Rəvayətçi — ədəbiyyat mətnləri, kino, teatr, teleserial və s. kimi sahələrdə sözügedən hadisələri təsvir edən xəyali bir varlıqdır.[1] Rəvayətçilərin hadisələrin gedişatında müxtəlif funksiyaları vardır: ya onlar hadisələri şərh edirlər, ya oxucuları (izləyiciləri) hadisələr ilə tanış edirlər, ya da hadisələrin gedişatına şahidlik edirlər.[2]
Ədəbiyyat növləri (roman, hekayə və s.) əsasən bir rəvayətçi tərəfindən nəql edilir.[3] Rəvayətçilərin insan olmadıqları ədəbiyyat əsərləri nümunələri də vardır. Məsələn, məşhur ABŞ yazıçısı olan Mark Tvenin“Mikroblarla üç min il” əsərində rəvayətçi insan yox, vəba mikrobudur.[4][5] Bəzi ədəbi əsərlərdə isə rəvayətçi bir deyil, birdən çoxdur. Məsələn, Orxan Pamukun yazmış olduğu “Mənim adım qırmızı” romanında müxtəlif rəvayətçilər vardır.
Ət-Tayyib Əs-Salihin yazmış olduğu “Mövsümül-Hicrə iləş-Şimal” romanındakı rəvayətçi isə adı əsər boyu açıqlanmayan bir personajdır. Bununla belə, bu adı məlum olmayan rəvayətçinin müəllifin digər kitablarında rast gəlinən Mühəymid adlı personajla eyni olduğu fikri irəli sürülmüşdür.[6]