Saday Əliyev

Saday Əliyev 1948-ci il iyulun 1-də Hacıqabul rayonunun Navahı kəndində, ziyalı ailəsində dünyaya göz açmışdır. 1966-cı ildə Nizami adına Navahı kənd orta məktəbinin 11-ci sinfini qızıl medalla bitirmişdir. Elə həmin il N. Nərimanov adına Azərbaycan Tibb Universtetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1972-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur.

Saday Ağalar oğlu Əliyev
Doğum tarixi (76 yaş)
Doğum yeri Hacıqabul rayonu, Navahı kəndi
Vətəndaşlığı Azərbaycan vətəndaşı
Milliyyəti Azərbaycanlı
İxtisası həkim-cərrah
Təhsili ali
Fəaliyyəti professor
Mükafatları Nyu-York Elmlər Akademiyasının qızıl medalı

Saday Əliyev 1972–1974-cü illərdə Almaniyadakı Sovet Qoşun qruplarının tərkibində hərbi həkim, 1974–1978-ci illərdə Bakı şəhəri, Qaradağ rayonunun 23 saylı birləşmiş xəstəxanasında cərrah işləmişdir. Lakin, Saday Əliyev həkim işləməklə yanaşı, elmin sirlərinə yiyələnmək arzusu ilə yaşayırdı. Bu istəklə o,1978-ci ildə ATU-nun "Cərrahiyyə" ixtisası üzrə kliniki ordinaturasına daxil olmuş,1980-ci ildə oranı bitirdikdən sonra I hospital cərahiyyə kafedrasında baş laborant vəzifəsində saxlanmışdır. 1988-ci ilədək I cərrahi xəstəliklər kafedrasının assisenti, 1996–2006-cı illərdə dosent vəzifələrində işləmişdir. 1988-ci ildə "Yüksək risk qrupundan olan xəstəliklərdə öd daşı xəstəliyinin müasir operativ müalicəsinin təhlili" mövzusunda namizədlik dissertasiyasını, 2001-ci ildə isə "Çənbər bağırsağın şiş mənşəli obturasion keçməzliyinin cərrahi müalicəsinin nəticələrinin yaxşılaşdırılması yolları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Saday Ağalar oğlu Əliyev 2006-cı ildə ATU-nun Elmi şurasının qərarı ilə I cərrahi xəstəliklər kafedrasının professoru seçilmişdir. O, Tibb Universitetinin Elmi şurasının üzvü, Doktorluq Dissertasiya Şurasının Elmi katibidir. Yerli və müxtəlif ölkələrin mətbuatında dərc olunmuş 230 elmi məqalənin, 5 metodik tövsiyənin, 7 səməriləşdirici təklifin, 3 tədris-metodik vəsaitin, 3 monoqrafiyanın,1 dərsliyin və ixtira patentinin müəllifidir. Bu fədakar insan Vətənin ağır günlərində 1992–1994-cü illərində könüllü olaraq cəbhə bölgəsinə yollanmış, Qazax rayonunun Ermənistanla sərhəd bölgəsində yaralı əsgərlərmizə tibbi yardım göstərərək, önəmli əməliyyatları birbaşa cəbhə bölgəsində həyata keçirmişdir. Professor Saday Əliyev tək vətəndə deyil, xaricdə də çox tanınmışdır. O,1995-ci ildən Nyu-York Elmlər Akademiyasının və 1998-ci ildən N. Piroqov adına Rusiya Cərrahlar Assosiasiyasının üzvüdür. 2007-ci ildə professor Saday Əliyevin adı Amerika Biblioqrafiya İnstitutunun Baş Redaktorlar İdarəsinin geniş tirajla planlaşdırdığı "XXI əsrin böyük zəkaları"seriyasından olan kitaba salınmışdır. Topluda öz elmi və ictimai-siyasi nailiyyətləri ilə tanınmış Albert Eynşteyn, Mark Tven, Martin Lüter Kinq, Dalay Lama, Mahtama Qandi, Tereza Ana, Marqaret Tetçer, Con Kennedi kimi şəxsiyyətlərin siyahısı dərc olunacaqdır. Bu siyahıya baxanda ürəyin fərəhlə döyünür, çünki həmyerlimizin adı dünyanın böyük şəxsiyyətləri ilə bir cərgədə durur. Nyu-York Biblioqrafiya İnstitutu keçən il və bu il professor Saday Əliyevi "ilin adamı " elan etmişdir. 2010-cu ildə bu görkəmli elm adamı Nyu-York Elmlər Akademiyasının qızıl medalına layiq görülmüşdür. Professor Saday Əliyev təcrübəli klinisist, yüksək ixtisaslı və geniş diapazonlu cərrah kimi ölkəmizdə şöhrət qazanmışdır.