Sıra sayı

Sıra sayları — əşyanın sırasını bildirən, "neçənci?", bəzən də "hansı?" sualına cavab olan saylardır.

Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı⁴, saitlə bitənlərin sonuna -ncı⁴ şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s. Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı⁴ şəkilçi qəbul edərək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s.

Sıra sayları bəzən "hansı ?" sualına da cavab verir. Məsələn, birinci (hansı?) mərtəbə, axırıncı (hansı?) cərgə və s.

Sıra saylarından sonra gələn isimlər bəzən cəm şəkilçisi qəbul edə bilir. Məsələn: beşinci siniflər, 30-cu illər, birinci sıralar və s.

Sıra sayları başqa saylara nisbətən daha çox isimsiz işlənə bilir, yəni isimləşir. Məsələn: Onuncular irəlidədirlər. Birincilərə mükafat verdilər. və s.

Sıra sayları quruluşca sadə olmur, ya düzəltmə (birinci, ikinci və s.), ya da mürəkkəb (on birinci, otuz ikinci və s.) olur.

Sıra sayları üç cür yazılır:

  1. Sözlə: birinci, altıncı, on beşinci və s.
  1. Ərəb rəqəmləri və -ıncı şəkilçisinin ixtisar forması olan –cı4 şəkilçisi ilə: 6-cı, 1-ci, 4-cü, 35-ci və s. Sıra saylarını ərəb rəqəmləri ilə yazıb, onlardan sonra nöqtə və ya yarımmötərizə (nöqtəsiz) işarəsi qoymaqla da göstərmək olar. Bu halda -cı4 şəkilçisindən istifadə edilmir. Məsələn: 1), 1. və s.
  1. Roma rəqəmləri ilə: XX əsr, IX sinif, VI fəsil və s. Roma rəqəmlərindən sonra heç bir şəkilçi işlədilmir və defis işarəsi də qoyulmur. Roma rəqəmləri 7 işarə ilə göstərilir: I (1), V (5), X (10), L (50), C (100), D (500), M (1000). Bunların müxtəlif şəkildə birləşməsi ilə qalan rəqəmlər də yazılır: XL (40-cı), LX (60-cı) və s.