Sanqvinik – bu tipə aid insanlar emosional, zirək və diribaş olurlar. O qədər zirəkdirlər ki, onları bir dəqiqə bir yerdə saxlamaq qeyri-mümkündür. Həmişə hara isə tələsirlər, gedirlər, gəlirlər. Oturaq iş onlarlıq deyil. Ətrafda olan heç nə onların diqqətindən kənarda qalmır. Hər şeyə maraq göstərirlər. Və onların maraq obyektləri tez-tez dəyişir. Psixoloqların təbirincə desək, sanqviniklərin maraqları davamsız və qeyri-sabitdir. Elə ona görə də, böyük həvəslə, coşğunluqla başladıqları işdən son dərəcə süstlüklə də əl çəkirlər.[1]
Heç bir tip sanqvinik qədər istənilən şəraitə, vəziyyətə tez uyğunlaşa bilmir. Sanqviniklərin bu xüsusiyyətini qeyd edən psixoloqlar bir qədər mübağiləyə yol verərək, söyləyirlər ki, "sanqvinik yadplanetlilərin arasına düşsə belə, onun üçün vəziyyət elə də cansıxıcı olmayacaq. Qısa zaman ərzində onlarla dil tapacaq. Və həyatdan həzz almağı bacaracaq". Bir sözlə, bu qəbildən olan insanlar istənilən şəraitə tez alışırlar. Son dərəcə emosional olsalar da, yaddaşları zəifdir. Onlar üçün sanki hər şey bir anlıqdır: tez sevinib, tez də kədərlənirlər. Ancaq heç nə onları təbdən çıxarmır. Çünki sevinci də, kədəri də tez unudurlar. Bir sözlə, onlar üçün yalnız bu gün, bu saat, bu an var. Eyni zamanda bu tip insanlar təsir altına tez düşürlər. Elə buna görə də bu insanlardan bəziləri son dərəcə özbaşına, bəziləri isə bunun tam əksinə olaraq, intizamlıdır.