Rəfael Süleymanov (25 yanvar 1940, Qaşqaçay, Qax rayonu – 24 fevral 2014, Bakı) — BDU Slavyan ölkələri tarixi kafedrasının professoru, BDU Tarix fakültəsi dekanının elmi işlər üzrə müavini, tarix elmləri doktoru.
Rəfael Süleymanov | |
---|---|
Doğum tarixi | 25 yanvar 1940 |
Doğum yeri | |
Vəfat tarixi | 24 fevral 2014 (74 yaşında) |
Vəfat yeri | |
Təhsili |
1940-cı il yanvarın 25-də Qax rayonunun Qaşqaçay kəndində anadan olmuşdur.
1949-1955-ci illərdə Qax və Zaqatala şəhər uşaq evlərində tərbiyə almışdır. 1955-1957-ci illərdə Bakı şəhəri 14 saylı sənət məktəbində oxumuşdur.
1957-1961-ci illərdə Azərnefttikinti idarəsində çalışmışdır.
1961-ci ildə Bakı şəhəri 33 saylı orta məktəbi bitirdikdən sonra 1961-1964-cü illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
1964-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olmuş və 1968-ci ildə oranı «Tarixçi. Tarix və ictimaiyyət müəllimi» ixtisası ilə bitirmişdir. Yüksək təhsil göstəriciləri nəzərə alınaraq universitetdə saxlanılmışdır. 1973-1975-ci illərdə dissertanturada, 1986-1988-ci illərdə doktoranturada oxumuşdur.
1975-ci ilin mayında Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin Müdafiə Şurasında «XIX əsrin birinci yarısında Azərbaycanın Mərkəzi Rusiya quberniyaları ilə ticarət əlaqələri» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1990-cı ilin dekabrında Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun Müdafiə Şurasında «Azərbaycanda orta ixtisas təhsilli mütəxəssislərin hazırlanması 1920-1985-ci illər» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1969-1972-ci illərdə ADU tarix fakültəsinin SSRİ tarixi kafedrasında laborant və baş laborant vəzifələrində çalışmışdır.
1972-ci ilin fevralında həmin kafedrada əvvəl müəllim, sonra isə baş müəllim vəzifəsinə keçirilmişdir. 1973-1977-ci illərdə tarix fakültəsinin dekan müavini vəzifəsində işləmişdir. 1984-cü ildə SSRİ tarixi kafedrasında dosent vəzifəsini tutmuşdur.
1993-cü ildə Şərqi Avropa xalqları tarixi (hazırda Slavyan ölkələri tarixi kafedrası adlanır) kafedrasında professor vəzifəsini tutmuşdur.
2001-ci ilin yanvarından hal-hazıradək qədər eyni zamanda tarix fakültəsi dekanının elmi işlər üzrə müavinidir.
Çalışdığı kafedrada bakalavr pilləsində «Slavyan ölkələrinin müasir tarixi» və magistratura pilləsində «SSRİ və onun xarici siyasəti» mövzusunda mühazirə və məşğələ dərslərini aparır. 2 monoqrafiyanın (həmmüəllif), 2 dərsliyin (həmmüəllif), 2 metodik vəsaitin və 45-dən artıq elmi məqalənin müəllifidir.
SSRİ Ali və Orta İxtisas təhsili Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir.
Cənub və Qərb slavyan ölkələrinin müasir tarixi, Azərbaycanın Mərkəzi Rusiya quberniyaları ilə ticarət əlaqələrinin tarixi, Azərbaycanda ali və orta ixtisas təhsilli mütəxəssislərin hazırlanması problemləri.
Bakı, Aşqabad və Sankt-Peterburqda keçirilən konfranslarda iştirak etmişdir.