Saray Bərkə

Saray Bərkə — bu orta əsr şəhəri mənbə və məxəzlərdə həm də Saray əl-Cədid, Şəhr əl-Cədid əl Məhrusə, Orda əl-Cədid kimi də çəkilir. Qızıl Orda imperiyasının paytaxtı olmuşdur.

Saray Bərkənin xarabalıqları Volqoqrad vilayətinin Lenin rayonuna daxil olan Tsarev kəndi (Aktoba çayı üzərində) ərazisindədir. Şəhəri 1260-cı ildə Qızıl Orda xanı Bərkə xan (1256–1266)saldırmışdı.[1]

Batı xan öldüyü il, hakimiyyətə Batı xanın qardaşı Bərkə (və ya Bərkay, Bərkə Oğul) keçir. Bərkə müsəlman idi; tarixdə ilk müsəlman Qızıl Orda hökmdarı olaraq düşən Bərkə xan islamiyyəti hələ qardaşı oğulları zamanında qəbul etmişdi.[2] Bərkə xanın İdil kənarında geniş düzənlikdə saldırdığı Saray Bərkə şəhəri geniş küçələri, böyük və dolu bazarları olan möhtəşəm bir şəhər idi.

Həqiqətən vaxtilə Sarayda olan səyyahların göstərdiyi kimi XIV əsrin I yarısında şəhər özünün tərəqqi dövrünü yaşamaqda idi. Belə ki, 1333-cü ildə Saray Bərkədə olmuş İbn Bəttutə Saraydan böyük (səyyahın qeydinə görə onun ətrafını atla bir günə dolanmaq olarmış) abad şəhər kimi bəhs edərək burada bir çox xalqların — monqollar, aslar, qıpçaqlar, çərkəzlər, ruslar və başqalarının yaşadıqlarını göstərir.[3]

Saray Bərkədə Cuci ulusu xanlarının sikkələri (bunlar elm aləmində Cuci sikkələri adı ilə məşhurdur) kəsilirdi. Yeri gəlmişkən qeyd edək ki, bu nümunələrdən Azərbaycan ərazisində də tapılmışdır. Bu XIII–XIV əsrlərdə Qızıl Ordada kəsilən gümüş və mis sikkələr idi. Üstündə şir, ikibaşlı quş və tamğa – Cuci xanədanının tamğası "möhürü", digər üzündə xanın adı və zərb olunduğu yer və il göstərilirdi. Qızıl Ordanın süqutundan sonra XV əsrin ortalarına qədər Kazanda kəsilməkdə idi.

Öz qaynı Berdi bəyin (Berdi bəy məşhur Özbək xanın nəvəsidir) vasitəsilə Krıma, faktiki olaraq isə Qızıl Orda dövlətinin qərb hissəsinə hakimlik edən Mamay bütöv hakimiyyət uğrunda mübarizəyə başlarkən Saray əl Cədidi dəfələrlə ələ keçirib talamışdı. Nəhayət, Qızıl Orda xanları ilə ardıcıl müharibələrə girişən Əmir Teymur 1395-ci ildə Saray Bərkəni tamam dağıtdı.

Çarizmin Astarxanın fəthindən sonra aşağı Volqa əraziləri Rus dövlətinin tərkib hissəsinə çevrildi. Saray Bərkədə aparılmış arxeoloji qazıntılar nəticəsində külli miqdarda maddi mədəniyyət nümunələri və sikkələr tapılmışdır. Bu tapıntılardan biri də XIV əsrdə məhv edilən bu şəhərdən qazıntı nəticəsində ələ keçmiş bürünc qələm ucluğudur. Bununla da mədəniyyət aləmi məhz bu ərazidə yayılmış erkən metal pero ilə qarşılaşır. Qələm fayans mürəkkəb qabı ilə birlikdə Dövlət Ermitajına verilmişdir. Deməli, bütöv Avropada əgər belə qələm ucluğu yalnız XVIII əsrdən istifadə edilməyə başlanılmışsa da Volqaboyunda onunla xeyli əvvəl tanış olduqları məlum olur.

  1. Греков Б. Д., Якубовский А. Ю.|заглавие = Золотая Орда и её падение|ссылка = http://krotov.info/lib_sec/04_g/gre/grekov_01.htm%7Cстраницы Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine =
  2. İslam Ansiklopedisi, 5 c, s.506
  3. Очерки по истории Волгоградская края, Волгоград, 1974, с.32