Sarıtəpə yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə
Sarıtəpə yaşayış yeri Qazax şəhərinin cənub-şərqində yerləşir. Yaşayış yerində 1956-cı ildə İ.H.Nərimanov tərəfindən tədqiqat işlərinə başlanmışdır. Aşkar olunan arxeoloji materiallar əhalinin məşğuliyyəti və həyat tərzi haqqında məlumat verir. Yaşayış məskəninin qalıqlarına əsasən binanın ilkin planını bərpa etmək mümkün olmuşdur. Daxili hissədə ümumi sahəsi 300 kv. m olan böyük zal, zalda «Persopol» üslubunda dirəklər vardı.
Tədqiqatçılar müəyyən etmişlər ki, e.ə. VII əsrdə Sarıtəpədə güclü yanğın baş vermişdir. Yanğından əmələ gəlmiş kül qatından ibarət təbəqənin qalınlığı 0,7 m-ə çatır. Həmin təbəqədən aşkar olunmuş yerüstü binaların inşasında çay daşlarından, saman qarışıqlı palçıqdan, həmçinin ağacdan geniş istifadə olunmuşdur. Sarıtəpədə qeydə alınan yaşayış binaları uzunsov, dördkünc formalıdır. Binaların divarları çay daşları ilə hörülərək, gil məhlulu ilə möhkəmləndirilmişdir. Divarların içərisi və evlərin döşəməsi gillə suvanmışdır.
Arxeoloji qazıntılar zamanı Sarıtəpədən xeyli təsərrüfat və dini xarakterli binaların qalıqları aşkar olunmuşdur. Öyrənilmişdir ki, bu abidələr öz xarakterləri baxımından bir ailə və ya kiçik bir kollektivə aid deyil, böyük icmaya məxsus olmuşdur. Elə buna əsaslanaraq tədqiqatçılar Sarıtəpəni böyük tayfa ittifaqlarından birinin mərkəzi hesab edirlər.
Arxeoloji tədqiqatlar zamanı yaşayaş yerindən Xocalı- Gədəbəy mədəniyyəti üçün xarakterik olan tunc bəzək əşyaları, boz və qara rəngli iri təsərrüfat küpləri, üzəri cızma naxışlı məişət qabları, yanmış taxıl və üzüm dənləri, xırdabuynuzlu və iribuynuzlu heyvan sümükləri əldə edilmişdir. Yaşayış yerindən aşkar olunan heyvan başlıqlı tunc qolbaqlar, dairəvi və düzbucaq formalı gil möhürlər diqqəti cəlb edir. Bu möhürlərin aşkar olunması, Son Tunc dövründə xüsusi mülkiyyətin mövcudluğunu təsdiq edən faktlardan biridir. Yaşayış yeri aşkar olunan arxeoloji materiallar əsasında e.ə. II minilliyin sonu, I minilliyin əvvəlinə aid edilir.