Qravitasiya paradoksu

Qravitasiya paradoksu Almaniyada XIX əsrdə Neyman və Zelliger tərəfindən söylənilmişdir. Maddə ilə bərabər doldurulmuş sonsuz Kainatın ixtiyari nöqtəsində, Nyutonun ümumdünya cazibə qanununa əsasən, qravitasiya qüvvəsini birqiymətli hesablamaq olmaz. Doğurdan da əgər nümunə kütləsinin yerləşdiyi nöqtə konsentrik qatlardan ibarət sferanın mərkəzində olarsa, bu sferanın nümunə kütləsi tərəfindən cazibə qüvvəsi sıfır olar; əgər nümunə kütləsi olan nöqtə konsentrik qatlardan ibarət sferanın mərkəzindən r məsafədə yerləşərsə, bu sferanın kütləsinə nümunə kütləsi tərəfindən cazibə qüvvəsi, r radiuslu kürənin onun səthindəki nümunə kütləsini cəzb etmə qüvvəsi ilə təyin olunar. Bu qeyri-birqiymətlilik qravitasiya paradoksu adlandırılmışdır. Bu paradoks onunla əlaqədardır ki, Nyutonun qravitasiya nəzəriyyəsini bütövlükdə Kainata, həmçinin Metaqalaktikaya tətbiq etmək olmaz. Çünki Nyuton qravitasiya nəzəriyyəsində cazibə qüvvəsinin Evklid fəzasında ani yayıldığı qəbul edilir. Sonsuz Kainat fəzasında isə nəhəng kütlələr paylandığından Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə görə əyrilik evklid fəzasından kənara çıxır; digər tərəfdən isə çox uzaq qalaktikalar işıq sürətinə yaxın sürətlə bir-birindən uzaqlaşırlar. Buradan aydın olur ki, böyük miqyaslı məsafələrdə qravitasiya qarşılıqlı təsirini öyrənmək üçün Nyutonun qravitasiya nəzəriyyəsinə deyil, Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə — relyativist qravitasiya nəzəriyyəsinə istinad etmək lazımdır. Bu halda Nyuton mexanikasının məhdudluğundan doğan qravitasiya paradoksu öz mahiyyətini itirir.[1]

  1. R. Ə. Hüseynov. Ümumi astrofizika. Dərslik, Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2010, З51 səh.