Ruprext novruzçiçəyi - (lat. Primula juliae Kusn.). Novruzçiçəyikimilər (Primulaceae Vent.) fəsiləsinə aiddir.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –Vu A2c+3c. Azərbaycanın nadir növüdür. Qafqazın endemikidir. [1][2]
Kökümsovu qısa, əyri, çoxlu qaytanlı kölər ilə çoxillik ot bitkisidir. Yarpaqlar uzunsov-yumurtavari və ya oval-lansetvari, üst tərəfdə küt, dairəvi kənardan yarımdairvi-dişiciklidir, üst tərəfdə yaşıl, çılpaq, alt tərəfdə nazik, ağkeçəlidir. Çiçək qrupu çətirvari, 3-10 çiçəklidir. Kasacıq darborulu, silindrvari, 15 mm uzunluqda, 26–30 mm enindədir. Tac sarı, qutucuq oval, kasacığa bərabərdir. Toxumlar oval, nöqtəvari –təpəcikli, künclü, qara, 1,5 mm uzunluqdadır.[3]
Çiçəkləmə-meyvə əmələgətirmə dövrü iyul-avqust aylarına təsadüf edir, Alp qurşağının çəməliklərində rast gəlinir. Dekorativ bitkidir.[3]
Böyük Qafqazın Quba sahəsi və qərb hissəsi, Kiçik Qafqazın şimal və mərkəz hissələri [3].
Populyasiyanın sayı azalır, yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.
Antropogen amillərin məhdudlaşdırcı təsiridir (çiçəklərin yığılması, mal-qaranın otarılması nəticəsində tapdalanma).
Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır, yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.