Səməndər quşu — əfsanəyə görə qarlı-buzlu ölkələrdə yaşayan qar quşu.
Quşun dimdiyi polad, caynaqları çaxmaqdaşı, tükü isə qov olur. Bir dəfə balalarının pərvazlanıb uçduğunu görən Səməndər quşu sevincindən dimdiyini caynağına vurur. Beləliklə bu toqquşmadan od saçır, onun qov tükü alışır və quş yanıb kül olur.[1] Eyni motiv əsasında rəvayət şəklində formalaşan örnəkdə isə quşun adını daşıyan Səməndər və onun istəklisi Qönçə obrazlaşdırılmışdır. Bu dəfə oda atılan oğlan Səməndər quşu kimi alovdan çıxıb sevgilisi Qönçə-pərvanə ilə qoşalaşır. Onlar ölməzlik, əbədilik keyfiyyəti qazanıb alovun ətrafında dolanırlar.[2]