Səməndər Xalidşah oğlu Dadaşov oktyabr 1936-cı ildə Xaçmaz rayonunun Qaraçay-Cek kəndində anadan olmuşdur. Azərbaycanın milli etnik qruplarından olan, Şahdağ milli etnik qrupu kimi fərqləndirilən ceklilərin nümayəndəsidir.
Səməndər Dadaşov | |
---|---|
İbtidai təhsili 1942–1946-cı illərdə Xaçmaz rayon Qaraçay-Cek kənd ibtidai məktəbində, əsas təhsili 1946–1950-cı illərdə Xaçmaz rayon Aşağı-Zeyid kənd səkkizillik məktəbində almışdır. 1951–1953-cü illərdə Quba Pedoqoji Məktəbində oxumuş və oranı əla qiymətlərlə bitirərək Xaçmaz rayon Qarğalıq kənd ibtidai məktəbində pedaqoji fəaliyyətə başlamışdır. 1953–1955-ci illərdə Qarğalıq kənd ibtidai məktəbində müəllim işləyib. Şagirdləri yazıb-oxumağı öyrədib, təhsilə maraq oyadıb. 1955–1960-cı illərdə V. İ. Lenin adına Azərbaycan Pedoqoji İnstitutunda tarix-filologiya fakultəsində təhsil alıb. 1960–1964-ci illərdə Xaçmaz rayon Çılğır kənd əsas məktəbində ixtisası üzrə müəllim sonra, 1964-cü ildən Xaçmaz rayon Aşağı-Zeyid kənd orta məktəbində tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. Aşağı-Zeyid kənd orta məktəbində müəllim, partkom, dərs hissə müdiri işləyib. Peşəsinə məhəbbəti, gənc nəslin təlim-tərbiyəsinə qayğısı, çalışdığı pedoqoji kollektivin üzvləri ilə səmimi ünsiyyəti diqqətdən yayınmayıb. İşgüzarlığını, təşkilatçılıq bacarığını nəzərə alıb onu məktəbə direktor təyin ediblər. 1982-ci ildən 2004-cü ilədək 25 il pedoqoji kollektivin rəhbəri olub. Müsbət keyfiyyətləri ilə başqalarına nümunə göstərilən Səməndər Dadaşov həvəslə çalışıb, gənc nəslin təlim-tərbiyəsini yaxşılaşdırmaq məqsədilə fəal iş aparıb, oğlan və qızların beynəlmiləlçilik, hərbi-vətənpərvərlik tərbiyəsi, ideya-siyasi və əmək tərbiyəsi ilə ciddi məşğul olmuş, məktəbdə əla və yaxşı qiymətlərlə oxuyanların sayı ildən-ilə artmışdı. Rəhbərlik etdiyi pedoqoji kollektiv tədrisin keyfiyyətini daim diqqət mərkəzində saxlamış, zamanında qızıl, gümüş medallı məzunları, olimpiada qalibləri ilə haqlı olaraq öyünən məktəblərdən olmuşdur. Məktəbdə qabaqcıl təcrübənin öyrənilib yayılmasına da xüsusi diqqət yetirilirdi. Aşağı-Zeyid kənd orta məktəbi rayonumuzun qabaqcıl təhsil ocaqları sırasında olub. Məktəbin məzunları, eləcə də bu məktəbdə ilk təcrübəyə başlamış müəllimlər indi müxtəlif sahələrdə məktəbin adını layiqincə təmsil edirlər.
Səməndər Dadaşov rayonumuzda yaxşı ictimai fəal, təcrübəli, işgüzar pedoqoq kimi tanınmışdı. Onun sorağı rayonumuzun, eləcə də respublikamızın mötəbər məclislərindən gəlirdi. Kommunist adını şərəflə daşıyan Səməndər müəllim Xaçmaz rayon partiya komitəsinin büro üzvü idi. Azərbaycan Kommunist Partiyasının XXXII qurultayında rayonumuzun nümayəndə heyətini təmsil edən üzvlərdən biri idi. O, rayon partiya komitəsində fəaliyyət göstərən ideoloji komissiyanın üzvü, təbliğatçısı idi. Çox qarışıq bir dönəmdə 1990-cı ildə 316 Çarxı seçki dairəsindən xalq deputatı seçilmiş. Xalqın etimadını layiqincə doğrultmağa çalışmış, gənc nəslin təlim-tərbiyəsinə, müəllimlərin əmək və məişət şəraitinin yaxşılaşdırılmasına, tədris işinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirməyə səy göstərmiş, kəndlərin sosial problemlərinin həllinə kömək göstərmiş, gənclərin ictimai faydalı əməyə cəlb olunması, rayonumuzun ekoloji vəziyyətinin nizama salınmasına diqqət yetirmiş, ən əsası isə Azərbaycan Respublikasının müstəqillik aktına ilk imza atanlardan olmuş, xalqın səsinə səs vermişdir.
1999-cu ildən təqaüdə çıxmış, təqaüddə olmasına baxmayaraq, 2010-cu ilə qədər müəllim işləmişdir.
14 aprel 2013-cü ildə xəstəlik səbəbindən dünyasını dəyişmişdir.
Ailəli 1955-ci ildə ailə həyatı qurmuşdur. 5 oğlu, 5 qızı dünyaya gəlmiş, 3 övladı körpə ikən vəfat etmiş, övladları 3 oğlu və 4 qızı ali təhsillidir, ailə həyatı qurmuş müəllimlik fəaliyyəti ilə məşğuldurlar.