Rövzə

Rövzə — rəvayətlərə görə, heç biri öz əcəli ilə ölməmiş şiə imamlarının və ilk növbədə İmam Əlininİmam Hüseynin rəşadətli həyatı və möminliyi, onların əzab-əziyyətlə öldürülməsi haqqında təhkiyədir. Rövzəxanlıq (rövzənin camaat üçün avazla oxunması) XVI əsrdən, yəni şiə ilahiyyatçısı Hatifinin (Kaşifinin) "Rövzət əş-şühəda" ("Din yolunda şəhid olanların bağçası") əsəri ərsəyə çıxdıqdan sonra başlanmışdır. Əsərdə şiəliyin dini başçılarının həyatından bəhs edilir. Bayramlarda və müxtəlif dini mərasimlər yerinə yetiriləndə, o cümlədən ramazan ayında orucluq zamanı və aşura zamanı xüsusi din xadimləri — rövzəxanlar oxuyurlar. Aşura zamanı rövzə oxunması həmçinin təziyəxanlar adlandırılmışdır, çünki o, dini təziyəni müşayət edir. Təziyəxani XVIII əsrin ortalarından başlamışdır (təziyə zamanı müntəzəm surətdə rövzə oxunması nəzərdə tutulur). Müasir şəraitdə rövzə oxunması çox vaxt siyasi hadisələr haqqında fikirlər söylənən xütbələrlə müşayiət olunur.

  • İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.99.