Rodion Romanoviç Raskolnikov — Fyodor Dostoyevskinin 1866-cı ildə qələmə aldığı məşhur Cinayət və Cəza romanının baş obrazı. Raskolnikov 1860-cı illərdə Sankt-Peterburqda yaşayan, əvvəllər hüqüq fakültəsində oxusa da, təhsilini yarıda saxlamağa məcbur qalmış olduqca müflis bir gəncdir. O, imkansızlıqdan nadirən yemək yeyir, köhnə paltarlardan yastıq kimi istifadə edərək divanda yatır və kirayə tutduğu kiçik çardaqda yaşamağa çalışır. Rodion Raskolnikov öz əvvəlki tələbə yoldaşları ilə elə də yaxşı yola getməsə də, bacısı Avdotya Romanovnaya və anası Pulxeriya Aleksandrovnaya olduqca sadiqdir.
Rodion Raskolnikov | |
---|---|
Yaradan | Fyodor Dostoyevski |
Məlumat | |
Cinsi | kişi[d] |
Özü haqqında ziddiyyətli düşüncələri olan yoxsul tələbə Raskolnikova görə həyatda iki tip insan mövcuddur: adi insanlar və üstün insanlar. Əksəriyyət adi insan kateqoriyasına aiddir, onlar sadə həyat sürür, böyük bir iş görmür, tarixə düşmədən ölüb gedirlər. Ancaq üstün insanlar adi insanlardan çox fərqlənirlər. Onlar bu dünyaya çox daha nadir hallarda gəlir, daim yeniliklərə və irəliyəyişlərə qədəm qoyur, hətta tarixin axarını dəyişirlər. Raskolnikova görə adi insanlara şamil edilən qayda və qanunlar üstün insanlara aid deyil, onlar yeri gələndə öz amalları uğruna qanunları poza, öz ideyalarına çatmaq üçün hər işs əl ata bilərlər. Raskolnikov üstün insana daha çox Napoleon Bonapartı misal gətirir.
Özünü üstün insan olaraq görmək istəyən Raskolnikov kasıblığını öz həyatı və potensialı qarşısında bir əngəl olaraq görür və bunu dəyişdirməyə can atır. O, qoca lombard qarını — Alyona İvanovnanı öldürərək əlinə müəyyən miqdarda pul keçirib öz həyatını və başqalarının həyatını dəyişdirmək istəyir. Qarını öldürüb öldürməməsi haqqında çox düşünür və axırda belə bir nəticəyə gəlir ki, bəşəriyyətə heç bir xeyri olmayan xəsis, qoca bir lombardçı qarının yaşamağındansa, onun mülkiyyəti ilə bir çoxlarının həyatı dəyişə bilər. Nəticədə qərarından dönməyən Raskolnikov cinayəti törədir, lakin cinayət zamanı bir neçə səhvə yol verir, plandan kənar olaraq qoca qarının günahsız bacısını da öldürməli olur və dərin stress keçirdiyindən soyğun işini tam şəkildə başa çatdıra bilmir. Qarının evindən yaxalanmadan zorla canını qurtaran Raskolnikov işin üstünün açılacağı və yaxalanacağı qorxusu ilə yaşamağa başlayır. O, hətta oğurladıqlarını belə özündə saxlamağa və istifadə etməkdən çəkinərək onları bir qayanın altında gizlətməyi üstün tutur. Bundan sonra Raskolnikov daha bir neçə problemlə üzləşməli olur. Sonda sevdiyi qız — Sofya Semyonovnanın da təkidi ilə öz cinayətini etiraf edir və Sibirə sürgün edilir. Raskolnikov öz həyatı ilə qismən də olsa barışır və məhkumluğu dövründə əqli və mənəvi cəhətdən özünü bir növ müsbət istiqamətdə inkişaf etdirir.