Rizvan Abdullayev (Yaqub oğlu)

Rizvan Abdullayev (Abdullayev Rizvan Yaqub oğlu) — Tibb elmləri doktoru, professor. Xarkov Diplomdansonrakı Təhsil Tibb Akademiyasının ultrasəs diaqnostikası kafedrasının müdiri.

Rizvan Abdullayev
Abdullayev Rizvan Yaqub oğlu
Doğum tarixi (64 yaş)
Doğum yeri Sundu, Qobustan rayonu
Elmi dərəcəsi Tibb elmlәri doktoru
Elmi adı professor

Həyatı[redaktə | mənbəni redaktə et]

Abdullayev Rizvan Yaqub oğlu 1959-cu il martın 30-da Azərbaycan Respublikasının Mərəzə (indiki Qobustan) rayonunun Sundu kəndində anadan olub. 1975-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) daxil olub. 1981-ci ildə ali məktəbi bitirəndən sonra təyinatla Belqoroda göndərilir. Orada 1985-ci ilin avqustuna qədər sahə həkimi işləyib, sonra Ukrayna Həkimləri Təkmilləşdirmə İnstitutunun (indiki Xarkov Diplomdansonrakı Təhsil Tibb Akademiyası) kliniki ordinaturasına daxil olub.[1]

1985-1986-cı illərdə R.Abdullayev Moskvada, dünyada ilk həkim-kosmonavt, professor O.Y.Atkovun rəhbərliyi ilə ultrasəs diaqnostikası metodunu öyrənib. Xarkova qayıdandan dərhal sonra həmin metodu infarkt şöbəsinin işində tətbiq edib və miokardın kəskin infarktı sahəsində onun tətbiqinin əsasını qoyub. 1988-ci ildə “Xırda ocaqlı miokard infarktı, qeyri-stabil stenokardiya və aralıq tac sindromu zamanı exokardioqrafiya” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1987-2000-ci illərdə 25 №-li Xarkov şəhər klinik xəstəxanasında həkim işləyib.

1993-cü ildə R.Abdullayevin rəhbərliyi ilə MDB-də ilk dəfə ultrasəs diaqnostikası üzrə (ürək xəstəlikləri üzrə) atlas nəşr edilib. Professor O.Atkovun, Y.Sobolun və “Essen” klinikası (Almaniya) əməkdaşlarının iştirakı ilə yaradılmış bu atlasda 300-dən çox exoqram təqdim olunub, müxtəlif xəstəliklərin diaqnostik və diferensialdiaqnostik əlamətləri təsvir edilib. Atlasda verilən məlumatlar birölçülü və ikiölçülü Doppler exokardioqrafiyasından istifadə edilməklə 4 mindən çox xəstənin müayinəsinin nəticələrinə əsaslanırdı. 1998-ci ildə, yenə R.Abdullayevin rəhbərliyi altında Kaliforniya Universitetinin professorlarının (N.Şiller, E.Foster, R.Redberq) iştirakı ilə “Müasir exokardioqrafiya” kitabı nəşr edilib.

1989-cu ildə R.Abdullayev ultrasəs metodunun kliniki təcrübədə tətbiq sahəsini genişləndirib (o vaxta qədər bu metod yalnız kardiologiyada tətbiq olunurdu). Transvaginal və transrektal müayinə, süd vəzisinin, göz almacıqlarının, onurğa sütununun, mədənin ultrasəs müayinəsi, damarların tədqiqatı, mamalıq elmində doppleroqrafiya metodlarını Xarkovda ilk dəfə R.Abdullayev tətbiq edib.

2000-ci ildə R.Abdullayev şüa diaqnostikası kafedrasının dosenti vəzifəsinə qəbul edilib. 2003-cü ildə “Ürəyin işemik xəstəliyinin müxtəlif formaları zamanı ürək çatışmazlığının inkişafı və kəskinləşməsi mexanizmlərinin exokardioqrafik diaqnostikasının bəzi aspektləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

2008-ci ilin yanvarında Xarkov Diplomdansonrakı Təhsil Tibb Akademiyasında professor R.Abdullayev tərəfindən Ukraynada ilk və yeganə ultrasəs diaqnostikası kafedrası yaradılıb.

Onun rəhbərliyi ilə 13 namizədlik və 2 doktorluq dissertasiyası hazırlanıb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.