Sürü

Sürü — canlılar qrupu.

  1. Davranışında qarşılıqlı əlaqə olan, bir növə mənsub məməlilər qrupu; yəni müəyyən vaxtda eyni çür davranan, çox vaxt fəaliyyətiti eyni olan (məs, balinaların eyni vaxtda suyun üzünə çıxması) və vahid hərəkət istiqamətinə malik heyvanlar. Sürü yaratmaq balinakimilər, çüt və təkdırnaqlılar, meymunlar üçün daha çox xarakterikdir. Sürünün tərkibi və böyüklüyü dəyişkəndir. Ədəbiyyatda sürü termini daha geniş mənada bir çox heyvanın bir yerə toplanmasına aid edilir. Məs, çəyirtkə sürüsü, balıq sürüsü.
  2. Ayrı-ayrı təsərrüfatlarda saxlanmaq, kökəldilmək və otarılmaq üçün formalaşmış heyvan qrupu. Ətlik istiqamətli qaramal sürüsü (naxır), qoyun sürüsü və at sürüsü (ilxı) və s. olur.
  3. Təsərrüfatda eyni cinsdən olan heyvanların ümumi miqdarı. Sürünün böyüklüyü, tərkibi və bu tərkibdən ibarət olan qrupların münasibətinin dəyişməsi təsərrüfatın qarşıya qoyduğu tələbatdan asılıdır.

Sürünün təşkili

[redaktə | mənbəni redaktə et]

Sürü dəstəyə nisbətən sürü heyvanların daha uzun müddətə və daim cəmləşməsidir. Sürü qruplarında növün həyatında bütün əsas funksiyalar (yem əldə etmək, yırtıcılardan mühafizə olunmaq, miqrasiya, çoxalma, balanı tərbiyə etmək və s.) yerinə yetirilir.

Sürünün təşkil olunması variantlarından biri – müvəqqəti və ya nisbi daimi liderli qrup sayılır. Liderlər sürü daxilindən fərdlər olub digərlərinin diqqəti onlara cəmləşir, onlar davranışları ilə yerləşmə istiqamətini, yemlənmə yerini, yırtıcılara qarşı reaksiyanı və sürünün digər xassələrini müəyyənləşdirir. Liderin fəaliyyəti bilavasitə digər fərdləri özünə tabe olmağa yönəldilməyib, sürünün daha təcrübəli üzvü liderlik edir. Məsələn, şimal maral sürülərini adətən yaşlı başçı aparır.

Böyük sürülərdə də ailə və ya yaş qrupları cəmləşir, onlar arasında kontakt (əlaqə) digər analoji qrupların üzvləri arasındakı əlaqədən daha səmimi olur. Sürüdaxili qruplaşmalarda ümumi liderdən asılı olmayan dominantlıq – tabelik əlaqəsi təşəkkül tapır. Başçı – dominantlar müxtəlif kollektiv funksiyasını yerinə yetirir. At ilxısında məsələn, başçı hərəkəti idarə edir, sürünü təhlükədən uzaqlaşdırır, yırtıcılardan qoruyur, davanı saxlayır, daylaqlara və xəstə heyvanlara qayğı göstərir və s. Mürəkkəb vəziyyətdə müxtəlif növlərin başçıları kəşfiyyat aparır, sürüdən ayrılaraq sonradan geri dönür və təhlükəsiz istiqamət müəyyənləşdirir. Başçısı olan qruplarda baş verən münaqişə adətən onun iştirakı ilə müxtəlif növlərdə müxtəlif təcavüz dərəcəsinə görə həll olunur. Pavian (meymun cinsi) sürüsündə başçı incitmə yolu ilə, qalib başçısı isə çox vaxt qayda-qanunla, nəzərlə və ya başının işarəsi ilə bərpa edir[1]

  1. "Məmmədov Q.Ş., Xəlilov M.Y. "Ekologiya, ətraf mühit və insan" // Bakı, "Elm" nəşriyyatı – 2006, 608 s. ISBN 5 – 8066 – 1765 - 3" (PDF). 2012-07-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-06-20.