Radioteleskop

4 m-lik Radioteleskop, Parkes Rəsədxanası

RadioteleskopKainat obyektinin radiodiapazonda şüalanmasını müşahidə etmək üçün tətbiq olunan cihaz.

Radioteleskopun əsas elementləri onun antenası və gücləndiriciyə malik həssas radioqəbuledicisidir. Radioşüalanma antena üzərinə düşərək əks olunub şüalandırıcıda toplanır ondan kabel vasitasilə siqnallar qəbulediciyə ötürülür, gücləndirildikdən sonra özü yazan cihazda — potensiometrdə qeydə alınır.

Antenaların konstruksiyaları çox müxtəlifdir. Millimetrlik və Santimetrlik dalğaları qəbul etmək üçün antena diametri bir neçə on metr olan parobolik bütöv metal güzgüdən ibarət olur. Desimetrlik və metrlik diapazonlarda işləyən radioteleskopun antenası paraboloidə yaxın formalı metal şəbəkədən ibarət olur; belə antena bütöv metal antenaya nisbətən çox ağır olmadığından çox böyük ölçüdə düzəltmək nisbətən asan olur. Bu cür böyük teleskop, adətən, ekvatorial qurğuda quraşdırılır. Radioteleskopda nisbətən ensiz tezlik intervalında radioşüaları qeyd etmək olur. Geniş dalğa uzunluqları diapazonunda kosmik radioşüalanmaların müşahidələrini aparmaq üçün belə teleskopun antenası çox sayda müstəvi metal güzgülərdən düzəldilir. Bu güzgülər ardıcıl olaraq yan-yana elə qurulur ki, alınan bütöv səthin forması paraboloidin seqmentinə oxşamaqla qapalı halqa şəklində olsun. Belə radioteleskoplar tərpənməz, yəni stasionar olur, şüalandırıcılarını isə kiçik intervalda sürüşdürmək olur.

Obyekt zenitə yaxın olanda şüalanma halqanın tam səthinə düşür, üfüqə yaxınlaşdıqca halqa səthinin daha kiçik hissəsi şüalanmanı qəbul edə bilir. Bir neçə metrlik dalğalarda işləyən radioteleskopun antenası müəyyən qaydada düzülən bir neçə antena-dipoldan ibarət olur. Antenanın ən böyük həssaslığı onun elektrik oxu istiqamətindədir. Odur ki, mənbə bu istiqamətdə olanda ondan qəbul olunan şüalanmanın gücü də ən böyük (Pmax)olur. Beləliklə, radioteleskopun həssaslığı nöqtəvi mənbəyin antenaya nisbətən vəziyyətindən asılıdır. Bu prinsip əsasən hər bir antena istiqamətlənmə diaqramı, yaxud istiqamətlənmə bucağı adlanan və radioteleskopun ayırdetməsini təyin edən parametrlə səciyyələnir. Parabolik antenanın elektrik oxu onun optik oxuna yaxındır. Obyekt antenanın elektrik oxundan uzaqlaşdıqca qəbul olunan şüalanmanın gücü azalır. Bu səbəbdən elektrik oxundan müəyyən ø bucağı qədər bucaq məsafəsində qəbul olunan şüalanmanın gücü Pmax/2 olur. Parabolik antena üçün Pmax/2-yə uyğun bucaq ø=θ/2 -dir. Şüalanma gücünün maksimumunun yarısına bərabar qiymətinə uyğun istiqamətləndirmə bucağı təqribən antenanın bucaq ayırdetməsinə bərabərdir. Antenanın ayırdetməsinin məhdud olması optik teleskoplarda olduğu kimi difraksiya ilə əlaqədardır. Ölçmələr göstərir ki, ən böyük radioteleskoplardan biri olan RATAN-600-də (D=б00 m), hətta çox qısa radiodalğalarda (məsələn, λ=8mm-də) müşahidə aparılıqda belə, teleskopun ayırdetməsi 0 = 3" olur, yəni aralarındakı bucaq məsafəsi 3"-dən kiçik olan nöqtəvi obyektlər bu nəhəng teleskopda ayrılıqda müşahidə olunmur. Halbuki, orta güclü optik teleskopda effektiv dalğa uzunluğunda ayırdetmə 0",07-dir (fərq 40 dəfədir).[1]

Radiointerferometrlər

[redaktə | mənbəni redaktə et]

Radiomüşahidələrdə ayırdetməni artırmaq problemi radiointerferometr adlanan radioteleskopların yaradılması ilə həll olundu. Radiointerferometrin iş prinsipi elektromaqnit şüalanmasının interferensiyasına əsaslanır.

  1. R. Ə. Hüseynov. Ümumi astrofizika. Dərslik, Bakı: <<Bakı Univeгsiteti>> nəşriyyatı, 2010, З68 səh.