Sahil mühafizəsi ölkələrin dənizlərdən olan təhlükəsizliyini (hüquq-mühafizə orqanı) təmin edən təşkilatdır.
Sahil mühafizəsi xidmətlərinin tərifi və əhatə dairəsi və onları həyata keçirən orqanın strukturu ölkələrin müvafiq qanunvericiliklərindən asılı olaraq ölkələr arasında çox böyük fərqliliklər göstərə bilir. Sahil mühafizəsini icra edən orqanların vəzifələri sırasına dəniz qanunvericiliyinin tətbiqi, milli dəniz sərhədlərinin mühafizə edilməsi, patrul xidmətləri, dəniz və ya sahildə həyata keçirilən narkotik qaçaqmalçılığı, silah qaçaqmalçılığı, insan qaçaqmalçılığı və digər qeyri-qanuni kommersiya fəaliyyətləri ilə mübarizə aparmaq, dənizin çirklənməsi ilə mübarizə aparmaq, dəniz gəmiləri və dənizdə olan şəxslərin mühafizəsi və xilas edilməsi ilə bərabər milli və beynəlxalq qanunvericiliklə nəzərdə tutulmuş digər fəaliyyətlərin həyata keçirilməsi daxildir. Xüsusilə də müharibə dövründə bu vəzifələr limanların təhlükəsizliyinin təmin edilməsi və dəniz kəşfiyyatını əhatə edəcək şəkildə genişləndirilə bilər.
Azərbaycan Respublikasında sahil mühafizə xidmətini Dövlət Sərhəd Xidmətinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi təşkil edir.[1]