Səyyar universitet (pol. Uniwersytet Latający) — üç müxtəlif gizli ali təhsil müəssisəsinin qeyri-rəsmi adı. Bunlardan birincisi 1885-ci ildən 1905-ci ilədək Polşa Çarlığında, o birilər 1977-dən 1981-dək Polşa Xalq Respublikasında fəaliyyət göstərmişdilər. PXR dövründə fəaliyyət göstərən iki müəssisə 1885-ci ildən Polşa Çarlığında fəaliyyət göstərmiş və 1905-ci ildən sonra rəsmi Elmi kursları cəmiyyətinə (pol. Towarzystwo Kursów Naukowych), o da öz növbəsində 1918-ci ildə Azad Polyak Universitetinə çevrilmiş gizli birinci Səyyar universitetlə mənəvi əlaqənin mövcudluğuna iddialıydılar. “Səyyar universitet” adı təhsil müəssisələrinin qanuni yerlərinin olmadığı və tələbələr üçün mühazirələrini daim müxtəlif konspirativ yerlərdə keçirdiklərindən gizli vəziyyətindən irəli gəlirdi.[1].
Belə təhsil müəssisələrinin yaradılmasının məqsədi polşalı gənclərə hakim iqtidarın qoyduğu ideoloji tələb və çərçivələrin nəzarətində olmayan təhsil vermək imkanının yaradılması idi. XIX əsrdə Polşada geniş almanlarşdırma və ruslaşdırma siyasəti aparılırdığından burada əsas diqqət polyak özünüdərkinə aid elmi fənnlərin tədrisinə yetirilirdi [2][3][4].
Polşa Çarlığı dövründə Səyyar universitetin yaradılması və təşkili təcrübəsi 1939-1944-cü illərdə alman işğalı zamanı polşalı professor-müəllim heyətinə buna bənzər ali kursların təşkilində yardımçı olmuşdur. İkinci dünya müharibəsi illərində gizli ali kurslar Gizli Polşa dövləti quruluşunun və mülki müqavimətin əsas elementlərindən biri idi.
Polşa Xalq Respublikası illərində gizli təhsil müəssisəsində oxumağın əsas motivi tədris prosesinə dövlət senzurası və nəzarəti çərçivələrindən kənarda təhsil almaq imkanı idi.
1882-ci ildə Varşavada gizli mənzillərdə o zamanlar rəsmi ali təhsil müəssisələrində təhsil almaları qadağan olan qadınlar üçün gizli kurslar təşkil olunmuşdu[5]. 1882/1883-cü tədris ilini bir neçə dinləyici qrupu üçün professrolar Yuzef Semaşko, Stanislav Norblin, Pyotr Xmelyovski və Vladislav Smolenski aparırdılar. 1885-ci ildə bu qadın kursları qeyri-rəsmi “Səyyar universitet” adı almış gizli ali məktəbə çevrildilər. 1885-ci ildə müdavimlərdən biri – Yadviqa Şavinskaya-Davidova pərakəndə qruplar üçün ümumi tədris proqramı yazaraq onları bir strukturda birləşdirdi [6]. Aylıq tədris haqqı müəyyən edildi (2-4 manat). Yığılan mələğlər müəllimlərin haqlarının ödənilməsinə və gizli elmi kitabxananın təşkilinə yönəldilirdi. Səyyar universitetdə təhsil altı il dava edirdi və elmi fənlərin dörd blokunun tədrisini əhatə edirdi: ictimai, tarixi-filoloji, pedaqoji və riyazi-təbii elmlər. Həftə ərzində tələbələr 8-11 saat ərzində mühazirələr dinləyirdilər. Mühazirəçilər arasında tarixçi Vladislav Smolenski və Tadeuş Korjon, ədəbiyyatşünas Bronislav Xlebovski, İqnatsi Xşanovski, Pyotr Xmelyovski və Manfred Kridl, filosof Adam Marburq, sosioloq Lüdvik Kşivitski və bioloq Yuzef Nussbaum-Hilaroviç kimi polşalı alimlər var idi [7].
Hesab olunur ki, Səyyar universitetin mövcud olduğu illərdə onu beş minə yaxın adam bitirmişdir [8]. Universitetin ən məşhur məzunu Nobel mükafatı laureatı olmuş Mariya Sklodovskaya-Küri olmuşdur [2],[9]. Başqa məşhur tələbələrdən Sofya Nalkovskaya və Yanuş Korçakı qeyd etmək olar [10].
1905-ci ildən Səyyar universitet gizli fəaliyyətdən çıxaraq “Elmi kursları cəmiyyəti” kimi qeydiyyata alnmışdır[11]. Öz fəaliyyətini qanuni təşkilat kimi davam etdirən Elmi kurslar cəmiyyəti 1918-ci ildə Azad Polyak Universitetinə çevrilmişdir.
1977-ci ildə bəzi müxalifət nümayəndələri şəxsi mənzillərdə gizli kurslar təşkil edərək bu kurslara Polşa Çarlığında fəaliyyət göstərmiş tarixi gizli təhsil müəssisəsi ilə analogiyaya görə Səyyar universitet adı verdilər. Bu kurslarda humanitar və ictimai elmlər tədris olunurdu. Bu gizli qrup 1979-cu ildə kommunist hökuməti tərəfindən qismən dağıdıldı.
1978-ci ildə siyasi dissidentlərin bir qrupu gizli kurslar təşkil edərək onlara 1905-1918-ci illərdə Polşada qanuni fəaliyyət göstərmiş Elmi kurslar cəmiyyəti ilə analoji ad verdilər. Gizli təhsil müəssisəsnin yaradılmasının məqsədi insanlara dövlət senzurasından azad təhsilin verilməsi idi. Mühazirələr şəxsi mənzillərdə və katolik kilsələlərində keçirilirdi. Tədris proqrammını Stefan Amsterdamski, Andjey Tselinski, Bogdan Tsıvinski, Aldona Yavlovskaya, Yan Kelyanovski, Andjey Kiyovski, Tadeuş Mazovetski və Voysex Ostrovski hazırlamışdılar. 1978-ci ildən Səyyar universitet üzərində hamiliyi də Elmi kurslar cəmiyyəti həyata keçirirdi. 1981-ci ildə ölkədə hərbi vəziyyət elan olunduqdan sonra Elmi kurslar cəmiyyətinin fəaliyyəti dayandırılır.