Quruluş nəzəriyyəsi

Quruluş nəzəriyyəsi və ya Butlerov nəzəriyyəsi — 1861-ci ildə məşhur rus kimyaçısı A.M.Butlerov tərəfindən kəşf edilmişdir. Quruluş nəzəriyyəsi radikal və tiplər nəzəriyyəsinin müsbət cəhətlərindən və valentlik qanunundan istifadə edərək, o vaxta qədərki məlum faktları düzgün izah etmiş, naməlum faktları və maddələri də qabaqcadan bilmişdir.

Nəzəriyyənin əsasları

[redaktə | mənbəni redaktə et]

Bu nəzəriyyəyə görə:

  1. Üzvi birləşmələrdə karbon dördvalentlidir və karbon valentlərinin dördü də eyni qiymətlidir;
  2. karbon atomları başqa atomlarla birləşə bildiyi kimi, bir-birlədə birləşərək uzun karbon zəncirləri əmələ gətirir. Karbon atomları bu zəncirlərin əmələ gəlməsinə öz valentlərinin bir qismini sərf edir, karbonun qalan valentləri isə hidrogen, oksigen və başqa atomlarla birləşməyə sərf olunur. Başqa atomlardan fərqli olaraq, karbon atomlarının zəncirləri davamlı olur;
  3. maddələrin molekullarında, atomlar arasinda müəyyən kimyəvi əlaqə vardır ki, A.M.Butlerova görə, bina kimyəvi quruluş deyilir. Hər bir kimyəvi maddəni yalnız ona məxsus bir quruluş formulu ilə ifadə etmək olar;
  4. maddənin kimyəvi xassəsi onun molekulunun tərkibindən və kimyəvi quruluşundan asılıdır;
  5. eyni molekul çəkili və eyni tərkibli maddələrin müxtəlif kimyəvi quruluşda olması izomerlik hadisəsini törədir;
  6. ayrı-ayrı reaksiyalar zamanı molekulların ancaq müəyyən hissəsi dəyişir, buna görə də reaksiya məhsullarını öyrənməklə maddələrin kimyəvi quruluşunu müəyyən etmək olar;
  7. molekulun tərkibinə daxil olan atomların kimyəvi xassəsi (reaksiya qabiliyyəti) onların molekuldakı mövqeyindən asılıdır. Bu xassələrin dəyişməsi, əsasən, həmin atomla bilavasitə birləşən qonşu atomların təsiri ilə izah olunur.

Quruluş nəzəriyyəsinin əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

A.M. Butlerovun quruluş nəzəriyyəsi əsasında maddələrin quruluş formulunu müəyyən etmək asandır. Bu nəzəriyyəyə əsasən, aşağıdakı bəzi üzvi birləşmələrin quruluşu verilir. Qeyd etmək lazımdır ki quruluş nəzəriyyəsi molekulların fəza quruluşunu nəzərə almır. Molekulların fəza quruluşu anlayışı sonralar meydana çıxmış və daha sonra tapılan bu kimi bir çox yeni faktlar quruluş nəzəriyyəsinə əlavə olunaraq, onu daha da zənginləşdirmişdir. Beləliklə, quruluş nəzəriyyəsindən danışdıqda, maddənin bir müstəvi üzərində yerləşdiyi nəzərdə tutulur. Bu nöqteyi nəzərdən molekul quruluşunu ifadə etdikdə biz atomların hansı tərəfdən bir-birilə birləşdiyini nəzərə almırıq. Buna görə də metanın quruluş formulunu yazdıqda, hər hidrogen atomunun karbonunun bir valentini zəbt etdiyi göstərilir. A.M. Butlerovun quruluş nəzəriyyəsinin 100 ildən artıq tarixi olduğuna baxmayaraq, bu nəzəriyyə hələ də öz əhəmiyyətini itirməmişdir. Quruluş nəzəriyyəsi məlum faktlar və birləşmələrin təbiətini düzgün izah edir. Bu nəzəriyyə əsasında bir çox yeni faktlar və yeni maddələr əvvəlcədən təsəvvür edilmiş, sonralar tapılıb təsdiq olunmuşdur. A.M. Butlerov hələ özü sağ ikən quruluş nəzəriyyəsi əsasında, 4 butil spirti olduğunu əvvəlcədən göstərmişdi. A.M. Butlerovdan əvvəl bu spirtlərin hamısı məlum deyildi. A.M. Butlerov məlum olmayan bu spirtlərdən bir neçısini özü almış və başqalarının alınması üçün yol göstəmişdi. Kimyanın mübahisəli məsələlərindən biri olan, radikal və tiplər nəzəriyyəsi ilə aydınladırıla bilməyən izomerlik hadisəsini yalnız quruluş nəzəriyyəsi izah edə bilmişdi. Üzvi kimyanın sonrakı tərəqqisi quruluş nəzəriyyəsindən asılı olmuşdur. Stereokimya, tautomerlik, elektron nəzəriyyəsi və bu kimi maddələrin quruluşunu aydınlaşdırmaq məqsədi ilə sonralar irəli sürülən yeni nəzəriyyələr A.M. Butlerovun quruluş nəzəriyyəsinin təkmilləşməsinə səbəb olmuş, onu dərinləşdirmiş və bir daha təsdiq etmişdir. Bu nəzəriyyə öz mahiyyəti etibarilə dərin materialist və eyni zamanda dialektik nəzəriyyə olub, molekulun obyektiv varlığını düzgün əks etdirir.

  • M.Mövsümzadə, P.Qurbanov "Üzvi kimya", Maarif-1983.