Sampdoriya FK — İtaliyanın futbol klubu.
Sampdoriya FK | ||||
---|---|---|---|---|
| ||||
Ölkə | ||||
Ləqəb(lər) | Göy haşiyəli (blucerchiati) | |||
Rəng(lər) | göy, ağ, qırmızı, qara | |||
Yaranma tarixi | 1946 | |||
Stadionu | Luici Ferraris | |||
Tutumu | 36,599 | |||
Prezidenti | Massimo Ferrero | |||
Kapitanı | Fabio Kuagliarella | |||
Liqa | İtaliya A Seriyası | |||
2022–23 | 20 | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Apenninin ən gənc komandalarından biri olan "Sampdoriya" 1946-cı ildə iki Genuya klubunun – "Sampyerdareneze" ilə "Andrea Doriya"nın birləşdirilməsi yolu ilə yaradılıb.
"Bluçerkyati"nin çiçəklənmə dövrü 1980–1990-cı illərə təsadüf edir. O vaxt klub rəhbərlərinin hələ heç biri komandalarının borc çuxuruna düşəcəyi barədə ciddi düşünmürdü. Kiçik stajlı azarkeşlər də xatırlayar ki, həmin zamanlarda hər bir ambisiyalı, özünə hörmət edən klub mövsümün startından öncə heyətini səs-küylü adları olan bir sıra oyunçularla – bir qayda olaraq yığmalarda çıxış edən futbolçularla gücləndirirdi. Rəhbərlərin düşüncə tərzi belə idi: transferlərə, məvaciblərə, qonorarlara xərclənən pulların əvəzi reklamdan, mövsümi abunələrdən və teleyayım hüququndan gələn gəlirlə çıxacaq. Lakin illər keçdikcə xərclər gəlirlərdən daha da çox olurdu. Bu da transfer qiymətlərinin və məvaciblərin mütəmadi olaraq artması ilə bağlı idi. Belə ritmə tab gətirməyən komandalardan biri də "Sampdoriya" oldu.
Lakin ondan başlamaq lazımdır ki, 1977-ci ilin yazında "A" Seriyasını tərk edən "Sampa" qayıdış anını altı il gözləməli oldu. Komanda həmin çempionatı uğurla keçirdi – 7-ci yer. Onun hücumunu artıq gənc Roberto Mançini yönləndirirdi. 19 yaşlı forvard 1983/84-cü illər mövsümündə 8 qolla klubunun ən yaxşı bombardiri oldu. Bununla belə, "bluçerkyati"nin rəhbərliyi anlayırdı ki, Mançini nə qədər istedadlı olsa da, təkcə onunla uzağa getmək olmaz. Buna görə də tezliklə vunderkindin köməyinə ingilislər Sunesslə Frensis, eləcə də italyanlar Vialli və Verxovod gətirildi.
Birdən-birə möhkəmlənən kollektiv artıq 1985-də İtaliya Kubokuna sahib çıxdı. Sonralar isə "Sampa" daha üç dəfə ölkə kubokunda qələbəni bayram etdi, "skudetto"nun qalibi oldu, Kuboklar Kubokunu və İtaliya Superkubokunu qazandı, Çempionlar Kubokunun finalında iştirak etdi, onun heyətindən isə alman Brigel, holland Qullit, ingilis Platt, braziliyalı Toninyo Serezo, sloveniyalı Katanets, serblər Yuqoviçlə Mixayloviç, ukraynalı Mixayliçenko, argentinalılar Veron və Orteqa, italyanlar Palyuka, Mannini, Lombardo, Sinyori, Hans, Kyeza, Branka, Evani, Montella kimi ustalar keçdi. Hamısını heç xatırlamaq da olmur. Lakin bu titul yarışı 90-cı illərin ikinci yarısında enişə doğru istiqamət aldı. Həmin vaxt genuyalıların bossları şiddətlə pisləşən maliyyə tarazlığına diqqət yetirməyə başladılar.
1998/99-cu illər çempionatından əvvəl "Sampdoriya" Veron, Mixayloviç və Sinyori ilə yollarını ayırmalı oldu. Doğrudur, komanda əvvəlki tək döyüşkən idi. Və heç nə həmin mövsüm baş vermiş fiaskodan – "B" Seriyasına enişdən xəbər vermirdi. Bax beləcə Genuya nağılı yarımçıq qaldı. Amma əbəs yerə demirlər ki, hər şeyin əlacı zamandır. Əgər komanda elitada qalsaydı, bəlkə də, iflasa uğramış və bir müddət dördüncü divizionda vaxt keçirmiş "Fiorentina"nın aqibəti ilə üzləşəcəkdi. "Sampdoriya"nın idman prinsipləri əsasında bir dərəcə aşağı düşməsi klubun büdcəsini nəzərə çarpacaq dərəcədə yaxşılaşdırmağa imkan yaratdı.
1999-cu ilin yayında genuyalılar Montella ilə Orteqanın satışından əlverişli məbləğ əldə etdilər və daha rahat nəfəs almağa başladılar. 2003-cü ilin yayından, elitaya qayıtdığı andan isə "bluçerkyati" artıq imkanlarını yaxşı götür-qoy edir və ildən-ilə klubun seleksiya fəaliyyəti ən ideal qiymətlə dəyərləndirilir. Klub kimisə icarəyə götürür, başqalarını heyətinə azad bazardan pulsuz cəlb edir. Ümumilikdə isə cari birinciliyə qədər "Sampa"nın sükanını idarə etmiş Valter Novellino, indi isə onun əvəz etmiş adaşı Mazzari İtaliyanın ən güclü komandaları ilə bərabər səviyyədə mübarizə apara biləcək kollektiv qura bilib.
Novellinonun vaxtında irəli hərəkət 2004/05 mövsümündə 5-ci yerdə tamamlandı. Lakin növbəti iki ildə "Sampa"nın inkişafı dayandı və baş məşqçinin postundan uzaqlaşdırılması məntiqli nəticə oldu. Novellino artıq bu kollektivdə bütün potensialından istifadə etmişdi. Yeni ideyalarla gələn Mazzari o dəqiqə qollarını çırmalayıb işə girişdi.
Mövsümlərarası fasilədə komanda heyətini yaxşı şəkildə gücləndirdi. Klub rəhbərliyi ümidlərini hünərini "Reccina"da göstərmiş allenatorenin özü ilə bağlayır. Ötən mövsümdə mütəxəssis xilaskar məşqçi nüfuzunu qazanmışdı. Böyük xal cəriməsinə və diqqətəçarpan kadr itkilərinə baxmayaraq, Mazzari kalabriyalıları "A" Seriyasında saxlaya bilmişdi. O, lazımi söz tapıb komandasında sonsuz nikbinlik və mübarizə əzmi yarada bildi. Axı əvvəllər heç nə ilə yadda qalmayan və mövsüm ərzində hətta üç top belə vurmamış forvard Byankinin 18 dəfə fərqlənməsini nə ilə izah etmək olar?..
Mazzari indi elə də məşhur olmayan üç müdafiəçi, iki dayaq havbeki və iki cinah yarımmüdafiəçili sxemə üstünlük verir. İrəlidə isə üç futbolçu öz şansını gözləyir, onlardan ikisi meydanın dərinliyindən hərəkət edir. Belə quruluş köhnəlmiş sayılır, amma onun bəhrəsi pis deyil. Xüsusən də əl altında Kassano və Beluççi kimi (təəssüf ki, doğma yurduna qayıdan Motella zədələnib) ustalar, eləcə də Maco, Palombo, Volpi, Cennaro və Delvekkio kimi çalışqanlar olanda.
Mazzarinin özü taleyinin ona Genuyada işləmək şansı verdiyi üçün xoşbəxtdir: "İlk günlərdən uşaqların işə münasibəti məni heyrətə gətirdi. Özünü qurban verən, əldən düşənədək çalışan oyunçularla tanış oldum. Onlar ciddi futbolçulardır, göstərişlərimə əməl etməyə hazırdırlar. Hərçənd bunun hələ mənim "Sampdoriya"m olduğunu deyə bilmərəm. İrəlidə hələ çox iş var. Lakin mən limit müəyyənləşdirmirəm. Sadəcə istəyirəm ki, futbolçular inkişaf etsinlər və heç vaxt özlərindən razı qalmasınlar. Eləcə də onların özlərinin hansısa hədd müəyyənləşdirmələrini istəmirəm. Əgər nəyisə yaxşı etsək, daha artığına nail olmağa çalışacağıq.