Rus Pravoslav kilsəsi — Kilsə binası Qazaxda yerləşir.
Qazax şəhərində yerləşən tarixi abidələrdən biri də rus provaslav kilsəsidir. Kilsə layihəsini 1888-ci ildə Yelizabetpol qubernatoru şəxsən nəzarətdən keçirmiş və öz imzası ilə təsdiq etmişdir. 1897-ci il tarixinə olan məlumatına əsasən Qazax şəhərində rus əhalisinin sayı 200 nəfər təşkil edirdi və kilsə bu əhali üçün nəzərdə tutulmuşdur. Rus pravoslav kilsə 1897–1905-ci illərdə inşa edilib. Abidə qırmızı kərpicdən hörülüb və üzərində kərpicdən naxışlar var. Binanın divar sütunlarının qalınlığı təxminən 40–50 sm ölçüyə malikdir.
Bu tarixi abidə Sovetlər dönəmində dini məbəd kimi öz fəaliyyətini dəyandırmışdır. Kilsə uzun müddət anbar kimi istifadə olunmuşdur. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra pravoslav kilsəsinin binası bərpa edilmişdir. Hazırda Qazaxda rus pravoslav icmasının olmaması səbəbindən kilsə dini məbəd kimi fəaliyyət göstərmir.