Bu məqaləni vikiləşdirmək lazımdır. |
Rəşid Rza oğlu Məmmədov (2 fevral 1936, Naxçıvan – 20 iyun 2006, Naxçıvan) — Azərbaycan bəstəkarı, Naxçıvan MSSR-in Əməkdar mədəniyyət işçisi (1973), Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi (09.10.1999), Azərbaycan Respublikasının Prezident mükafatçısı (2006).
Rəşid Məmmədov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan şəhəri, Naxçıvan MSSR, Azərbaycan SSR |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Naxçıvan şəhəri, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Təhsili | Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası |
Fəaliyyət illəri | 1957-2006 |
Mükafatları | Naxçıvan MSSR Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi, Azərbaycan Respublikası Prezidenti mükafatçısı |
Naxçıvan musiqi mədəniyyətinin inkişafında danılmaz xidmətləri olmuş pedaqoq, bəstəkar, dirijor, tarzən, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Rəşid Rza oğlu Məmmədov 1936-cı il, fevral ayının 2-də Naxçıvan şəhərində Sarvanlar məhəlləsində anadan olmuşdur.8 yaşında ikən atası Rza kişi vaxtsız vəfat edir, atasının qırxı çıxmamış anası Zərri xanım dünyasını dəyişir. Onun uşaqlıq dövrü amansız müharibə illərinə təsadüf edirdi. Ailələrində 5 uşaq idilər. 4 qardaş, 1 bacı. Ata-anaları dünyalarını dəyişdikdən sonra bibiləri Məşədi Bəni xanımın və Fatma xanımın himayəsində yaşadılar. Dolanışıqları çətin olduğundan, çarəsizlikdən bacılarını, körpə qızcığazı uşaq evinə qoymağa məcbur oldular. Bacıları Zeynəbi səhər uşaq evinə qoyub axşam götürürdülər. Bir gün uşaq evinə bacılarını götürmək üçün gedən qardaşlar uşaq evinin başqa bir bölgəyə, Ordubad rayonuna köçürülməsi xəbərini eşidirlər. Ertəsi gün bacılarını görmək ümidi ilə Ordubada yola düşürlər və təssüf ki, balaca Zeynəbi burada da tapa bilmirlər. Uşaq evi Ordubaddan da Azərbaycanın başqa bölgəsinə köçürülmüşdür. Rəşid Məməmdov və qardaşları bunu eşidərək ağlaya-ağlaya bacı həsrətilə evə qayıdırlar. Bu nisgil onları ömür boyu tərk etmir.
İllər ötür, həyat davam edirdi. Qonşuluqda yaşayan Naxçıvanda istedadlı musiqiçi kimi sevilən Səfər Rəcəblinin əfsanəvi tarının səsi hər dəfə balaca Rəşidi ayaq saxlamağa vadar edirdi. Bu maraq Rəşid Məmmədovu Naxçıvan şəhərindəki uşaq musiqi məktəbinin tar sinfinə gətirdi. Musiqi məktəbində oxuduğu dövrdə muğamın sirlərini xalq musiqisinin biliciləri, istedadlı tarzənlər Yusif Əliyev və Vahid Axundovdan öyrənir. 1953-cü ildə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi texnikumunun xalq çalğı alətləri şöbəsinin tar sinfinə daxil olmuşdur və Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) xalq çalğı alətləri şöbəsini (1967) bitirmişdir. Tar ixtisasından mükəmməl dərslərini Azərbaycanın məşhur tarzəni, pedaqoqu, Azərbaycan Respublikasının xalq artisti Əhməd Bakıxanov və Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi Ağabacı Rzayevadan almışdır. 1957-ci ildə məktəbi bitirib Naxçıvana qayıdaraq Muxtar Respublikada yeganə musiqi məktəbi olan 1 saylı Uşaq Musiqi Məktəbində tar ixtisası müəllimi kimi fəaliyyətə başlamışdır. Əhməd Bakıxanov və Ağabacı Rzayevadan aldığı bilik, bacarığı həvəslə və tələbkarcasına həyata keçirərək işə başlayır və tar ixtisası üzrə əsaslı irəliləyişlərə nail olmuşdur.1961–1976-cı illərdə Naxçıvan şəhər 1 №-li Uşaq Musiqi məktəbində direktor, 1976–1979-cu illərdə Naxçıvan Xalq Yaradıcıllıq evinin Direktoru, 1979–1982-ci illərdə Şahbuz rayon musiqi məktəbinin direktoru, 1982-ci ildə Naxçıvan Orta İxtisas Musiqi Texnikumunda direktor, 1995–2001-ci illərdə isə Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Bütün bu fəaliyyəti istər sovet, istərsə də müstəqillik dövründə yüksək qiymətləndirilmişdir. 1973-cü ildə Naxçıvan MSSR-in Əməkdar Mədəniyyət işçisi, 1999-cu ildə isə ümumilli liderimiz Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası əməkdar incəsənət xadimi fəxri adı verilmişdir. 2006-cı ildə isə Prezident Mükafatına layiq görülmüşdür. 2006-cı il, iyun ayının 20-də vəfat etmişdir.
Rəşid Məmmədovun Həyatı və fəaliyyəti ilə bağlı Naxçıvan Muxtar Respublikası Ensiklopediasının 2-ci cildində də məlumatlar verilmişdir.
Bəstəkar yetişdirdiyi tələbələrdən ibarət Naxçıvanda ilk dəfə olaraq xalq çalğı alətləri orkestri yaratmışdır. Bu orkestr qısa müddət ərzində zəngin repertuarla yenicə yaranmış Naxçıvan Dövlət Televiziyasında və dövlət tədbirlərində çıxış edərək yüksək hörmətə çatmışdır. Məhz bu fəaliyyətlər nəticəsində dəfələrlə Naxçıvan MSSR Ali Sovetinin fəxri fərmanları, yubiley medalları ilə təltif edilmişdir və 1973-cü ildə Naxçıvan MSSR-in əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür. 1961–1976-cı illərdə həmin məktəbdə direktor vəzifəsində işləmişdir. Bu məktəbdə göstərdiyi mükəmməl pedaqoji fəaliyyət nəticəsində tar ixtisası üzrə çoxlu sayda tələbələr yetişdirmişdir ki, sonradan bu tələbələrin hamısı istər Naxçıvanda, istərsə də Azərbaycan səviyyəsində çox tanınmış adlı-sanlı musiqiçilər oldular. Onlardan bir neçəsinin adlarını çəkmək olar. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Nazim Quliyev, Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi kollecinin direktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, Bakı Musiqi Akademiyasının professoru Afət Novruzov, virtuoz tarzən, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, prezident təqaüdçüsü Əkrəm Məmmədov, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Rəfayıl Kərimov, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Şəmsəddin Qasımov, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Kamal Əhmədov, Aydın Məmmədli, Tağı Tağıyev, Etiqad Seyidov, Fəxrəddin Bağırov, Ələkbər Ələkbərov, Rza Abbasov, Ramazan Axundov, Namiq Teymurov və başqalarının adlarını çəkmək olar. Bütün bu adlı-sanlı tanınmış musiqiçilər hamısı Rəşid Məmmədovun sinfində təhsil almışlar. 1 nömrəli uşaq musiqi məktəbində yetişdirdiyi bu tələbələr sayəsində kadr bazasının formalaşdığını görən Rəşid Məmmədov Naxçıvan Muxtar Respublikasının rayonlarında da musiqi məktəblərinin filiallarının açılmasını qarşısına məqsəd qoyur. Beləliklə, 1965-ci ildə Ordubadda, 1966-cı ildə Culfada, 1967-ci ildə Şahbuz rayonunda məktəbin filiallarının açılmasına nail olur. Şəxsən özü və yetişdirdiyi Bakıda təhsil alıb Naxçıvana qayıdan tələbələri ilə birlikdə həmin rayonlarda pedaqoji fəaliyyətini davam etdirərək rayonlarda da istedadlı musiqiçilər yetişdirməyə başlayır. Bu işlər ardıcıl olaraq davam etdirilirdi. Beləliklə, Naxçıvanda ixtisaslı kadrların sayı durmadan artırdı və Naxçıvanda Musiqi Texnikumunun yaranması fikri ilə işlərini davam etdirirdi. Məktəbdə yaratdığı xalq çalğı alətləri orkestri keçirilən bütün dövlət tədbirlərində uğurla çıxışlar edirdi. 1974-cü ildə Naxçıvan MSSR-in yaranmasının 50 illiyi münasibətilə keçirilən tədbirdə ümumilli liderimiz Heydər Əliyev (o zaman Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi) başda olmaqla Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, o cümlədən maestro Niyazi də iştirak edirdi. Rəşid Məmmədovun dəvəti ilə maestro Niyazi səhnəyə qalxır və məktəbin xalq şalğı alətləri orkestrinin ifasında dahi Üzeyir Hacıbəyovun "Koroğlu" operasından üvertüraya dirijorluq edir. Orkestrin bu uğurlu, mükəmməl çıxışı maestro Niyazini təəccübləndirir. Şagirdlərin ifasında yüksək səviyyədə olan ifanı görən maestro Niyazi orkestrin bədii rəhbəri və dirijoru Rəşid Məmmədovdan arzu və istəklərini soruşduqda o, çoxdankı arzusunu, yəni, Naxçıvanda musiqi texnikumunun yaranması xahişini edir. Bu xahiş məmnuniyyətlə qəbul olunur və ümumilli liderimiz Heydər Əliyevin (o zaman Azərbaycan Respublikası Mərkəzi Komitəsinin birinci katibi) tapşırığı ilə 1975-ci ildə Naxçıvanda Musiqi Texnikumu açılır. 1976–1979-cu illərdə Rəşid Məmmədov Naxçıvan Xalq Yaradıcılıq Evinin direktoru işlədiyi dövrlərdə qədim musiqi alətləri tulum və ya tütək çalanlardan ibarət ansambl yaratmış və bu kollektivlər 1977-ci ildə Moskvada keçirilən "Etnoqrafik rəqslər" festivalında yüksək mükafata layiq görülmüşdür. 1979–1982-ci illərdə Şahbuz rayon musiqi məktəbinin direktoru işləyib. Şahbuzda ilk dəfə olaraq Rəşid Məmmədov Şirzad Fətullayevin iştirakı ilə nəfəsli alətlər orkestri yaradır. Şahbuz zəhmətkeşləri bu orkestrin canlı ifasının sədaları altında 1 may və 7 noyabr tədbirlərində təntənəli surətdə paraddan keçirdilər.
Rəşid Məmmədovun bəstəkarlıq yaradıcılığını çoxlu şux və lirik, ürəyəyatan mahnılar təşkil edir. O, bir çox şairlərin sözlərinə mahnılar bəstələmişdir. Onlardan Həmid Arzulu, Əliyar Yusifli, Hüseyn Razi və başqalarının adlarını çəkmək olar. Bu mahnılardan ümumilli liderimizə həsr olunan "Sənsən xilaskar", "Sən əbədiliksən", doğma yurdumuza həsr olunan "Doğma Naxçıvan", müxtəlif mövzularda yazdığı "Baxma, oğlan", "Küsmə, ay qız", "Daşlara yazdım", "Qurban gedər eşqimiz", "Ana laylası", "Xoşbəxt ol, ay qız", "Nişanlı qızlar", "Şirin varisim" və başqalarını göstərmək olar.
Rəşid Məmmədov Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə də sıx əlaqədə idi. Belə ki, bir çox tamaşalara da musiqilər bəstələmişdir. Onlardan "Nəsrəddin şah", "Səyavuş", "Zirehli qatar", "Odlu diyar", "İtilənən xəncərlər", "Alınmaz qala" və sairələri göstərmək olar.
Bəstəkarın həyatı və yaradıcıllığına dair aşağıdakı kitablarda da məlumatlar verilmişdir.