Rüstəm Tərxan (tam adı : Rüstəm ibn Tərxan) — Qaraqoyunlu sərkərdəsi. Qızılbaşlar tarixi əsərinə görə Rüstəm Tərxan Qaraqoyunlu Sultan Cahanşahın yaxın adamlarından idi.[1]
Rüstəm ibn Tərxan | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Diyarbəkir civarı |
Atası | Tərxan |
Rüstəm Tərxan Qara Yusifin oğlu Əmir İsfahanın əmirlərindən olmuşdur. O, Qara İsgəndər dövründən başlayaraq Bağdatda müstəqil hakimiyyət sürürdü. 1446-cı ildə Əmir İsfahanın ölümündən sonra Rüstəm Tərxan da daxil olmaqla Qaraqoyunluların Bağdat əmirlərindən olan bir neçə əyan və Ağqoyunlulardan bir neçə əyanın məşvərəti ilə onun oğlu Məzidi hakimiyyətə gətirdilər.[2]
Bu dövrdə Sultan Cahanşah ordu toplayaraq Bağdada yürüş təşkil etdi. Qala uğrunda döyüşlərin getdiyi əsnada Ağqoyunlulardan Mahmud bəy və Ömər Şeyx Rüstəm Tərxan ilə razışlaşaraq qalanı Cahanşaha təslim etdilər.[2] Cahanşah Bağdadın "Ağca qapu"sundan şəhərə daxil oldu. O, oğlu Məhəmməd mirzəni şəhərə vali təyin etdi. Həmçinin Mosulun idarəsini qardaşı oğlu Əlvəndə, Rüstəm Tərxana, və digər əyanlara tapşıraraq yaylağa (qeyd) doğru hərəkət etdi.[3]
Lakin bir müddət sonra Əlvənd Cahanşaha müxaliflik etməyə başladı və Kürdüstanla Ərbili də ələ keçirdi. Cahanşah Rüstəm Tərxanı yanına çağıraraq onu Əlvəndin üzərinə göndərdi.[4] Rüstəm bəyin başçılğındakı ordu sürətli hərəkət edərək Əlvəndlə qarşılaşdı və onu məğlub etdi.[5] Əlvənd bəy Diyabəkirə hərəkət etdi və Ağqoyunlu Cahangir mirzəyə sığındı.[6] Cahanşah Əlvəndi Cahangir mirzədən istəsə də, o, bu təklifi rədd etdi. Bundan sonra Cahanşah Rüstəm Tərxanın başçılığı altında Cahangir mirzəyə qarşı qüvvə göndərdi. Həmçinin yürüş zamanı Cahangir mirzənin əmisi Şeyx Həsən bəy, Musa bəy, bəzi Ağqoyunlu əmirləri də Rüstəm Tərxana qoşuldular. Həsən bəy Rumlu Rüstəm Tərxanın başçılığındakı ordunun sayının 30 min nəfər olduğunu yazır. Qaraqoyunlu ordusu Kəmax və Divrigi yolu ilə Malatyaya gəldi. Bu xəbəri eşidən Caangir mirzə Amidə çəkildi. Bu əsnada Məhəmməd Bəktaş, Məhəmməd Qoca Hacı və pornak tayfasından Əli bəy də Şeyx Həsənə qoşulmaq üçün Rüstəm Tərxan qoşuldular. Lakin bir müddət sonra Rüstəm Tərxanın ətrafındakı Ağqoyunlu dəstələri geri döndülər. Belə ki, Rüstəm bəyin bölgədə olmasından xəbər tutan Ruha (qeyd) hakimi Üveys bəy qalanı tərk etdi. Bölgəyə hərəkət edən Rüstəm bəy Hümsdə bir dəstə müsəlmanı qarət ettdi və öldürdü.
Bundan sonra Mardinə hərəkət edən Rüstəm Tərxan, orada Ağqoyunlu qüvvələri ilə qarşılaşdı. Tərəflər arasında baş vermiş toqquşmada Rüstəm Tərxanın ordusundan Nurulla Cagirlü və Bədrəddin Ruhulla Ayinlü əsir düşdü. Rüstəm Tərxan isə geri çəkildi. Bundan sonra Cahangir mirzə Mardini ələ keçirməyə çalışsa buna müvəffəq ola bilmədi, belə ki, Rüstəm Tərxanın göndərdiyi qüvvələr tərəfindən məğlub edildi.