Qvardiya ölür, lakin təslim olmur!

General Pyer Kambronn.1816-cı ilin miniatürası. Sifətinin sol tərəfində Vaterloo döyüşündə aldığı yaranın izləri bilinir.

"Qvardiya ölür, lakin təslim olmur!" (fr. La Garde meurt mais ne se rend pas!) — Birinci Fransa İmperiyası imperator qvardiyasının I piyada polkunun komandiri Pyer Kambrona aid edilən məşhur ifadə. Hesab olunur ki, o bu ifadəni 1815-ci il 18 iyun tarixində baş vermiş Vaterloo döyüşündə ingilislərin təslim olmaq təklifinə cavab olaraq söyləmişdir.

İfadənin tarixi[redaktə | mənbəni redaktə et]

1815-ci il 20 mart tarixində Napoleon Bonapart ona sadiq qalan tərəfdaşı Kambrona diviziya generalı rütbəsini vermək istəyəndə, o bu vəzifədən ciddi şəkildə imtina etmişdir. Onda 13 aprel tarixində imperator onu İmperator qvardiyasının I piyada polkunun komandiri vəzifəsinə yenidən qaytarır. Məhz bu polkla o tarixə düşmüşdür. Lakin bəzi mənbələr onu səhvən diviziya komandiri adlandırırlar. 1815-ci il 18 iyun gününün sonunda Blüxerin başçılığı altındakı Prussiya ordusunun döyüş meydanına gəlib çatması ilə fransızlar üçün döyüşün taleyi artıq həll olundu. Kambron hər tərəfdən düşmən qüvvələri ilə əhatə olunduqdan sonra o, düşmənin təslim olmaq təklifindən qəti imtina etmiş və öz polkunun II batalyonu üçün kare düzülüşünü əmr edir. İngilis toplarının və batalyon silahlarının atışları ilə fransız qoşunu demək olar tamamilə məhv edilir. Kambron özü isə başından güllə yarası alaraq huşsuz şəkildə əsir götürülür.

Əfsanəvi ifadəyə çevrilmiş bu sözlər ilk dəfə döyüşdən bir həftə sonra 1815-ci il 24 iyun tarixində Journal général de France qəzetində "La garde impérial meurt et ne se rend pas" ("İmperator qvardiyası ölür, lakin təslim olmur") şəklində çap olunmuşdur.

Kambron özü isə ani anda məşhurlaşan ifadəsi haqda əsirlikdə olarkən öyrənmişdi. O digər zabitlərlə ünsiyyət zamanı belə bir cavab verdiyini xatırlamadığını bildirmişdir. Onun sözlərinə görə yaxınlaşan ingilislər fransızca "Təslim olun, qrenaderlər, təslim olun!" ("Rendez-vous, grenadiers, rendez-vous!") qışqırırmışlar. Bu zaman o, onlara qvardiya haqda yox, "başqa bir şey" haqda cavab verdiyini bildirmişdir. Bununla yanaşı o, yaxınlaşan düşmənin çığırtısına cavab verdiyini, həmçinin könüllü şəkildə əsir düşməyə hazırlaşmadığını heç vaxt təkzib etməmişdir.

1848-ci ildə Kambronnun anadan olduğu Nant şəhərində ucaldılmış heykəli. Postamentində məşhur "Qvardiya ölür, lakin təslim olmur!" ifadəsi yazılmışdır.

1830-cu ildə Nantda təşkil olunmuş banketdə Kambron məşhur ifadə haqda suala belə cavab vermişdi: "Mən daha az möhtəşəm olan, lakin ola bilsin əsgərcəsinə daha enerjili bir şey demişdim."

Sonralar fransız jurnalistləri şəxsi araşdırmalar aparmış və bu ifadənin Journal général de France qəzetində eyniadlı məqalənin müəllifi olan Balizon de Rujmon tərəfindən uydurulduğu qərarına gəlmişdilər. Lakin o, bu məqaləyə başlıq haqda heç nə uydurmadığını bildirmişdir. Buna baxmayaraq, ifadə fransız ordusunun cəsarət göstəricisi kimi işlədilməyə başlanılmışdır.

Bu ifadənin yayılmasında Nikol Şarlenin populyar litoqrafiyaları, xüsusən də "Vaterloo qrenaderi" litoqrafiyası çox böyük rol oynamışdır. Kambronun şəxsi fikirləri artıq heç kimi maraqlandırmırdı və 1848-ci ildə ona qoyulmuş abidədə məşhur "Qvardiya ölür, lakin təslim olmur!" ("La garde meurt et ne se rend pas") yazılmışdır. Abidənin açılışından sonra general Klod-Etyen Mişelin oğulları məhkəməyə bildirmişdilər ki, bu sözlər onların atasına məxsusdur. Buna görə bir sıra şahidlərin olduğunu da bildirmişdilər. Onların atası Klod-Etyen Mişel "köhnə qvardiyanın" diviziyasına komandanlıq etmiş və Vaterloo döyüşündə həlak olmuşdur. Lakin 1848-ci ildə araşdırmaların aparılmasına yol verilməmişdir.

1862-ci ildə Viktor Hüqonun məşhur "Səfillər" romanı çap olunur. Bu romanında Hüqo Kambron və onun işlətdiyi ifadə haqda qısaca qeyd etmişdir. Romanın çap edilməsindən sonra I Napoleon dövrünə olan maraq daha da gücləndi. Həmin ildə general Mişelin oğulları yenidən bu ifadənin onların atalarına məxsusluğu haqda iddia qaldırırlar. Aparılan araşdırmalar zamanı Fransanın şimalında yerləşən Vik kəndində Antuan Delo adlı keçmiş Napoleon qvardiyaçısı tapılır. 1862-ci il 30 iyun tarixində Lill prefekti tərəfindən dəvət olunmuş marşal Patris de Mak-Maqon, general Messia və polkovnik Borel kimi şəxslərin şahid qismində iştirak etdiyi sorğu zamanı Delo döyüş günü Kambronun "Qvardiya ölür, lakin təslim olmur!" ifadəsini bir neçə dəfə işlətdiyini təsdiq etmişdir.

XX əsrdə Kambronnun sözləri barədə məsələ iki əsas səbəbdən yenə qaldırılmışdır. Birinci olaraq, general Mişelin davamçıları və xələfləri davamlı olaraq bu sözlərin onların babalarına məxsus olduğunu iddia edirlər. İkincisi isə Kambronnun qəhrəmanlığının və bütün situasiyanın şübhə altına qoyulmasıdır. Belə iddia olunur ki, Kambronn heç nə söyləməmiş, sadəcə ingilislərə təslim olmuşdur.