Robototexnikanın üç qanunu və ya Azimov qanunları – elmi fantastika yazıçısı Ayzek Azimov tərəfindən irəli sürülmüş qanunlar toplusu.[1] Bu qanunlar robotların icbari davranışlarını müəyyənləşdirmək üçün nəzərdə tutulmuşdur.
Robotexnikanın üç qanunu ilk dəfə Ayzek Azimovun 1942-ci ildə yazdığı "Dövrə" əsərində öz əksini tapmışdır.[1] Bu qanunlar aşağıdakılardır:[1]
- Bir robot bir insanı incidə bilməz və ya bir insanın incinməsinə qarşı laqeyd qala bilməz.
- Birinci qanunla ziddiyət təşkil etmədiyi hallarda, bir robot bir insanın verdiyi bütün əmrləri yerinə yetirməlidir.
- Birinci və ikinci qanunla ziddiyət təşkil etmədiyi hallarda, bir robot öz mövcudluğunu qorumalıdır.
Orijinal mətn (ing.)
- A robot may not injure a human being or, through inaction, allow a human being to come to harm.
- A robot must obey orders given it by human beings except where such orders would conflict with the First Law.
- A robot must protect its own existence as long as such protection does not conflict with the First or Second Law.
Robototexnikanın üç qanunu Azimovun robototexnika hekayələrinin əsas prinsipi olmuş, əsərlərində bir çox formada tətbiq olunmuşdur.[1] Buna baxmayaraq, bu qanunlar başqa elmi fantastik müəlliflər tərəfindən də modifikasiya olunaraq istifadə olunmuş, elmi fantastikanın mövzularından birinə çevrilmişdir.[1]
Azimovun Üç qanunda etdiyi ən böyük modifikasiya sıfırıncı qanunu əlavə etməsi olmuşdur.[1] Bu qanun digər üç qanunu qabaqlayır:[1]
- 0. Bir robot bəşəriyyəti incidə bilməz və ya bəşəriyyətin incinməsinə qarşı laqeyd qala bilməz.
Orijinal mətn (ing.)
- 0. A robot may not harm humanity, or, by inaction, allow humanity to come to harm.
Sıfırıncı qanun robotların bəşəriyyəti xilas etmək üçün insanları incidə bilməsinin mümkünlüyünə səbəb olmuşdur.[2] Bu qanun Azimovun "Robotlar və imperiya" (1985) romanında adlandırılsa da, ilk dəfə yazıçının "Qaçınılmaz konflikt" (1950) adlı qısa hekayəsində öz əksini tapmışdır: robotlar bəşəriyyətin yaxşılığı üçün insanları kontrol altına almağa qərar verirlər.[2] Devid Brinin "Fondun triumfu" (1999) əsərində robotlar Sıfırıncı qanundan istifadə edərək digər qanunları manipulyasiya edirlər.[2]