Sərkərtəpə yaşayış yeri

Sərkərtəpə - Xaçmaz rayonunun Sərkərli kəndi ərazisində yerləşən Tunc dövrünə aid yaşayış yeridir.

Sərkərtəpə
Ölkə  Azərbaycan
Şəhər Xaçmaz
Yerləşir Sərkərli
Aidiyyatı Erkən Tunc dövrü
KateqoriyaArxeoloji abidə
ƏhəmiyyətiDünya əhəmiyyətli

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

1982-1986-cı illərdə Xaçmaz rayonu Sərkərli kəndi ərazisində yerləşən qədim yaşayış yerində aparılan qazıntılar zamanı Tunc dövrünə aid tikililərin arxitekturasını müəyyən dərəcədə bərpa etmək mümkün olmuşdur. Burada saman qarışığı olan çiy kərpicdən tikilmiş dairəvi planlı yaşayış binasının qalıqları aşkar olunmuşdur. Axtarışlar zamanı müəyyən edilmişdir ki, bütün evlərin içərisində gildən düzəldilmiş dairəvi formalı, yuxarıya doğru bir qədər genişlənən ocaqlar tikilirdi. Evlərin döşəməsi çiy kərpiclə düzülmüş və gillə suvanmışdır. Erkən Tunc dövrünə aid mədəni təbəqənin qalınlığı 4 metrdir. Yaşayış yerində aparılan araşdırmalar zamanı Erkən Tunc dövrünə aid ziyarətgah aşkar olunmuşdur.

Sərkərtəpədən aşkar olunan ziyarətgah İlk Tunc dövründə yaşayan insanların dini görüşlərinin öyrənilməsi üçün xüsusilə əhəmiyyətlidir. Ziyarətgah daxili quruluşuna görə II Kültəpədən aşkar olunan ziyarətgahlara bənzəyir. Lakin Sərkərtəpə ziyarətgahı daha yaxşı saxlanması ilə fərqlənir.Onun mərkəzi hissəsində dairəvi ocaq, ocağın yaxınlığında dairəvi formalı altı buynuzşəkilli çıxıntısı olan manqal, şimal divarı yaxınlığında qurbangah, qurbangahın yaxınlığından isə buynuzşəkilli çıxıntılara malik sitayiş qurğuları aşkar olunmuşdur[1].

Tədqiqatçıların fikrinə görə, Sərkərtəpədən aşkar olunan keramik məmulatlar üzərindəki müxtəlif motivli naxışlar, o cümlədən Ay, Günəş, at təsvirləri qədim insanların ideoloji görüşlərini əks etdirmişdir. Aşkar olunan tapıntılar burda yaşayan qədim insanların həyatında məhsuldarlığın mənbəyi hesab olunan öküz kultu ilə bərabər, səma cismlərinə sitayişin də mühüm yer tutduğunu göstərir.[2]

  1. Baxşəliyev, Vəli. Azərbaycan arxeologiyası, I cild. Bakı: Azərbaycan Мilli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti. 2006. 94.
  2. Baxşəliyev, Vəli. Azərbaycan arxeologiyası, I cild. Bakı: Azərbaycan Мilli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti. 2006. 95.