Qravitasion relyef forması — Qravitasion relyef əmələgətirici proseslər bilavasitə ağırlıq qüvvəsinin təsiri və yer səthinin süxur kütlələrinin hərəkəti və yerdəyişməsi nəticəsində baş verir və müvafiq morfoskulpturlar formalaşır. Azərbaycanın dağlıq ərazisində fiziki-coğrafi şəraitin mürəkkəbliyi ilə əlaqədar olaraq, qravitvsiya proseslərinin təzahürü öz müxtəlifliyi ilə seçilir və sürüşmə, uçqun, daş axınları, çınqıl, ufantı, səpinti və s.kimi hadisələrlə əlaqədar müvafiq morfoskulpturlar əmələ gətirir. Bunların inkişafının intensivliyi, relyefdə təzahürü, sahəvi paylanması və başqa xüsusiyyətləri bir sıra təbii amillərdən — ərazinin yüksəkliyi, səthin meylliyi, forması, süxurların litoloji tərkibi, çatlılıq dərəcəsi, atmosfer yağıntıları və hidrogeoloji şəraitin bir-biri ilə qarşılıqlı münasibətilə əlaqədardır. Həmin parametrlərin yüksəklik və üfüqi istiqamətdə differensasiyası artdıqca qravitasiya prosesinin intensivliyi və onun yaratdığı relyef formalarının tutduğu sahələr də genişlənir.
Azərbaycan Respublikasının dağlıq ərazilərində qravitasiya proseslərinin ən geniş yayılmış növlərindən biri sürüşmələrdir.
Sürüşmə prosesləri əlverişli relyef şəraitində örtük, qırıntı süxur kütlələrinin və ana süxur laylarının yerindən qopması və ağırlıq qüvvəsinin təsiri altında yamacboyu hərəkəti ilə baş verir. Sürüşməyə başlıca olaraq süxur kütlələrinin və blokların yamacda dayanıqlığını itirməsi, süxurların nəmlənməsi, aşınma və s. nəticəsində bunların fiziki vəziyyətinin dəyişilməsi və davamlığının zəifləməsi səbəb olur. Burada başlıca şərt yamaclarda toplanmış kövrək örtük çöküntülərin altında su keçirməyən gilli layın olmasıdır. Sürüşmələrin baş verməsinə yamacların meyllik bitki ilə örtülmə və rütubətlənmə dərəcəsi, onları təşkil edən süxurların litoloji tərkibi (gillər, gilli şistlər, qum və əhəngdaşları), iqlim şəraiti, və ətraf mühitə insanların düşünülməmiş müdaxiləsi, ərazinin seysmikliyi və s. amillər də səbəb olur.
Azərbaycan Respublikasının ərazisi üçün ilk dəfə olaraq sürüşmələrin genetik tipinə və onların intensivlik dərəcəisinə görə rayonlaşdırılması B.Ə.Budaqov (1982, 1983) tərəfindən aparılmışdır. Müəllif respublika ərazisində inkişaf etmiş sürüşmələrin rayonlaşmasını kompleks geoloji-coğrafi prinsipə əsasən aparmış və hərəkət intensivliyinə görə sürüşmələri üç qrupda birləşdirmişdir:
Respublika ərazisində belə rayonların müəyyən edilmişdir və onların ayrılmasında aşağıdakı geoloji-coğrafi amillər əsas götürülmüşdür:
Azərbaycan daxilində sürüşmələr qeyri-bərabər paylanmış və əsasən, onun dağlıq hissəsində inkişaf etmişdir. Bəzən sürüşmələrə ümumi qalxmaya məruz qalan dağətəyi düzənliklərin bir sıra sahələrində, xüsusilə çay dərələrinin yamaclarında müvafiq hidrogeoloji, litoloji və kifayət qədər rütubətlik şəraitində də rast gəlmək olur. Bu cür sürüşmələr Qusar maili düzənliyində, Basqal və Qızmeydan tektonik örtükləri rayonunda geniş inkişaf etmişdir. Burada sürüşmələr həm kövrək tərkibli örtük və həm də köklü süxurlarda müşahidə edilir. Sürüşmələr Qusar maili düzənliyində Vəlvələçay, Caqacuqçay, Ağçay, Qaraçay, Qudyalçay hövzələrində üçüncü dövrün gilli süxurlarının yayıldığı ərazilərdə geniş sahəni əhatə edir. Atmosfer çöküntülərinin orta illik miqdarı həmin sürüşmə rayonunun cənub-şərq hissəsində, şimal-qərbində isə 900 mm-ə, seysmiklikliyi 7-8 bala çatır.
Orta Kür çökəkliyində sürüşmələr nisbətən zəif inkişaf etmişdir. M.A.Müseyibovun (1975) tədqiqatlarına əsasən sürüşmələr Çobandağ tirəsinin şimal yamacında, Eldaroyuğu və Tülkütəpə yüksəkliklərində müşahidə edilir. Müasir sürüşmələr Qanlı dağın şimal yamacında, Qatar silsiləsində, Quyruqençə tirəsinin cənub yamacında, Dəyirmandağın şimal yamacında və Mingəçevir su anbarının sahillərində inkişaf etmişdir. Bu sahələrdə sürüşmələr yamacların dabanını Kür və Qabırrıçayın yuması, eləcə də Mingəçevir su anbarının sahillərinin abraziyası yuyulması, nəticəsində yaranmışdır.
Azərbaycan Republikası daxilində sürüşmələrin çox fəal hərəkətdə olduğu və geniş inkişaf etdiyi rayonlardan biri Böyük Qafqazdır. Bu dağlıq ərazidə sürüşmələr və onun yaratdığı relyef formaları respublikanın başqa dağlıq vilayətlərinə nisbətən daha geniş yayılmışdır. Sürüşmələr şaquli qurşaqlar üzrə inkişaf edib, xüsusilə ortadağlıq qurşaqda daha geniş sahə tutur. Baş Qafqaz silsiləsinin cənub yamacında, Mazımçayla Girdimançay arasında sürüşmələr əsasən və mütləq yüksəkliklər arasında yayılmışlar. Fəal tektonik zona daxilində, atmosfer yağıntılarının orta illik miqdarı 900 mm-lə 1200- arasında dəyişir. Sürüşmələrin inkişafına digər amillərlə yanaşı mergelli-gilli qatlarda inkişaf etmiş aktiv tektonik qırılmalar və süxurların çatlılığı da təsir göstərir. Sürüşmələr, əsasən, silsilələrin və onların yan qollarının meylliyi çox olan və gili tərkibli süxurların geniş yayıldığı yamaclarında inkişaf etmişdir. Burada əlverişli rütubətlilik şəraitində qravitasion-tektonik mənşəli blokvari sürüşmələr, sürüşmə-uçqun və sürüşmə-sel axınları formalaşmışdır. Bu sürüşmə tipləri daxilində sürüşmə-uçqun növü həm köklü və həm də örtük süxurlarda inkişaf etmişdir. Sürüşmələrin inkişafında Baş Qafqaz silsiləsinin yan qollarında (Qubax, Həmzəgör, Qaflan, Qoçumırıx, Qızılqaya və s.), Qovdağ və Niyaldağ silsilərində, onların suayrıcında mövcud tektonik və qravitasion-tektonik mənşəli pozulmalar əhəmiyyətli rol oynayır. Sürüşmələr, əsasən, şimal səmtli yamaclarda daha çox müşahidə olunur. Bütün Qafqazda çox fəal klassik sürüşmə zonası kimi Göyçay-Vəlvələçay arası ərazi xüsusi maraq doğurur.
Balakən-Zaqatala filizli zonasındakı sürüşmələrin inkişafında tektonik pozulma və qırılmalar üzrə inkişaf etmiş müxtəlif sulfid minerallaşmaları əhəmiyyətli rol oynayır. Belə ki, tektonik qırılma və pozulmalar boyu süxurların kimyəvi aşınması yuyulması ayrı-ayrı bloklar arasındakı əlaqənin zəifləməsinə, onların yamac boyu yerdəyişməsinə səbəb olur. Bir sıra çayların suayrıclarında inkişaf etmiş mütəhərrik canlı qravitasion - tektonik pozulma və çatlar süxurların parçalanma dərəcəsini artırır və bunlar da sürüşmələrin dinamikliyinə əlverişli şərait yaradır.
Cənub yamacın yüksəkdağlıq qurşağında sürüşmələr Şinçayın mənbəyində, Qdım aşırımı rayonunda müxtəlif istiqamətdə uzanan bəzi dağ qollarının yamacında (Qəcəldağ, Qoturdağ, Peyğəmbərbulaq və s) nisbətən zəif inkişaf etmişdir. Burada sürüşmələrin inkişafında digər amillərlə yanaşı, tektonik pozulma və qırılmalar da rol oynayır.
Böyük Qafqazın cənub-şərq hissəsində bir çox amillər-dağ yamaclarının dik olması, gilli çöküntülərin geniş yayılması və layların nisbətən dik yatması, yağıntıların paylanma rejimi, dərininə eroziyanın intensivliyi, seysmiklik və insanların intensiv təsərrüfat fəaliyyəti sürüşmələrin geniş yayılmasına əlverişli şərait yaratmışdır. Bütün bu amillərlə yanaşı, burada sürüşmələrin çox hissəsi mövcud Məlkəmud, Qaynar, Qazmaqırız, Siyəzən və digər tektonik pozulma və üstəgəlmənin fəallığı ilə əlaqədardır.
Böyük Qafqazın bu hissəsində sürüşmələrin intensiv inkişafı əsasən maykop (oliqosen) lay dəstəsinin gilli çöküntülərinin geniş yayılması ilə əlaqədardır. Burada sürüşmə prosesinin dövrü olaraq güclənməsi əraziyə kifayət qədər çox atmosfer çöküntülərinin düşməsi və seysmik fəallıqla bağlıdır.
Əlverişli iqlim-rütubət şəraitinin olmamasına baxmayaraq sürüşmələr həmçinin Böyük Qafqazın cənub-şərq gömülmə sahələrində də müşahidə edilir. Bakı sinklinal platosunun yamaclarında inkişaf etmiş sürüşmələr, uçqun- sürüşmələr olub, sürüşən kütlənin struktur-litoloji tərkibinin xüusiyyətləri, insanların müxtəlif yönümlü və səriştəsiz təsərrüfat fəaliyyəti və dəniz səviyyəsinə yaxın ərazilərdə Xəzər dənizi səviyyəsinin tərəddüdü ilə əlaqədardır. Bakı şəhərində dağıdıcı sürüşmə 2000-ci il martın 6-7-də Bayıl sahəsində, 2004-cü ilin dekabrında N.Nərimanovun heykəli ətrafında və Dağüstü parkın ərazisində baş vermişdir. Bu sürüşmə ilə əlaqədar Bakı şəhərinin bir hissəsində işıq, qaz, su və digər kommunikasiya sistemlərində uzunməddətli fasilələr yaranmış, binalar dağılmış, yollar deformasiyaya uğranmışdır. Bu respublika ərazisində baş verən sürüşmələr içərisində ən çox ziyan vurmuş sürüşmə hesab edilə bilər.
Böyük Qafqazda sürüşmələrin ən geniş yayılmış tiplərindən biri də sürüşmə-sel axınlardır. Sürüşmə-sel axınları demək olar ki, Cənub-Şərqi Qafqazda bütün çay hövzələrində inkişaf etmişdir. Sürüşmə-sel axınları adətən çay dərələrinin yamaclarında dik sahələrdən başlayıb yan qolların dibi ilə müxtəlif həcmdə qatı palçıqlı - daşlı "axınlar" yaradır və səthi meyllik azalan yerlərdə, yaxud əsas çayların dərələrində böyük sürüşmə konusları əmələ gətirir. Buna misal Girdimançay, Ağsuçay, Pirsaatçay, Vəlvələçay hövzələrini göstərmək olar. Sürüşmə-sel axınlarının başlanğıc hissələrində qopma (qırılma) səthi, sürüşmə sirki , sürüşmə axını, aşağı hissədə isə sürüşmə konusu kimi relyef formaları yaranır. Sürüşmələr adətən delüvial qatları və ana süxürları əhatə edir. Sürüşmə-sel axınının səthi adətən mikroformalarla (təpəciklər, çökəkliklər, çatlar və .s.) mürəkkəbləşmiş olur.
Bu növ sürüşmələr yaşayış məntəqələrini, yolları, əkin və meşə sahələrini dağıdıb yararsız hala salır. B.Ə.Budaqovun (1982-1983) Cənub-Şərqi Qafqazda aşkar etdiyi sürüşmələr Üst Pliosendən başlayaraq xeyli fəallaşmışdır.
Sürüşmələrin inkişafına həmçinin ərazinin tektonik və struktur şəraiti də təsir göstərir. Belə ki, müsbət morfostrukturların qalxması və mənfi morfostrukturların çökməsi nəticəsində eroziya bazisi dəyişir və sürüşmələrin canlanmasına səbəb olur. Sinklinal platolarda da sürüşmələr geniş yayılmışdır. Bu cür sürüşmə sahələri Yarımca, Xızı, Dağ Quşçu, Ətuq, Girdədağ, Buduq, Qızılqaya, Taxtayaylaq, Nuran və b. sinklinal platoların yamaclarında inkişaf etmişdir.
Böyük Qafqaza nisbətən Kiçik Qafqazda sürüşmələr, xüsusilə də orta dərəcədə fəaliyyətdə olan sürüşmələr az inkişaf etmişdir. Bu ilk növbədə münasib geoloji –litoloji şəraitin olmaması, atmosfer çöküntülərinin nisbətən azlığı, gilli çöküntülərin kifayət qədər yayılmaması, süxür laylarının yatım bucaqlarının nisbətən az olması ilə əlaqədardır.
Kiçik Qafqazın ortadağlıq qurşağında sürüşmələr, əsasən, dağarası çökəkliklərdə (Başkənd-Dəstəfur, Xoşbulaq və b) toplanmış gilli örtük çöküntülərində və onları kəsən çay dərələrinin yamaclarında inkişaf etmişdir. Köklü ana süxurlarda sürüşmələr Gəncəçay, Kürəkçay, Tərtərçay, Həkəriçay, Ordubadçay, Parağaçay, Naxçıvançay və başqa çay hövzələrində müşahidə edilir.
Kiçik Qafqazın mərkəzi hissəsində sürüşmələrin inkişafı bilavasitə ofiolit zonası ilə əlaqədardır. Geniş yayılmış serpentinit və serpentinitləşmiş süxurların inetensiv çatlılığı və denudasiya proseslərinə zəif davamlılığı burada sürüşmə proseslərinin fəal inkişafına şərait yaratmışdır. Əlverişli şəraitdə ayrı-ayrı bloklar və süxur massivləri qırılma müstəvisi və tektonik sürüşmə səthi üzrə yerdəyişməyə məruz qalır ki, bunlar da Murovdağ silsiləsinin cənub yamacında, Söyüdlüçay, Levçay, Bulanlıqsu və b. çayların hövzələrində müşahidə olunur. Əslində bunların əksəriyyəti qədim sürüşmələr olub, müxtəlif səbəblərdən yaranmışdır. Belə ki, Kürəkçay dərəsində, Kəpəz dağının qərb ətəklərində olan qədim sürüşmə - uçqunlar XII əsrdə məşhur Gəncə zəlzələsi zamanı yaranmışdır.
Naxçıvançayın yuxarı hissəsində sürüşmələr Biçənək effuziv qatında (aqlomerat lavaları) inkişaf edib və əsasən lava örtüklərinin kənar hissələrində inkişaf etmişdir.
Talış zonasında da sürüşmələr nisbətən geniş yayılmışdır. Onlar, əsasən, gilli süxurların inkişaf etdiyi və kifayət qədər atmosfer çöküntüləri düşən alçaq-dağlıq qurşaqda müşahidə edilir. Sürüşmələr Lerik və Yardımlı rayonlarında, Lənkərançay dərəsində və Burovar silsiləsinin şimal-şərq yamacında müşahidə olunur. 1993-cü ildə Cəlilabad rayonunun Zəhmətabad və başqa kəndləri sahəsində dağıdıcı sürüşmələr baş vermişdir.
Uçqunlar adətən sıldırım yamaclarda, aşınma və eroziya proseslərinin təsiri altında süxurların müvazinətini və yaxud ilişkənliyini itirməsi nəticəsində baş verir. Uçqun prosesinin baş verməsində aşınma, eroziya, abraziya və zəlzələ mühüm rol oynayır. Bu prosesin və müvafiq relyef formalarının geniş inkişaf etdiyi ərazi Kiçik Qafqazın cənub, Zəngəzur silsiləsinin cənub-qərb yamaclarıdır.
Uçqunlar onların yaranmasına şərait yaradan amillərin mövcud olduğu bütün yüksəklik qurşaqlarında geniş inkişaf etmişdir.
Xəzər sahilində uçqunların əmələ gəlməsi bilavasitə abraziya ilə əlaqədardır. Burada uçqunlar üfüqi yatıma malik olan və layların karbonatlı və qumlu-gilli ana süxurlardan təşkil olunmuş sahillərdə inkişaf etmişdir. Bunlar, əsasən, Abşeron yarımadasının şimal-şərq sahilində və Səngəçal, Ələt, Pirsaat, Bəndovan və b. ərazilərdə. müşahidə edilir. Bundan başqa uçqunlar Xəzər dənizi səviyyəsinin qalxması nəticəsində dənizin və çay dərələrinin yaratdığı akkumulyativ çöküntülərdə də baş verir. Bu cür uçqunlar ən çox Xəzər dənizinin Nabran-Xaçmaz, Ələt-Bəndovan və Lənkəran-Astara sahillərində və müxtəlif çay dərələrində müşahidə edilir.
Kiçik ölçülü uçqunlar və sürüşmələr düzənlik çayları sahillərində, əsasən, allüvial-prolüvial çöküntülərdə müşahidə edilir. Uçqunlar Böyük Qafqazın alçaqdağlıq qurşağının cənub-şərq qurtaracağında geniş inkişaf edib, Beşbarmaq dağı ərazisində, Qobustanda və Sumqayıtçay, Tuğçay, Gilgilçay, Vəlvələçay və b. çayların dərələrində yayılmışdır. (Budaqov, 1973). Onlar, əsasən, monoklinal və sinklinal relyef formalarının yamaclarında inkişaf etmişdir.
Böyük Qafqazda uçqunların geniş yer tutmasının əsas səbəblərindən biri burada müxtəlif istiqamətli qravitasion-tektonik çatların fəal olmasıdır.
Relyef əmələgətirici proseslərin intensiv inkişafı ilə əlaqədar yamacların geri çəkilməsi nəticəsində çatlı əhəngdaşı və qumdaşı layları dağılaraq, yamac boyu aşağıya doğru hərəkət edir. Bəzən onlar yamaclarda "Daş dənizi"əmələ gətirir (Qobustan, Abşeron yarımadası və s.). ki, onların da bir qismi (Böyükdaş, Kiçikdaş, Çınqıldaş və s.) dəniz abraziyasının müasir relyefdə saxlanmış yadigarlarıdır.
Uçqunlar Kişçay, Kürmükçay, Talaçay, Balakənçay, Dəmiraparançay, Girdimançay və digər çay hövzələrində daha geniş yayılmışdır. Yan silsilənin Şahdağ, Qızılqaya, Buduq, Girdədağ və başqa sinklinal platolarının yamaclarında geniş yayılmış uçqun materialları Qızılqaya və Şahdağ arasında yerləşən Qusarçay dərəsinə doğru istiqamətlənmişdir (Kuçinskaya, Tarixazər, 2014, Tarixazər, Ələkbərova, 2014).
Kiçik Qafqazda uçqunlar alçaqdağlıq qurşaqda, xüsusilə onun şimal-şərq kənarlarındakı monoklinal tirə və yüksəkliklərin yamaclarında müşahidə edilir. Orta və yüksəkdağlıq qurşaqlarda uçqunların əksəriyyəti qırılma və pozulmalarla mürəkkəbləşmiş dik yamaclarda inkişaf etmişdir. İri qaymalı uçqunlar, əsasən, Murovdağ silsiləsinin yüksək zirvələrinin (Hinaldağ, Camış, Murovdağ, Ağqaya və s.) yamaclarında, Kəpəz dağının şimal yamacında inkişaf etmişdir. Uçqunlar həmçinin Qarabağ sisiləsinin Qırxqız dağlarının, Böyük Kirs və Ziyarat zirvələrinin yamaclarında, Zəngəzur, Dərələyəz silsillələrində isə Sinor, Küküdağ, Keçəldağ, Salvartı, Qazangöldağ, Qapıcıq, Yağlıdərə, Ayıçınqıl və başqa - dağların yamaclarında müşahidə edilir. Böyük Qafqazda olduğu kimi Kiçik Qafqazda da uçqunlar qravitasion-tektonik mənşəli olub, seysmoaktiv hərəkət zonalarında daha fəal təzahür edir.
Qarabağ vulkanik yaylasında müşahidə edilən uçqunlar, əsasən. nəhəng stratovulkanların yamacında, həmçinin lava örtüyü və lava axınlarının kənarlarında inkişaf etmişdir (Pəriçınqıl, Ayıçınqıl və s). Uçqunlar Talış dağlıq ərazisində Peştəsər və Talış silsilələrinin yamaclarında da geniş yayılmışdır.
Qravitasion mənşəli relyef formalarından ufantı konusları Böyük və Kiçik Qafqazın yüksəkdağlıq qurşağının dik yamaclı qayalıq zonasında fiziki aşınmanın olduqca intensiv getdiyi bir şəraitdə yaranır. Adətən dik yamacların və qayaların ətəyində müxtəlif həcmli süxur parçalarının toplandığı ufantı konusları ilə yanaşı çınqıl adlanan "daş axınları" müşahidə edilir. Konkret şəraitdən asılı olaraq "daş axınlarının" eni, uzunu, həmçinin mexaniki tərkibi çox müxtəlif olur.[1]