki şəkildən yerinə yetirilmə üsulu ilə fərqlənir. Hal-hazırda kompyüter metoduna əsaslanır; 4)müxtəlif prosesləri əyri xətlərlə göstərən diaqram, cədvəl; 5)funksional asılılığın xətlər vasitəsilə müstəvi üzərində həndəsi təsviri; 6)müxtəlif proseslərin kəmiyyətcə vəziyyətinin cizgilərlə (xətlərlə) təsviri.

Azərbaycanda qrafikanın tarixi

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda qrafika sənətinin ilk nümunələrinə Qobustan qaya rəsmlərində, Təbriz miniatür məktəbi sənətkarlarının yaratdıqları əsərlərdə və rəssamların qrafik lövhələrində rast gəlinir. Lakin klassik ədəbi əsərlərin, əlyazmaların və dini kitabların bədii tərtibatı qrafikanın Azərbaycanda qədim tarixə malik olduğunu göstərir. Qrafikanın dəzgah, sənaye qrafikası və plakat kimi başlıca növləri əsasən 1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən işğalından sonra inkişaf edib. Bu dövrdə ideya-bədii vasitələrin operativliyi, kütləviliyi, siyasi kəsərliliyi ilə fərqlənən qrafika sənəti xüsusi əhəmiyyət kəsb edib. Qəzet-jurnal və kitab tərtibatı da Azərbaycan sovet qrafikasının qabaqcıl janrlarından sayılıb. Respublikada mətbuat və nəşriyyat işlərinin genişlənməsi karikatura və kitab qrafikasının inkişafına təkan verib. Qrafiklər "Azərnəşr"in buraxdığı kitabların tərtibində fəal iştirak ediblər. Satirik qrafikanın yaranması və inkişafı "Molla Nəsrəddin" jurnalının fəaliyyəti ilə bağlıdır. Azərbaycan Sovet qrafikasının inkişafında xalq rəssamı, mahir karikatura ustası Əzim Əzimzadənin(1880–1943) müstəsna rolu olub. O, qrafikanın müxtəlif janrlarında çalışaraq rəngarəng rəsm silsilələri, plakat, karikatura, səhnə tərtibatı, geyim eskizləri və s. yaradıb. Ə. Əzimzadənin kitab qrafikası sahəsində yaratdığı ən kamil əsər M. Ə. Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyalardır. 30-cu illərdə qrafika sahəsində Qəzənfər Xalıqov İsmayıl Axundov, Kazım Kazımzadə, Ə. Məmmədov və b. rəssamlar da fəaliyyət göstəriblər. Azərbaycan və xarici ölkə yazıçılarının kitablarına illüstrasiyalar çəkərək müxtəlif aktual mövzularda siyasi plakatlar yaradıblar. İkinci Dünya Müharibəsi illərində təsviri sənətin ən kütləvi, operativ və kəsərli növü olan qrafika əsərləri xüsusi əhəmiyyət qazanıb. 50-ci illərdə Azərbaycan qrafika sənətinin inkişafında mövzu, janr, bədii üslub rəngarəngliyi sahəsində axtarışlar həlledici yer tutub. Dəzgah qrafikası növlərində silsilə əsərlər yaradılıb. Maral Rəhmanzadənin əmək və məişət mövzularına həsr etdiyi "Bizim Xəzərdə" (1953–60), "Mənim bacılarım" (1965–82) linoqravüra və rəsm silsilələri, "Azərbaycan neft ölkəsidir" (1947) avtolitoqrafiyalar silsiləsi obrazların rəngarəngliyi, milli xüsusiyyətləri ilə fərqlənir. Ələkbər Rzaquliyevin "Köhnə Bakı", "Xalçaçılar", R. Babayevin "Qobustan", "Xınalıq" linoqrvavüra silsilələri xalq məişətinin real lövhələri, ifadə yetkinliyi ilə səciyyələnir. 60–70-ci illərdə Azərbaycan dəzgah qrafikasında yeni mərhələnin başlanğıcı oldu. S. Bəhlulzadə, N. Axundov, Y. Hüseynov, N. Babayev, R. Hüseynov, A. Ələsgərov və b. rəssamların yaradıcılığında rast gəlinir.

  • R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.