Qubad İbad oğlu Bayramov (12 sentyabr 1971, Aşağı Güzlək, Füzuli rayonu[1]) — azərbaycanlı siyasətçi, iqtisad elmləri namizədi,[2][3][4] Azərbaycan Demokratiya və Rifah Hərəkatının qurucusu və ilk sədri.[5]
Qubad İbadoğlu | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 sentyabr 1971 (53 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | alim, universitet müəllimi[d], insan hüquqları fəalı |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
12 sentyabr 1971-ci ildə Füzuli rayonunun Aşağı Güzlək kəndində anadan olub.
20 ilə yaxın müddətdə Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi təhlil" kafedrasında çalışmışdır. 53 adda və 175 çap vərəqi həcmində elmi əsərin, 20-dək kitabın, monoqrafiyanın və dərs vəsaitinin müəllifidir.[6]
2004–2005-ci tədris ilində Budapeştdə Mərkəzi Avropa Universitetində, 2008–2009-cu tədris ilində Çapel Hill Şimali Karolina Universitetində, 2015–2016-cı tədris ilində Dyuk Universitetində, 2017–2018-ci tədris ilində Prinston Qabaqcıl Tədqiqatlar İnstitutunda, 2018–2021-ci tədris illərində Nyu-Cersidə Ratqers Universitetində yarımştat qaydada pedoqoji fəaliyyətlə məşğul olub. London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin qonaq elmi işçisi olmuşdur.[7]
1995–1999-cu illərdə "Ekonomiks" iqtisadiyyat qəzetinin baş redaktoru olmuş, 1 yanvar 2000-ci ildən isə elmi-iqtisadi "Ekspert" jurnalının baş redaktorudur.[8]
2002-ci ildən 2012-ci ilədək İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri olub.
2007-ci ildən İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının əlaqələndiricidir.
2008-ci ildə qərargahı Londonda yerləşən "Ödədiyini Açıqla" Beynəlxalq Koalisiyasının Strateji Məsləhət Qrupunun, 2009-cu ildə qərargahı Buxarestdə yerləşən Qara Dəniz QHT Forumunun İdarə Heyətinin, 2013–2019-cu illərdə qərargahı Osloda yerləşən Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin üzvü olub.
Müsavat partiyasının divan üzvü olmuşdur.
2000-ci il parlament seçkilərində Qubad İbadoğlu Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 5-ci sırada olmuşdur.[9] Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4,85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Qubad İbadoğlu deputat seçilə bilməmişdir.[10][11]
2014-cü ilin sentyabrında partiyanın sədrliyinə keçirilən seçkilərdə iştirak edərək 228-ə qarşı 200 səs toplayaraq Arif Hacılıya məğlub olmuşdur. 2015-ci il fevralın 6-da Müsavat partiyasından xaric edilmişdir.[12]
2015-ci il fevralın 21-də Azərbaycan Demokratiya və Rifah Hərəkatının təsis qurultayında Hərəkatın sədri seçilmişdir.[13] 17 oktyabr 2021-ci il tarixində onlayn olaraq 88 nümayəndədən 82-sinin iştirakı ilə keçirilən qurultayda hərəkatı partiya olmaq qərarına gəlib.[5] Azərbaycan Demokratiya və Rifah Hərəkatı dəfələrlə partiya kimi qeydiyyatdan keçmək üçün müraciət etsə də, Ədliyyə Nazirliyi tərəfindən rədd edilib.[14]
23 iyul 2023-cü ildə Sumqayıta partiya gəncləri ilə görüşə gedərkən DİN əməkdaşları tərəfindən saxlanılaraq DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.[15] Vəkilinin bildirdiyinə görə Qubad İbadoğluna Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham verilib və o təqsirləndirilən şəxs qismində cəlb edilib. 24 iyul 2023-cü ildə keçirilən məhkəmə prosesində barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib.[16] 22 aprel 2024-cü il tarixində ev dustaqlığına buraxılıb.[17]