Rizvan Abdullayev (professor)

Rizvan Abdullayev (Abdullayev Rizvan Yusif oğlu) — Tibb elmləri doktoru, professor. Rusiya Tibb Elmləri Akademiyası Mərkəzi Elmi‑Tədqiqat Vərəm İnstitutunun aparıcı elmi işçisi, biokimya laboratoriyasının müdiri.

Rizvan Abdullayev
Abdullayev Rizvan Yusif oğlu
Doğum tarixi (63 yaş)
Doğum yeri Ağstafa rayonu
Vətəndaşlığı Rusiya Federasiyası
Milliyyəti Azərbaycanlı
Elm sahələri Ftiziatria,pulmonologiya,biokimiya,patoloji fiziologiya
Elmi dərəcəsi Tibb elmlәri doktoru
Elmi adı professor
İş yerləri Mərkəzi Elmi-tədqiqat vərəm institutu,Rusiya Federasiyası

Abdullayev Rizvan Yusif oğlu 1961-ci il aprelin 30-da Azərbaycan Respublikasının Ağstafa şəhırində anadan olub. 1978-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) sanitariya-gigiyena fakültəsinə daxil olub. 1984-cü ildə institutu bitirib və təyinatla Dəvəçi (indiki Şabran) şəhərinin Mərkəzi rayon xəstəxanasının kliniki diaqnostika laboratoriyasına göndərilib, orada əvvəlcə həkim-laborant, sonra isə laboratoriya müdiri vəzifəsində çalışıb. 1988-ci ildə müsabiqə yolu ilə Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ftiziopulmonologiya İnstitutunun kiçik elmi işçisi vəzifəsinə keçib. 1990-cı ildə Rusiya Tibb Elmləri Akademiyasının Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutunun (RTEA METVİ) aspiranturasına daxil olub.[1]

Sonrakı dövrdə R.Abdullayevin əmək fəaliyyəti və formalaşması RTEA METVİ ilə bağlıdır. 1993-cü ildə o, “Ağciyər vərəminə tutulmuş xəstələrdə kimyəvi terapiya prosesində energetik mübadilə göstəricilərinin və eritrositlərin oksigen ötürmə funksiyasının klinik əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edib. Kliniki-eksperimental xarakterə malik olan bu tədqiqat ftiziatriyanın aktual probleminə – ağciyər vərəminə tutulmuş xəstələrin müalicəsinin effektivliliyinin artırılmasına həsr edilib. Dissertasiya işində müəyyən olunub ki, ağciyər vərəminin inkişafı bioenergetika, antioksidant müdafiə sistemlərində və eritrositlərin oksigen ötürmə funksiyasında pozuntularla müşayiət olunur. Belə dəyişikliklərin bir qismi kompensasiyaedici, digərləri patoloji xarakter daşıyır. Bu pozuntuların korreksiyası üçün müəllif tərəfindən işlənib hazırlanmış üsullar ağciyər vərəminə tutulmuş xəstələrin vərəmə qarşı preparatlara dözümünü və müalicənin effektivliliyini artırmağa imkan yaradıb.

1993-cü ildə R.Abdullayev müsabiqə yolu ilə RTEA METVİ-nin patoloji anatomiya, elektron mikroskopiya və biokimya şöbəsinin elmi işçisi vəzifəsinə təyin edilib, sonra isə böyük elmi işçi vəzifəsinə keçirilib. 1999-cu ildən aparıcı elmi işçidir. 1999-cu ildə R.Abdullayev “Dövr edən faqositlərin və ağciyər faqositlərinin metabolik statusu müxtəlif olan xəstələrdə ağciyər vərəminin gedişatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Fundamental xarakter daşıyan bu işə tələbat çox idi, çünki müasir tibb elminin strategiyası müxtəlif patoloji proseslərin mahiyyətini aşkar edən və optimal terapevtik yanaşmalar üçün yollar nəzərdə tutan fundamental tədqiqatların prioritetli inkişafına əsaslanır.

Böyük həcmdə kliniki və eksperimental materiala əsaslanan bu tədqiqat işinin unikallığı ondan ibarətdir ki, müəllif ilk dəfə olaraq, vərəmə yoluxmuş insanın və müxtəlif növ eksperimental heyvanların (hind donuzları və siçovullar) orqanizmində dövr edən faqositlərin və ağciyər faqositlərinin bakterisid funksiyasını öyrənib, onları müqayisə edib. Aparılmış tədqiqatın praktiki əhəmiyyəti ondan ibarət idi ki, xəstənin orqanizminin qeyrispesifik reaktivliyini qiymətləndirmək və vərəm prosesinin gedişatını proqnozlaşdırmaq üçün müəllif tərəfindən formalaşdırılmış prinsipcə yeni laboratoriya testləri kompleksi müalicənin optimal planının qurulması üçün zəruri əsasdır.

2010-cu ildə R.Abdullayev institutun biokimya laboratoriyasının müdiri vəzifəsinə təyin edilib. Ona “kliniki laboratoriya diaqnostikası” ixtisası üzrə ali ixtisas kateqoriyası verilib.

R.Abdullayevin rəhbərliyi ilə aparılan əsas elmi araşdırmalar vərəmin müasir patogenezinin biokimyəvi mexanizmlərinin (ağciyər vərəmi halında humoral tənzimləmənin müxtəlif aspektləri, biokimyəvi müdafiə reaksiyaları, metabolik pozuntular və s.) öyrənilməsinə həsr edilib. Alınmış məlumatlar fundamental elmə əhəmiyyətli töhfə olmaqla bərabər, praktiki ftiziatriyanı həm diaqnostika məsələlərində, həm də ağciyər vərəminə tutulmuş xəstələrin kompleks müalicəsinə məqsədyönlü patogenez yanaşmaların əsaslandırılması baxımından zənginləşdirib.

R.Abdullayevin araşdırmalarının nəticələri nəşr edilmiş 250 elmi işdə əks olunub. Onun rəhbərliyi altında 7 namizədlik və 1 doktorluq dissertasiyası müdafiə edilib.

R.Abdullayev mütəmadi olaraq Rusiya Federasiyasının və MDB ölkələrinin ftiziatrlarının qurultaylarında, tənəffüs orqanlarının xəstəliklərinə həsr olunan milli konqreslərdə, Avropa Respirator Cəmiyyətinin konqreslərində (Münxen, Stokholm, Barselona,London,Milan) elmi məruzələrlə çıxış edir. 2010-cu ildə R.Abdullayev “Açıq dünya” proqramı çərçivəsində RF nümayəndə heyətinin tərkibində Texas ştatında Amerika Vərəmə qarşı Mübarizə Mərkəzində (Heart Land National TB Center) olub, orada məruzə ilə çıxış edib. Onun iştirakı ilə “Vərəmlə mübarizə müəssisələrində biokimyəvi tədqiqat metodlarının tətbiqi” və “Kəskin inkişaf edən ağciyər vərəminə tutulmuş xəstələrin biokimyəvi tədqiqatı” adlı metodik tövsiyələr tərtib olunub.

R.Abdullayev böyük pedaqoji iş aparır, ftiziatrların və pulmonoloqların ixtisaslaşması və təkmilləşdirilməsi üçün silsilə mühazirələr oxuyur.

  1. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.