Süleyman Xələfbəyov (azərb. Süleyman Həsənqulu oğlu Xələfbəyov; d.1858, Füzuli r. Dördçinar k. - ö.7 iyul 1930) — Repressiya qurbanı.
Süleyman Xələfbəyov | |
---|---|
Süleyman Həsənqulu oğlu Xələfbəyov | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat səbəbi | Repressiya qurbanı |
Dəfn yeri | Naməlum |
Vətəndaşlığı | SSRİ |
Atası | Həsənqulu oğlu |
Tanınır | Repressiya qurbanı |
1858-ci ildə Karyagin (indiki Füzuli) rayonunun Dördçinar kəndində bəy nəslində anadan olmuş, Xələfbəyov (Hacı) Süleyman Həsənqulu oğlu (nədənsə, cinayət işində təhrifə yol verilərək "Hacı" dini titulu onun öz adı, özünün əsl adı isə, atasının adı kimi göstrilərək səhvə yol verilmiş və şəxsiyyəti yanlış olaraq Xələfbəyov Hacı Süleyman oğlu kimi göstərilmişdir)[1]. Ona görə də onun barəsindəki cinayət işini arxivdən tapmaq uzun illər mümkün olmamışdır. Yalnız 2019-cu ilin dekabr ayında belə bir təhrifə yol verildiyini bilməklə,işin Azərbaycan Respublikasının DTX-nın arxivində tapılması mümkün olmuş və onun başına nələrin gəldiyi müəyyən edilmişdir. Bu günə kimi onun nəyə görə həbs olunması və sonrakı taleyhi barədə ailəsinin heç bir xəbəri olmamış, yalnız oradan-buradan eşitmişlər ki, Nargin adasına aparılıb güllələnmişdir. İndiyə kimi dəfn olunduğu yer də məlum deyildir.
Həbs olunarkən Süleyman Xələfbəyovun ailə tərkibi aşağıdakı şəxslərdən ibarət olmuşdur: həyat yoldaşı- Nabat, 60 yaşında (1870-ci il); həyat yoldaşı – Səməngül, 35 yaşında (1895-ci il); Oğulları: Kərim-24 yaşında, Rəhim- 12 yaşında, Məmməd-6 yaşında və Əmir-3 yaşında. Qızları: Güllər- 15 yaşında,Firəngiz- 6 yaşında və Diləfruz 5 yaşında.
Süleyman Həsənqulu oğlu Xələfbəyov Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin Qarabağ bölgəsi üzrə bölməsi tərəfindən 5 fevral 1930-cu il tarixində həbs olunmuş və Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin Kollegiyasının Məhkəmə iclasının 7 iyul 1930-cu il tarixli qərarı ilə “ İttihad İslam” partiyasının aktiv üzvü, sovet hakimiyyəti əleyhinə silahlı üsyanın təşkilatçısı olmasına və xaricdəki banditlərlə əlaqə saxladığına görə Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələri ilə təqsirli bilinərək güllənməyə məhkum edilmişdir.
Azərbaycan SSR Prokurorluğunun 6 oktyabr 1989-cu il tarixli rəyində Süleyman Xələfbəyov 30-40-cı illərdə və 50-ci illərin əvvəllərində repressiyaya məruz qalmış şəxslərə qarşı ədalətin bərpa edilməsi üzrə əlavə tədbirlər haqqında SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 16 yanvar 1989-cu il tarixli Fərmanının 1-ci bəndinin təsiri altına düşməsi göstərilmişdir.
Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin 7 iyul 1930-cu il tarixli protokoluna əsasən CM-nin 72 və 73-cü maddəsi ilə təqsirli bilinib, haqsız yerə güllələnmişdir. SSRİ Ali Sovet Rəyasət Heyətinin 16 yanvar 1989-cu il tarixli Fərmanının 1-ci bəndinə uyğun olaraq, Azərbaycan SSR Prokurorluğunun 6 oktyabr 1989-cu il tarixli rəyi və Respublika Baş Prokurorluğunun 10 yanvar 2020-ci il tarixli arayışı ilə ona bəraət verilmiş, o və ailəsi represiya qurbanı kimi tanınmışdır.