Respublika Gözdən Əlillər Kitabxanası

Respublika Gözdən Əlillər Kitabxanası — 1981-ci ildə fəaliyyətə başlamışdır. Kitabxana gözdən əlillər üçün informasiya müəssisəsidir. Kitabxananın əsas fəaliyyət istiqaməti respublikada olan gözdən əlilləri Brayl yazı sistemi ilə çap olunmuş ədəbiyyatla və "danışan kitablar"la (audiokassetlər, CD-lər) təmin edilməsidir.

Respublika Gözdən Əlillər Kitabxanası
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Tipi Gözdən Əlillər Kitabxanası
Yaradılıb 1 iyun 1981
Ünvan Bakı şəhəri, Nərimanov rayonu, Sülh döngəsi, 2
Telefon Tel: (+994 12) 564 82 08, 564 83 62
Fax: (+994 12) 564 83 62
Sayt GERK.az

Gözdən əlillərə kitabxana-informasiya xidmətini daha da yaxşılaşdırmaq məqsədi ilə o zamankı Azərbaycan Korlar Cəmiyyətinin Bakı şəhərindəki obyektlərində yerləşən kitabxana və fonotekaların mərkəzləşdirilməsi zərurəti yarandı.Bu cür kitabxanalar keçmiş müttəfiq respublikalarında da var idi. Buna görə də Azərbaycan Respublikası Korlar Cəmiyyəti Mərkəzi İdarəsi Rəyasət Heyətinin 23 may 1980-ci il tarixli il, 11 nömrəli qərarına əsasən Respublika Mərkəzi kitabxanasının yaradılması sərəncamı verildi. 01 iyun 1981-ci ildə kiabxana fəaliyyətə başladı. Lakin sonralar Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin büdcəsində maliyyə çətinliyi yarandığı üçün kitabxanada çalışan işçilərə əmək haqqı verilməsi və yeni "danışan kitablar"ın alınması mümkün olmadı.Buna görədə AzKC Respublika Mərkəzi kitabxanası 01 yanvar 1994-cü il tarixdən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verildi.

Bütün yaş kateqoriyalarını əhatə edən kitabxanada kitabxanaçıların əsas vəzifəsi oxuculara fərdi yanaşma tərzidir. Burada oxucunun görmə səviyyəsi, obyektə adaptasiya dərəcəsi, digər xüsusi amillər nəzərə alınır. Tənha yaşayan, sərbəst hərəkət edə bilməyən oxuculara evdə səyyar kitabxana xidməti göstərilir. Həmçinin, oxucuların sonradan qazanılan əlilliyi olduğu halda onlara kiril və latın qrafikalı Brayl əlifbası öyrədilir, "Caus" ekran oxuma proqramı ilə təchiz olunmuş kompüterlərdən istifadə vərdişləri aşılanır. Kitabxananın min iki yüz oxucusu vardır. Son 5 il ərzində kitabxananın 25 oxucusu ali və orta ixtisas məktəblərinə qəbul olunmuşdur.

Kitabxana fondunun xüsusi nəşirlərlə komplektləşdirilməsi işində nəzərə çarpacaq irəliləyiş edilərək fondun ümumi həcmi iyirmi iki min nüsxəyə çatdırılmışdır. Kitabxanaya Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə nəşr olunmuş 4 min 976 kitab hədiyyə edilmişdir.

İstifadə olunub istismar müddətini bitirmiş disklər kitabxananın səs yazma studiyasında orjinal nüsxədən yeni nüsxələrə köçürülərək yenidən istifadə üçün fonda daxil edilir. Respublika Gözdən Əlillər Kitabxanası müasir avadanlıqlarla təchiz edilmişdir. Bunun sayəsində "danışan kitablar"ın artırılmış nüsxələri regionlarda fəaliyyət göstərən mərkəzi kitabxana sistemlərinə və ya Gözdən Əlillər Cəmiyyətinin yerli şöbələrinə təmənnasız hədiyyə edilir.

Kitabxana öz işini Respublika Gözdən Əlillər Cəmiyyəti ilə sıx əlaqədə qurur. Mütəmadi keçirilən tədbirlərdə əlil oxucularla sorğu keçirilir, sifariş veriləcək ədəbiyyatın seçimində hər bir oxucunun istəyi nəzərə alınır.

Kitabxananın binası

[redaktə | mənbəni redaktə et]

Kitabxana 01 iyun 1981-ci ildən bu günə kimi Bakı şəhəri, 2-ci Sülh döngəsi, ev 2 ünvanında dördmərtəbəli binanın zirzəmisində 262  m² sahədə yertləşmişdir.

Kitabxananın strukturu

[redaktə | mənbəni redaktə et]

Şöbələr:

  1. Abonement şöbəsi
  2. Oxu zalı
  3. Səsyazma studiyası
  4. Fonoteka
  5. Brayl kitabları şöbəsi
  6. Ənənəvi kitablar şöbəsi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]