Rumıniya rabitəsi

Rumıniya öz iqtisadiyyatını inkişaf etdirmək üçün bir sıra layihələr həyata keçirir və bu istiqamətdə işləri davam etdirir. İnformasiya-kommunikasiya texnologiyaları sektoru da bura daxildir. Ölkədə kompüter texnikası bazarı inkişaf etmiş və İT sahəsi üzrə bir sıra xarici kompaniyalar fəaliyyət göstərir. Sahənin fəaliyyəti 2001-ci ildə yaradılmış Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən nizamlanır. Hökumət elektron ticarət, orta ümumtəhsil məktəblərində və mənzillərdə internetə qoşulma imkanının yaradılması, rəqəmli iqtisadiyyatın yeni növlərinə yiyələnmək üçün investisiya qoyuluşunu həyata keçirir. Bir sıra layihələrdə elektronikadan istifadə, bank sahəsində elektron ödəniş sistemindən istifadə Rumıniyanın beynəlxalq bazara çıxışı üçün bürokratiya və korrupsiyanın aradan qaldırılmasına təkan verəcək. Ölkədə elektron ticarətin zəif inkişafı bir sıra addımlar atılmasını zəruriləşdirdi. Ölkədə elektron ticarət bazasının yaradılması ilə əlaqədar pilot layihəsinin həyata keçirilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi öz büdcəsindən 100 min dollar ayırmışdır. Layihə xüsusi kompaniyalar tərəfindən dəstəklənmişdir. Hökumət səviyyəsində informatizasiya prosesinə 2001-ci ildə 12 milyon dollar dəyərli proqramla başlanmışdır. Ölkədə elektron ticarət bazası business-to consumer (B2C), həmçinin business-to business elektron tipli xidmətlərin həyata keçirilməsi məqsədilə nəzərdə tutulmuşdur. Ölkə iqtisadiyyatında proqram məhsul bazarı da inkişaf etmişdir və elektron ticarətdən birjalarda da artıq istifadə olunur. Rumıniyada Avropa Komissiyasının təşəbbüsü ilə "AvroİnfoMərkəz" şəbəkəsi yaradılmışdır. Ölkədə rabitə sahəsi üzrə geniş layihələrin həyata keçirilməsi üzrə Rumıniyanın Baş naziri, Maliyyə Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən tənzimlənən "İKT-nin inkişaf qrupu" (GPTİR) fəaliyyət göstərir. GPTİR-in qarşısında duran əsas məsələ dövlət kapitalının iştirakı ilə milli kompaniya və kommersiya cəmiyyətlərinin maraqlarını nəzərə alaraq informasiya texnologiyalarının inkişaf etdirilməsidir. Rumıniya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Avropa İttifaqına qoşulmaya hazırlıq prosesində informasiya texnologiyalarının rolu, informasiya xidməti bazarı, "e-Avropa planı" ilə əlaqədar məlumatları əks etdirən sayt təşkil etmişdir. İnformasiya texnologiyaları sahəsi üzrə "Systemkomputer" kompaniyası Rumıniyada fəaliyyət göstərir və "Rom Telecom"la sıx əməkdaşlıq edir. Telekommunikasiyanın İdarəolunması Sisteminin(TMN, Telecommunications Management Network) verilənlərin ötürülməsini həyata keçirmək üçün ATM texnologiyası əsasında magistral şəbəkə tikilmişdir. Rumıniyanın Deva, Petrosani və Ninedoaradakı filiallarının ATM şəbəkəsinə qoşulması ES2810 lokal şəbəkəsinin Ethernet kommutatoru, Veta filialında isə İntel 510T vasitəsilə həyata keçirilir.

İnformasiya texnologiyaları sektorunda internetin rolu böyükdür. Hazırda ölkədə internet istifadəçiləri üçün qoşulma imkanlarının genişləndirilməsi istiqamətində işlər aparılır. İnternet kafelərin sayı artmaqdadır. Rumıniyada "NET" kompaniyası yüksək səviyyədə qoşulma imkanlarını təqdim edir. Burada VLANs, VPN, VOİP səsin və videokonfrans rabitə və s. kimi xidmətlər təqdim edilir. İnternetə qoşulma imkanlarının restoran şəbəkəsində geniş yayımı da nəzərdə tutulmuşdur. Ölkədə GPRS, Wi-Fi və s. qoşluma məntəqələri mövcuddur. Ölkənin nəhəng kabel operatoru və internet provayderi "Romania Data System" (RDS) "Alcatel" kommutatorlarının köməyi ilə xidmət növlərinin sayını artırmışdır. "Romania Data System" operatoru öz genişzolaqlı şəbəkələri vasitəsilə telefon rabitəsini inkişaf etdirmək məqsədilə "Scientific-Atlanta" korporasiyasının 2 növ səsli kabel modemindən istifadə etmək niyyətindədir. "Romania Data System" internet xidməti, verilənlərin ötürülməsi, telefon rabitəsi, 10 000-dən çoz genişzolaqlı kanal müştərisinə malik operatordur.

Rumıniya rabitəsinin bönövrəsi 100 il bundan əvvəl qoyulmuşdur. İlk beynəlxalq teleqraf xətti 1854-cü ildə meydana çıxmışdır. 1884-cü ildə isə artıq bu sistem bəzi yaşayış məntəqələrində istismara verilmişdir. Rabitə haqda ilk qanun 1892-ci ildə qəbul olunmuşdur. 1918-ci ildə telefon, teleqraf və poçt sahəsini nizamlayan Mərkəzi Rabitə Departamenti yaradılmışdır. 1930-cu ildə milli telefon xidməti "İTİ" Amerika Tresti tərəfindən təqdim edilirdi, sonra isə rumın telefon kompaniyası təsis edildi. 1948-ci ildə kompaniya milliləşdirildi və bütün işlər dövlət nəzarəti ilə həyata keçirilməyə başlandı. Zəif investisiya axını nəticəsində 1980-cı ildə ölkə rabitəsi Avropada ən aşağı yerlərdən birini tuturdu. 1989-cu ildə poçt və digər rabitə sistemləri yenidən qurulduqdan sonra sahə irəliləməyə başladı. 1991-ci ildə "Regie Autonome Rom Telecom" rabitə üzrə milli operator kimi fəaliyyət göstərməyə başladı. Hazırda ölkədə telekommunikasiya sistemi intensiv olaraq modernləşir. Rumıniya artıq rabitənin inkişafına görə qonşu ölkələrdən heç də geri qalmır. 2002-ci ilin sonunda Rumıniya qanunvericiliyində elektrik rabitə sahəsi üzrə bir sıra dəyişikliklər aparıldı. Bu dəyişikliklərə əsasən ölkədə yeni qanunlar qəbul olundu. Bunlara "Şəbəkə və şəbəkələrarası qarşıdurmaya qoşulma", "Elektron imza" və başqalarını göstərmək olar. Aparılan dəyişikliklər elektrikrabitəni tənzimləyən orqanlara da şamil edildi. Belə ki, aparılan dəyişikliklər sayəsində rabitə sahəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (MCİT), Rabitə sahəsini Tənzimləyən Milli orqan, Baş İnspeksiya kimi orqanlar tərəfindən idarə olunur. Ölkədə sabit rabitə xidməti ilə yanaşı mobil rabitə sistemi də inkişaf etmişdir.

Rumıniyada mobil rabitə xidməti operatorlar tərəfindən təqdim olunur. Mobil rabitə istifadəçilərinin sayına görə ölkə mərkəzi Avropada 3-cü yeri tutur. Ölkədə GSM900, CDMA450, CDMA2000 EV-DO mobil rabitə standartlarından istifadə olunur. "MobilRom", "Telemobil", "Cosmorom", "Orange", "Connex" operatorları ölkə ərazisinin ucqar yerlərini belə şanvarı rabitə ilə təmin edir. "Connex" ölkənin mobil rabitə operatorları içərisində internet xidməti təqdim edən yeganə kompaniyadır. Kompaniya həmçinin 3G şəbəkəsini də istsmara verməyi planlaşdırmışdır. "Orange" GSM operatoru Rumıniyada EDGE sistemini artıq istifadəyə vermişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]