Quyuludağ qalası — Naxçıvan Muxtar Respublikası Babək rayonu ərazisində Tunc, Antik və Orta əsrlər dövrünə aid arxeoloji abidə.
Abidə Məzrə kəndindən şimalda, hər tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağın üzərində yerləşir. Qalanın əsas girişi şimal tərəfdən olmuşdur. O, qayalardan və sərt yamaclardan keçən dar cığırdan ibarətdir. Qalanın üst tərəfi əsasən qayalıq, yamaclar isə enişli olduğundan burada mədəni təbəqə olduqca az qalmışdır. Abidənin təbii cəhətdən zəif müdafiə olunan şimal-şərq tərəfi iri qaya parçalarından hörülmüş divarla möhkəmləndirilmişdir. Bu müdafiə divarı tamamilə uçub dağılmış, onun yalnız bəzi yerlərdə özülü salamat qalmışdır. Divar qalıqları aydın izlənilir və qalanın baş tərəfini kəmər şəklində əhatə edir. Kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində buradan Orta əsrlərə aid materiallar toplanmışdır. 1984-cü ildə abidə mədəni təbəqənin saxlanmasını müəyyən etmək məqsədilə 2 x 2 m ölçüdə kəşfiyyat qazıntısı aparılmışdır. Mədəni təbəqə kül qarışıq torpaq laylarından ibarət olub, 20-50 sm qalınlığında saxlanmışdı. Qazıntı zamanı çəhrayı və boz rəngli qab qırıqları əldə edilmişdi. Boz rəngli küpənin qırığı narın qum qarışığı olan gildən hazırlanaraq yaxşı bişirilmiş, xarici səthi yüngülcə cilalanmışdı. Onun ağzının kənarı xaricə qatlanaraq dəyirmiləş-dirilmişdir. Boğazı dar və konusvari idi. Çəhrayı rəngli keramika forma verməyən qırıqlardan ibarətdir. Onlar narın qum qarışığı olan gildən hazırlanaraq yaxşı bişirilmiş, xarici səthi cilalanmışdır.
Yerüstü materiallar çəhrayı və boz rəngli gil qablardan, o cümlədən şirli qablardan ibarətdir. Yerüstü materialları iki qrupa bölmək olar. Birinci qrupa daxil olan qabların qırıqları Antik dövrə aiddir. Onlar əsasən kasa və küpə tipli qabların qırıqlarından ibarətdir. Kasalar iki tipə ayrılır. Birinci tip kasaların gövdəsi silindrik-konusvari formada olub, ağzının kənarı düzdür. Hər iki üzdən qırmızı anqobla örtülmüş, xarici səthi cilalanmışdır. İkinci tip kasaların gövdəsi konusvari olub, ağzının kənarı xaricdən köbəlidir. Ağzının kənarı içəridən yastılanaraq qapaq qoymaq üçün əlverişli formaya salınmışdır. Kasa hər iki üzdən qırmızı boya ilə örtülmüşdür. Küpə tipli qabların yalnız gövdə hissəsinin qırıqları saxlanmışdır. Onlar narın qum qarışığı olan gildən hazırlanaraq yaxşı bişirilmiş, xaricdən qırmızı boya ilə örtülərək cilalanmışdır. Bəzi qab qırıqlarının üzərində lentşəkilli, ortada batıq qulpun qırığı qalmışdır.
Orta əsrlərə aid keramika əsasən çəhrayı rəngdə bişirilmişdir. Onları iki qrupa bölmək olar. Birinci qrupa sadə qabların qırıqları daxildir. Onlar yaxşı bişirilmiş, xaricdən sığallanmışdır. Küpələrin bir qrupu dar boğazlı olub, ağzının kənarı xaricə qatlanmışdır. Bəzisinin üzərində boğazı ilə gövdəsini birləşdirən lentşəkilli qulpun qırığı vardır.
Şirli keramika kasa tipli qabların ağız və oturacaq hissəsinin qırıqlarından ibarətdir. Onların ağzının kənarı düz, bəzisi isə içəriyə və xaricə doğru çıxıntılıdır. Qabların oturacağı diskşəkilli olub, içəriyə doğru batıqdır. Kasaların üzəri göy, yaşıl, ağ, mavi rənglərlə həndəsi və nəbati ornamentlə naxışlanmışdır. Qalanın şərq tərəfində qayada çapılmış kiçik meydançada iki quyu qazılmışdır. Quyuların biri yağış sularının axması nəticəsində dolmuşdur. İkinci quyunun bir hissəsi saxlanıb. O qayanın üzərində bir qədər meyilli qazılmış yarımdairəvi şaxtadan ibarətdir. Aşağı tərəfində enmək üçün pillələr düzəldilib. Quyu üç hissədən ibarətdir. Birinci və ikinci hissə bir qədər maili olub, pilləlidir. Üçüncü hissə isə şaquli istiqamətdə qazılmış 10 m dərinliyində quyudan ibarətdir. İçərisi torpaqla dolduğundan axıradək getmək mümkün olmur. Quyuların qazıldığı istiqamətdə, Quyuludağın aşağısında şirin sulu bulaq vardır. Ehtimal ki, quyular su üçün qazılır.
Qalanın cənub tərəfində aparılan tədqiqatlar zamanı Orta Tunc lövrünə aid boyalı və boz rəngli keramika nümunələri aşkar olunmuşdur. Aşkar olunmuş arxeoloji materiallar əsasında demək olar ki, Quyuludağ qalası e.ə. III minillikdə salınmış və orta əsrlərədək bu qaladan istifadə edilmişdir.[1]