Rəfiqə Mustafayeva

Rəfiqə Şahgül qızı Mustafayeva — professor, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji elmlər üzrə Qafqazda ilk, Şərqdə ikinci qadın elmlər doktoru, Respublikanın Əməkdar müəllimi, “Xan qızı Natəvan” diplomu və “Akademik Mehdi Mehdizadə mükafatı” laureatı.

Rəfiqə Mustafayeva
Rəfiqə Şahgül qızı Mustafayeva
Doğum tarixi
Doğum yeri Balaxanı, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi pedaqogika
Elmi dərəcəsi pedaqoji elmlər doktoru
Elmi adı professor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 1991

R. Ş. Mustafayeva 1936-ci il iyunun 21-də Bakı şəhərinin Balaxanı qəsəbəsində anadan olmuşdur.

Qəsəbədəki 204 nömrəli məktəbdə orta, 1954—1959-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində ali təhsil almışdır.

1960—1976-cı illərdə Bakının 100, 182, 240 nömrəli məktəblərində əvvəlcə ibtidai sinif, sonra isə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində onun 18 şagirdi məktəbi qızıl, 1 nəfəri isə gümüş medalla bitirmiş, 54 şagirdi ədəbiyyat müəllimi kimi ali təhsil almış, hazırda Binəqədi və respublikanın digər rayonlarında müəllimlərinin yolunu davam etdirirlər.

R.Ş. Mustafayeva 1970—1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasının əyani şöbəsində oxumuşdur. Elmi işini vaxtından əvvəl tamamlamış, 1974-cü ilin 14 mayında müvəffəqiyyətlə müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.

1979-cu ilədək aspiranturada oxuduğu institutda əvvəlcə kiçik elmi işçi, sonra isə baş elmi işçi kimi fəaliyyət göstərmişdir.

1979-cu ildə müsabiqə yolu ilə Mərkəzi Müəllimlər İnstitutuna qəbul edilmişdir. 1985-ci ilin fevralınadək burada kiçik elmi işçi, baş müəllim, dosent kimi fəaliyyət göstərmişdir. 1985-ci ilin fevralında institutdakı “Pedaqogika” kafedrasının müdiri seçilmiş, 2006-cı ilin noyabr ayınına qədər həmin kafedraya rəhbərlik etmişdir.

R. Ş. Mustafayeva 1987-ci il dekabr ayının 8-də Tbilisidə doktorluq dissertasiyası müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almış, 1990-cı ilin 27 sentyabrında ona professor elmi adı verilmişdir. O, respublikada ilk, Şərqdə ikinci pedaqoji elmlər doktoru, professor qadındır.

2002-ci ilin 4 yanvarında Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü – akademik seçilmişdir. 2000 və 2003-cü illərdə Azərbaycan Müəllimləri Qurultaylarına nümayəndə seçilmişdir.

Rəfiqə Şahgül qızı Mustafayevanın rəhbərliyi ilə 14 nəfər müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.

O, 5 nəfərin doktorluq, 13 nəfərin isə namizədlik dissertasiyasının rəsmi opponenti olmuşdur.

R.Ş. Mustafayeva 45 elmi əsərin redaktorudur. Onun 24 kitabı, 220-yədək jurnal və qəzet məqaləsi çap olunmuşdur.

20 avqust 2019-cu il tarixində Bakı şəhəri Balaxanı kənd qəbristanlığında dəfn edilmişdir.

Rəfiqə Mustafayevanın 2 övladı var.

  • "Orta məktəbdə ədəbiyyat tədrisi", I və II hissələr, Bakı, Maarif, 1975,
  • "IX sinif üçün Ədəbiyyat müntəxəbatı”, Bakı, Maarif, 1985,
  • "Yeni vətəndaş tərbiyəsində proqram, dərslik və müəllimin rolu", Bakı, 1992,
  • "Əliheydər Şirin oğlu Həşimov (biblioqrafik göstərici),", Bakı, 1994,
  • "Təlim prosesində milli xüsusiyyətlərin nəzərə alınması", Bakı, 1994,
  • "Pedaqogika.Ümumi pedaqogika üzrə mühazirə xülasələri", Bakı, 2002,
  • "80 yaşın işığında: pedaqoji elmlər doktoru, professor Əliheydər Şirin oğlu Həşimovu xatırlayarkən", Bakı, 2004,
  • "Ömürlərə nur paylayanlar", Bakı, 2006,
  • "Günəş evi-tərbiyə məktəbi", Bakı, 2007,
  • "Mir Cəlalın hekayələrində tərbiyə məsələləri", Bakı, 2008,
  • "Son 20 ildə çap olunanlardan nümunələr", Bakı, 2011,
  • "Gənclər siyasəti XXI əsrdə: Ali məktəb tələbələrinin tərbiyəsinin bəzi məsələləri".
  • 1970 — "Fədakar Əməyə görə" medalı
  • 1971 — Qırmızı Əmək Bayrağı ordeni
  • 1988 — "Əmək veteranı" medalı
  • 1995 — “Xan qızı Natəvan” diplomu
  • 1995 — “Akademik Mehdi Mehdizadə mükafatı” laureatı
  • 1996 — TC Samsun Milli Egitim Bakanlığı tərəfindən fərqləndirilmişdir
  • "Ə.Y.Seyidov, M.M.Mehdizadə və M.Ə.Muradxanov məktəbinin davamçıları". Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: Ünsiyyət, 2000. — səh. 436,
  • “Azərbaycan qadını ensiklopediyası”, Azərbaycan Milli Ensiklopediyası, Bakı, 2002, s.304,
  • “Azərbaycan qadınları” (II) — ensiklopedik toplu, Bakı, 2002, s.180,
  • “Azərbaycanın tanınmış xanımları” Bakı, 2002, s.196,
  • A.Eminov, “20 əsrin 20 böyük azərbaycanlı pedaqoqu”, Bakı, 2002, s.77—81,
  • “Akademik Rəfiqə Mustafayeva.Gəncliyə həsr olunmuş ömür”(biblioqrafik göstərici), Bakı, 2006,
  • S.Ə.Mustafayeva, J.Ə.Mustafayeva “Azərbaycan pedaqogikasının sərv ağacı”(müasirləri R.Ş.Mustafayeva haqqında),Bakı 2006,
  • "Olduğu kimi görünən insan". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010. — səh. 187,
  • "Şah xanım Şahgül qızı demişəm". Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012. — səh. 98.