Quraşdırma proqramı

Quraşdırma proqramı (ing. installation program ~ ru. программа установки ~ tr. yükleme programı) – başqa bir proqramı verilənlər daşıyıcısına və ya kompüterin yaddaşına quraşdırmaq üçün nəzərdə tutulmuş proqram. Quraşdırma proqramı, adətən, heç də asan olmayan proqramın quraşdırılması prosesində və onu kompüterin, printerin və monitorun verilmiş konfiqurasiyasına “bağlamaqda” istifadəçiyə yardımçı olur. Tətbiqi proqramı əməliyyat sisteminin adi komandaları vasitəsilə kompüterə köçürməkdən qorumaq üçün də quraşdırma proqramından istifadə edilir; belə ki, quraşdırma proqramı quraşdırılan proqramın kopyalarının sayına nəzarət edir; kopyanı bir kompüterdən başqasına keçirmək üçün istifadəçi quraşdırılmış kopyanı silməli və onu elə həmin quraşdırma proqramının köməyi ilə başqa bir kompüterə quraşdırmalıdır.

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.