Qrossheym gəmirici soğanı (lat. Muscari grossheimii Schchian.) — Hiasintkimilər (Hyacinthaceae Batsch.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, prioritet endemik növüdür.
Regional IUCN Status-NT [1][2][3].
Çoxillik ot bitkisidir. Soğanaqları 1 – 1,5 sm diametrindədir.Uzunsov-yumurtavari və ya yumurtavari, tünd-çəhrayı pulcuqludur. Yarpaqlar 3-4 sayda uzun-xətvari, gövdədən qısadır. Gövdə tək, 2-3 , 12—18 sm hündürlükdədir. Salxım çox da böyük deyil, 2-3 (4) sm uzunluğundadır. Çiçəkyanlığı meyvəverən çiçəklərdə boruvari-kuzəşəkilli, 5-6 mm uzunluğunda, 3-4 mm enində, bənövşəyi rəngdədir. Erkəkcik ikisıralıdır, şarvari tozcuqludur. Yumurtalıq aydın olmayan üçtilli, dairəvi, sütuncuqdan qısadır. [1][2][4].
Çiçəkləmə və meyvə əmələgəlmə dövrü may ayına təsadüf edir. Mezokriptofit, duza davamlıdır. Soğanaqla çoxalır. Meşələrdə, qayalı yamaclarda, çəmənlərdə, kolluqlarda bitir[1][2][4][5][6].
Lənkəranın dağlıq hissəsi (Lerik rayonunda, dəniz səviyyəsindən 1300 m yüksəklikdə) [1][2][4][6][7][8].
Yeganə lokalitet olan Hrikan Milli Parkında qorunmasına baxmayaraq ətraf mühitin dəyişilməsindən asılılığı populyasiyanın sayında azalma tendensiyasına səbəb olur [1][2][7][8].
Populyasiyanın hal-hazırda populyasiyanın qorunmasına və sabitliyinə baxmayaraq əhali tərəfindən yığılması təhlükə yarada bilər [1][2][6][7].
Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə heç bir tədbir görülmür. Yasaqlıqların təşkili, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur .