Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sağlamlıq evləri və ya Dar-üş-şəfa[1] — Qazan xanın vəziri, orta əsrlər Azərbaycanının görkəmli tarixçisi, islahatçı və dövlət xadimi Rəşidəddinin təşəbbüsü və tanınmış Azərbaycan təbibi Mahmud ibn İlyasın iştirakı ilə "Sağlamlıq evləri" - çağdaş anlamda özünəməxsus klinik mərkəzlər şəbəkəsi.
Mərkəzi "Sağlamlıq evi" Təbrizdə yaradılmış və öz ətrafında bütün şərqdən alimlər cəmləşdirmiş, belə demək mümkünsə, "Elmlər Akademiyası"nın nəzdində yerləşirdi. Baş tibb məktəbi də burada idi. Rəşidəddin özünün məşhur "Tarix" əsərində göstərirdi ki, Təbrizdə elmin demək olar ki, bütün sahələrinin 500-dən artıq nümayəndəsi çalışırdı. Onlar buraya Hindistandan, Misirdən, Çindən, ərəb ölkələrindən və dikər dövlətlərdən gəlmişdilər. Burada həmçinin 6000-ə qədər tələbə də təhsil alırdı. Elə oradaca göstərilir ki, Təbrizdə kitabxanalar və müxtəlif elmi idarələr təşkil olunmuşdu.
Burada səhiyyənin təşkilində həlledici rolu həkim-alim Mahmud ibn-İlyasın elmi istedadı və təşkilatçılıq bacarığı oynamışdı. Təsadüfi deyil ki, Rəşidəddin Mahmud ibn İlyası "öz dövrünün Əflatunu, öz əsrinin Ərəstunu" adlandırmışdı. Yaxın Şərqdə ilk "Sağlamlıq evi" hələ çox-çox qabaq İbn Sinanın təşəbbüsü ilə yaradılmışdı. Şirvanda belə bir müalicə mərkəzinin -Məlhəm Tibb Akademiyasının - yaradıcısı isə görkəmli həkim-alim Ömər ibn-Osman Kafiəddin idi. O, məşhur şair Xaqani Şirvaninin əmisi idi. Görünür, onun təcrübəsi Mahmud ibn İlyas və onun əməkdaşları tərəfindən Azərbaycanda "Sağlamlıq evləri" yaradılarkən geniş istifadə olunmuşdur. Belə ki, öz səyahətlərindən birini təsvir edərkən Mahmud ibn İlyas yazır ki, vətənə dönəndə "Şirvan haqqında danışmaq, Kafiəddindən aldığı nəsihətləri yada salmaq məqsədi ilə yolüstü Bağdadda böyük həmyerlimə baş çəkdim, Şirvan haqqında xatirələr həmişə bizim üçün xoşdur."
Tibb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |