Qustav Vigelann

Adolf Qustav Vigelann (norv. Adolf Gustav Vigeland; 11 aprel 1869, Mandal — 12 mart 1943, Oslo) — Norveç heykəltaraşı, Norveçin ən məhsuldar heykəltaraşı, Oslodakı Vigelann heykəl parkının yaradıcısı, Nobel Sülh mükafatı medalının eskizinin müəllifi.

Adolf Qustav Vigelann
norv. Adolf Gustav Vigeland
Qustav Vigelann (1929)
Qustav Vigelann (1929)
Doğum adı Adolf Gustav Thorsen
Doğum tarixi
Doğum yeri Mandal, Norveç
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri Oslo, Norveç
Vətəndaşlığı Norveç Norveç
Fəaliyyəti heykəltaraş
Janr modernizm
Mükafatları Müqəddəs Olaf ordeni kavaleri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qustav Vigelann 1869-cu ilin 11 aprel tarixində Norveçin cənub sahillərində yerləşən Mandal şəhərində anadan olmuşdur. O, uşaqlıqdan incəsənətə, rəssamlığa, heykəltaraşlığa böyük maraq göstərirdi. Atası Elizeus Opshus Torsen xarrat idi. O, ailəsini taxta üzərində müxtəlif oyma naxışlar salmaqla dolandırırdı. Elizeus şəhərdə kifayət qədər tanınmış hörmətli usta idi. Anası Anna Vigelann isə evdar qadın idi. O, Mandalın Vigelann kəndindən idi. Qustav öz soyadını buradan götürmüşdür.

Qustav ailədə 5 uşaqdan ikincisi idi. Kiçik qardaşı Emanuil Avqust Torsen də rəssamlığa böyük maraq göstərirdi. O, sonralar Norveçin tanınmış rəssamlarından biri olacaqdı. Qardaşlar arasında hansının öz yaradıcılığı ilə digərinə daha çox təsir etdiyi, hansının daha kreativ olması barədə həmişə söz-söhbət yaranırdı. Qardaşlar arasında yaranan son anlaşmazlıq 1902-ci ilə təsadüf edir və elə həmin andan da onlar bir daha görüşməmişdilər. Baxmayaraq ki, onlar 40 ildən çox eyni şəhərdə, Osloda yaşamışdılar.

Qustavın atası Elizeus Opshus nümunəvi ailə başçısı kimi tanınırdı, o həm də çox dindar bir adam idi. Sonradan o ailəsini ataraq başqa qadınla yaşayır, içkiyə qurşanır və uşaqlarını evdən qovur. Bunu görən Anna Vigelann uşaqlarını götürüb atası evinə, Vigelann fermasına gedir. Bir müddət keçdikdən sonra Qustavın atası oğlunun istedadını görüb onu Osloya, ən yaxşı oyucu ustanın yanına dərs almağa göndərir. O vaxt Qustavın 13 yaşı var idi. O, gündüzlər ustanın yanına gedir, ondan oymaçılıq sənətini öyrənir, axşamlar isə Kral incəsənət məktəbinə oxumağa gedirdi. Atası ailəsini atsa da, oğlu Qustav üçün xeyli pul xərcləyirdi. Təəssüf ki, 2 ildən sonra Qustav təhsilini yarımçıq qoymalı olur, çünki atası qəflətən vəfat edir və 15 yaşlı Qustav Mandala, əvvəlki evlərinə qayıtmalı olur.

Peşəkar fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1889-cu ildə Qustav qəti qərara gəlir ki, o peşəkar heykəltaraş olmalıdır. Bu illər ərzində bir az pul toplamış Qustav özü üçün təzə pal-paltar alıb Norveçin paytaxtı Osloya (o vaxtkı adı — Kristianiya) gəlir. Osloda ona və onun əl işlərinə fikir verən olmur. Bir müddət işsiz qalan Qustav qısa müddət sonra Norveçin məşhur heykəltaraşlarından biri olan Briynulf Berqslinlə qarşılaşır və ona öz işlərini göstərir. Berqslin onları görən kimi başa düşür ki, bu gəncin böyük gələcəyi var. O, Qustava öz emalatxanasında yer verir və ona dərs deməyə başlayır. Bir müddət sonra Qustav heykəltaraş Skeybrokdan dərs almağa başlayır. Skeybrok onu mühüm bir yarışa hazırlayır. Qustavın hazırladığı "İsmayıl və Aqar" heykəli sərgilərin birində keçirilən müsabiqəyə təqdim edilir və müsabiqənin qalibi olur.

Bundan sonra Qustav tanınmağa başlayır. Qustava mükafat verilir. O, Norveç hökumətinin hesabına 1 il müddətinə Kopenhagenə professor Herman Vilhelm Bissenin sinfinə oxumağa göndərilir. Bu gənc heykəltaraş üçün böyük uğur idi və beləliklə, 1891-ci ildə Qustav Kopenhagenə yola düşür. Professor Bissendən neoklassikanın sirlərini öyrənən Qustav bununla məhdudlaşmır, o çoxlu oxuyur və öyrənirdi. O vaxtdan etibarən Qustav özünə Vigelann soyadını götürür.

Kopenhagendən müvəffəqiyyətlə qayıdan Qustav yenidən hökumətdən maliyyə yardımı alır və bu dəfə Parisə yola düşür. 1892-1893-cü illərdə o, Parisdə yaşayır. Maraqlıdır ki, Parisdə dəfələrlə heykəltaraş Rodenin studiyasında olan Qustav bir dəfə də olsun onunla canlı olaraq görüşmür.

Parisdən qayıtdıqdan sonra Qustav Vigelann Norveçdə ilk fərdi sərgisini təşkil edir və tənqidçilər tərəfindən müsbət qarşılanır. Hökumət tərəfindən növbəti subsidiya alan Qustav Vigelann bu dəfə 1895-1896-cı illərdə Berlinə, sonra isə İtaliyaya səfərə çıxır. 1900-cü ildə o, İngiltərədə də olur.

1897-ci ildə hökumətin ona ayırdığı qrantlar bitir, amma tezliklə ona çox mühüm bir iş tapşırırlar. Qustav Vigelann Trondhaymdakı Nidaros kilsəsini təmir etməli idi. Nidaros kilsəsi norveçlilər üçün çox böyük əhəmiyyət daşıyan abidələrdəndir. Bir neçə il Vigelann bu kilsənin təmir işləri ilə məşğul olur. 1902-ci ildə o, yenidən Osloya qayıdır. Osloda ona atılmış köhnə bir emalatxana verirlər və heykəltaraş öz yaradıcılığını burda davam etdirir. Həmin ərəfədə o, bir sıra məşhurların büstlərini düzəldir. Onların arasında Henrik İbsen, Edvard Qriq, Knut Hamsun kimi məşhurlar var idi.

Osloda Vigelann muzeyi

Qustav Vigelann həmçinin Nobel Sülh mükafatı medalının da müəllifidir. Bu medal ilk dəfə 1902-ci ildə isveçrəli jurnalist Eli Dyukommen və isveçrəli hüquqşünas Albert Qobata təqdim edilmişdir.

Bu illərdə Qustav Vigelann bir sıra uğurlar qazansa da, onu ən çox maraqlandıran və narahat edən üzərində çalışdığı fəvvarə layihəsi idi. 6 nəhəng yaşlı kişinın çiyinlərində tutduğu piyalə sanki dünyanı xatırladırdı, ondan axacaq su isə dünya okeanını özündə əks etdirirdi. 1906-cı ildə Qustav Vigelann fəvvarənin maketini hökumətə təqdim edir. Layihəni nəzərdən keçirən jüri onu çox bəyənir və bu fəvvarənin Norveç Parlamenti binasının qarşısında quraşdırılması nəzərdə tutulur, amma mətbuat işçiləri və bir sıra parlamentarilər buna qarşı çıxırlar. Parlament binası qarşısında çılpaq kişilərin əlində hansısa dini nağıllara əsaslanan piyaləni tutması çoxunun xoşuna gəlmir. Odur ki, layihə bir müddətə dondurulur. Gözləməkdən təngə gələn Qustav axırda Norveç hökumətinə bəyan edir ki, qonşu İsveç dövləti onun layihələşdirdiyi fəvvarəni çox bəyənib və onlar istəyir ki, onu İsveçdə quraşdırsınlar. Vigelannın bu sözlərinin həqiqiliyi məlum olmasa da, bu bəyanatdan sonra o, öz istəyinə nail olur. Norveç hökuməti ona inanır, çünki bir neçə il əvvəl Qustav Vigelann İsveç kralı II Oskarın büstünü düzəltmişdi və onun əl işi İsveçdə müsbət qarşılanmışdı.

1921-ci ildə hökumət qərar çıxarır ki, Qustav Vigelannın yaşadığı ev və emalatxanası sökülməlidir, çünki onun yerində şəhər kitabxanasının binası tikilməlidir. Vigelann bu qərarla heç cür razılaşa bilmir. O, şəhər ətrafına köçmək istəmirdi. Heykəltaraş bu məsələ ilə bağlı lazımi hökumət məmurlarına müraciət edir və nəticədə ona yaşayış yeri, iri emalatxana, bir neçə köməkçi və külli miqdarda maliyyə yardımı edilməsinə söz verirlər, amma bir şərtlə ki, o öləndən sonra bütün irsini hökumətə vəsiyyət edəcək. Vigelann istər-istəməz bununla razılaşır və hökumətlə müqavilə bağlayır.

1924-cü ildə Qustav Vigelann yeni evinə, Froqner parkının ərazisində yerləşən studiyasına köçür. Ömrünün sonuna kimi o burda yaşayır və çalışır. Parkın ərasizi 32 hektar idi. 20 ildən çox çalışdığı müddətdə o bu parkda yüzlərlə heykəl yarada bilmişdi. Bu heykəllərin heç biri bir-birinə bənzəmir. Onun titanik əməyi nəticəsində Froqner parkı (Vigelann park) dünyanın ən möhtəşəm parkına və unikal gəzinti yerinə çevrilir.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Qustav Vigelann 3 dəfə evli olmuşdu, amma bunlardan yalnız birinci həyat yoldaşı Laura Matilda Vigelannla (Lora Andersen) rəsmi olaraq nikah bağlamışdı. 7 il bir yerdə olduğu Lora ilə 1902-ci ildə ayrılırlar və elə həmin ildə də formal olaraq nikah bağlayırlar, çünki bu nikahdan onların 2 övladı var idi, qızı Elze Matilda (1899) və oğlu Alf (1901). Qustav Vigelann bir şərtlə Lora ilə nikaha girir ki, o heç vaxt ailəsi ilə görüşməyəcək, amma hər zaman onlara maliyyə yardımı edəcək və Vigelann ömrünün sonuna kimi öz sözünün üstündə durmuşdur.

17 yaşlı İnqa Syuvertsenə vurulan Qustav Vigelann 1902-ci ildə qeyri-qanuni olaraq onunla evlənir. İnqa ona həm ev işlərində, həm də emalatxanada yaxından kömək edirdi. 20 il bir yerdə yaşasalar da, onların uşaqları olmur.

1922-ci ildə Qustav Vigelann yeni eşqə düşür. Bu dəfə o, 18 yaşlı İnqerid Vilberqə vurulur və İnqanı atıb İnqeridlə yaşamağa başlayır. 1938-ci ildə onun İnqeriddən bir qızı olur. Uşağın 2 yaşı olanda, 1940-cı ildə onlar ayrılırlar. Bu zaman Qustavın 70, İnqeridin isə 38 yaşı var idi.

1943-cü ilin 12 mart tarixində Qustav Vigelann ürək tutmasından xəstəxanada vəfat edir.

Qustav vəfat etdikdən sonra o, qadınlarına və uşaqlarına heç nə vəsiyyət etmir. Vəsiyyətinə əsasən onun bədəni kremasiya olunaraq külü Vigelann parkdakı muzeyin saat qülləsində yerləşdirilir və indiyədək də orada qalmaqdadır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]