Sətirlər üzərində əməllər

Sətirlər üzərində əməllər(string operations,операции над строками,dizgi işlemleri)-sətirlər üzərində yerinə yetirilən əməllər. Tutaq ki, A dəyişəni “ÜZEYİR” sətrini, B dəyişəni isə “HACIBƏYLİ” sətrini ifadə edir. Aşağıda Java dilində bəzi nümunələr verilib: 1.İki sətrin eyni olub-olmamasını bilmək üçün onları müqayisə etmək. Məsələn,

A.equals(B)

(başqa proqramlaşdırma dillərində A==B, yaxud A=B) yalan olacaq.

2. Bir sətrin əlifba üzrə obiri sətirdən öndə gəlməsini müəyyənləşdirmək. Məsələn,

 A.compareTo(B)<=0

yalan olacaq (çünki ÜZEYİR sətri əlifba üzrə HACIBƏYLİ sətrindən sonra gəlir). Başqa proqramlaşdırma dillərində bu, A<B kimi ifadə olunur. Əlifba sırası Unicode simvol kodlarının əsasında müəyyən olunur, ona görə də kiçik hərflər böyük hərflərdən sonra gəlir (Bax: UNICODE).

3. Sətirləri ardarda qoşmaq (konkatenasiya). Məsələn,

 A+“ ”+B

nəticəsində “ÜZEYİR HACIBƏYLİ” alınacaq.

4. Sətrin uzunluğunu hesablamaq. Məsələn, A.length() 6 olacaq.

5. Sətrin istənilən yerindən başlayaraq müəyyən sayda simvolu seçmək. Məsələn,

   
 B.substring(4,7)

əməlinin nəticəsi “BƏY” sətri olacaq.

6. Bir sətrin başqa bir sətrin daxilində olmasını və onun hansı mövqedən başlamasını müəyyənləşdirmək. Məsələn,

  A.indexOf(“EY”)

nəticəsi 2-dir, çünki EY sətri ÜZEYİR sətrinin daxilində 2-ci simvoldan başlayır (birinci simvolun nömrəsi 0-dır). Ancaq

   B.indexOf(“EY”)

nəticəsi -1 olacaq, çünki HACIBƏYLİ sətrinin daxilində EY sətri yoxdur.

7. Ayrıca simvolun Unicode qiymətini müəyyənləşdirmək. Məsələn, əgər C simvol dəyişənidirsə, onda

  (short)C

onun Unicode qiymətini verəcək. Burada short tam dəyişənin tipidir.

8. Verilmiş Unicode qiyməti ilə bağlı olan simvolu müəyyənləşdirmək. Məsələn, əgər K tam dəyişəndirsə, onda

  (char)K

həmin qiymətə uyğun simvoldur.

9. Ədədi təmsil edən sətrin ədədi qiymətini müəyyənləşdirmək. Aşağıda iki nümunə verilib (tam ədəd və sətir üçün):

 String x = “234”;
  int z = Integer.parseInt(x);

  String x2 = “234.567”;
   double z2 = (Double.valueOf(x2)).doubleValue();

10.Ədədi qiyməti sətrə çevirmək. Məsələn,

  String x = String.valueOf(567);

əməlinin nəticəsində x -in qiyməti “567” sətri olacaq.

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 819 s.