Rauf Xasayev

Xasayev Rauf Murtuzəli oğlu - texnika elmləri doktoru, professor

Rauf Xasayev
Xasayev Rauf Murtuzəli oğlu
Doğum tarixi
Doğum yeri Qazax, Azərbaycan
Vəfat tarixi
Elmi dərəcəsi texnika elmləri doktoru
Mükafatları Azərbaycanın əməkdar ixtiraçısı, Azərbaycan SSR neft sənayesi əlaçısı

Həyatı[redaktə | mənbəni redaktə et]

Xasayev Rauf Murtuzəli oğlu Azərbaycanın Qazax rayonunun Qıraq Kəsəmənli kəndində anadan olmuşdur. 1957-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mexanika fakültəsini fərqlənmə ilə bitirdikdən sonra, "Azərdənizneftkəşfiyyatı" trestində qazıma briqadasında fəhlə, qazmaçı köməkçisi və qazıma işləri idarəsində baş mühəndis işləmişdir. 1958-1960-cı illərdə Azərbaycan BK LKSM-də təlimatçı və şöbə müdiri olmuşdur. 1960-1967-ci illərdə Neft Sənayesi Nazirliyi "Xəzərdənizneftkəşfiyyat" qazıma işləri idarəsində istehsalat-texniki idarəsinin rəisi olmuşdur. 1964-1965-ci illərdə Ümumittifaq təhlükəsizlik texnikası elmi-tədqiqat institutunun aspirantı olub. 1965-cı ildə "Yuyucu qazıma məhlullarının hərəkəti zamanı hidravlik itkilərin tədqiqi və quyuların salınması prosesində bəzi mürəkkəbləşmələrin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1967-1969-cu illərdə AzPİ-nun "Nəzəri mexanika" kafedrasında baş müəllim, AzNKİ-nun "Neft və qaz yataqlarının işlənilməsi" kafedrasında dosent kimi çalışıb. 1969-1989-cu illərdə Ümumittifaq təhlükəsizlik texnikası elmi-tədqiqat institutunda laboratoriya rəhbəri, 1989-cu ildə isə elmi işlər üzrə direktor müavini işləyibdir. 1986-cı ildə "İstilikqazohidrodinamika, yuyucu məhlullar problemlərinin tədqiqi və quyuların salınması prosesindəki mürəkkəbləşmələrlə mübarizə üsullarının işlənilməsi üçün ölçülərin işlənilməsində tətbiq edilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1991-1996-cı illərdə "Əməyin və ətraf mühitin mühafizəsi", "Sənaye ekologiyası və həyat fəaliyyətinin təhlükəsizliyi" kafedralarının rəhbəri, 1996-1999-cu illərdə isə AzPİ-nun kafedrasında professor olmuşdur.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Xasayev R.M. neft-qaz quyularının qazılması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində tanınmış alimdir.

Elmi tədqiqatların sahəsi: quyuların qazılması ilə əlaqədar səmərəli tədbirlərin işlənilməsi; avadanlığın istilik hesabatları və dağıtmayan sınaq üsulları ilə əlaqədar məsələlər; yüksək hidrogen sulfid tərkibli yataqlarda neft və qaz yataqlarının qazılması zamanı ətraf mühirin mühafizəsini və təhlükəsizliyini təmin edən nəzəri, təcrübi və sənaye-təcrübi işlər.

Xasayev R.M. 300-dən artıq elmi məqalənin, 9 monoqrafiyanın və əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri üzrə kitabçaların müəllifidir. İxtiralara görə 30 müəlliflik şəhadətnaməsi almışdır. 5 elmlər namizədi hazırlamışdı.

Xasayev R.M. "Azərbaycanın əməkdar ixtiraçısı" adına layiq görülmüş və "Azərbaycan SSR neft sənayesi əlaçısı" nişanı ilə, həmçinin SSRİ Neft sənayesi nazirliyinin Fəxri fərmanı və bir çox medallarla təltif olunub.