Səcdə

Səcdə sözünün lüğət mənası: təvazökarlıqla əyilmə, alını torpağa qoyma. Səcdə sözünün fiqhdə mənası: yeddi üzvü, yəni alın, iki əlin içi, iki dizin və iki ayağın baş barmağının ucunu yerə qoymaq anlamına gəlir. Səcdə məxluqatın Xaliqə etdiyi təvazökarlıqdır. Amma bu məxluq insan kimi iradə əta edilmiş məxluqdursa, onun savabı da var. Savabı olmayan səcdələr isə, yaltaqların alçaqcasına kiminsə qabağında yıxılmasıdır.

Qur`anda məscid və səcdə Müqəddəs kitabımız Quranda səcdə kökündən götürülmüş 92 sözə rast gəlirik. Bunların 28-i məscid və məscidlər kəlməsidir. Qur`anda gəlmiş ayələrdən bəziləri:

  1. Göylərdə və yerdə kim varsa, (özləri də), kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər!
  2. Göylərdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər!
  3. (Ey insan!) Məgər göylərdə və yerdə olanların (bütün canlıların), Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun (möminlərin) Allaha səcdə etdiyini görmürsənmi?
  4. Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin.
  5. Lakin onlar Məscidülhəramın sahibləri olmadıqları halda, mane olduqda Allah nə üçün onlara əzab verməsin!
  6. Kafir olub (insanları) Allah yolundan, həm yerlilər, həm də gəlmələr üçün (qiblə, məbəd) etdiyimiz Məscidülhəramdan döndərənlərə və orada zülmə, haqsızlığa meyil etmək istəyənlərə də şiddətli əzabdan daddıracağıq!
  7. Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!
  8. Müşriklər küfr etdikləri barədə öz-özlərinə şahid olduqları halda, Allahın məscidlərini təmir etmək onlara layiq olmaz. Onların əməlləri puça çıxmışdır. Onlar Cəhənnəmdə (atəşdə əbədi qalacaqlar!) Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər (yalnız bu qəbildən olan şəxslərin əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar doğru yolu tapa bilənlərdən ola bilərlər!
  9. Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər dağılıb gedərdi (darmadağın edilərdi).
  10. Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin! Allah bu və digər ayələrdə insanları Özünə ibadətə səsələyir və məscidlərə hörmətlə yanaşmağa əmr edir. Ey insan! Sənin Allahına yerdə və göydə olan bütün məxluqlar səcdə edir. Bəs sən? Sənin də ona səcdən var, amma səcdə mərifətə əsaslananda "səcdə"yə çevrilir! Allah səndən bu səcdəni istəyir.