Radikal polimerləşmə

Radikal polimerləşmə — makromolekulun uzanmasının aktiv mərkəzləri rolunu sərbəst radikallar oynayan zəncirvari polimerləşmə prosesidir.

Radikal polimerləşmənin monomerləri

[redaktə | mənbəni redaktə et]

Radikal polimerləşmə proseslərində monomer olaraq əsasən CH2=CH-X və CH2=CX2 (X = H, Hal, COOH, COOR, OCOR, CN, CONH2, C6H5, C6H4Y), CH2=CXY (X = Alk, Y = COOH, COOR, CN); CH2-CX=CH-CH2 və CH2-CH=CH-CHX (X = H, Alk, Hal, polyar qrup) birləşmələr istifadə oluna bilər.

Radikal polimerləşmənin elementar mərhələləri

[redaktə | mənbəni redaktə et]

Radikal polimerləşmə prosesi aşağıdakı mərhələlərdən ibarətdir:

1. Həyəcanlanma və ya aktiv mərkəzlərin əmələ gəlməsi - ilkin sərbəst radikallar ya müxtəlif maddə molekullarının parçalanması ya da monomer molekulundakı — rabitənin homolitik qırılması yolu ilə alınır. Radikalların əmələ gəlməsinin müxtəlifliyinə görə radikal polimerləşmə 4 qrupa bölünür: termiki, fotokimyəvi, radiasiya və inisiatorların iştirakı ilə;

2. Zəncirin uzanması - inisiatorun parçalanmasından alınan sərbəst radikalların monomer molekullarını özünə birləşdirilməsilə baş verir;

3. Zəncirin uzanmasının dayanması və ya qırılması — böyüyən makroradikallarda olan qoşalaşmamış elektronun kimyəvi rabitəyə daxil olması ilə həmin radikalların zənciri uzatmaq qabiliyyətinin itməsi zəncirin uzanmasının qırılması adlanır;

4. Ötürülmə — uzanan radikalların mühitdə iştirak edən neytral maddə molekulları ilə qarşılıqlı təsirdə öz aktivliyini və neytral molekuldan yeni radikalın əmələ gəlməsidir.

Reaksiya şəraitində parçalanaraq radikallar əmələ gətirən maddələr inisiatorlar deyilir.

İnisiatorlar iştirakı ilə polimerləşmədə aktiv mərkəzlər və ya sərbəst radikallar reaksiyaya ya hazır şəkildə verilir, ya da polimerləşmə şəraitində asanlıqla parçalanaraq sərbəst radikallar əmələ gətirən maddələrin mühitə daxil edilməsi ilə baş verir. Radikal polimerləşmə reaksiyalarında inisiator kimi üzvi peroksidlər və hidroperoksidlər, azo və diazobirləşmələr, karbon turşularının dinitrilləri, persulfatlar və s. istifadə olunur. Praktikada daha çox inisiator olaraq benzoil peroksid, üçlü-butilperoksid, üçlü-butilhidroperoksid, diazoaminobenzol, azobisizoyağ turşusunun dinitrili istifadə olunur.

  • Əkbərov O. H. Yüksəkmolekullu birləşmələr kimyası. 2007.
  • Гришин Д. Ф., Гришин И. Д. Современные методы контролируемой радикальной полимеризации для получения новых материалов с заданными своствами.2010 (Электронное учебное пособие)