Satya Sai Baba (23 noyabr 1926 - 24 aprel 2011) — ardıcılları tərəfindən canlı ilah və avatara kimi qəbul edilən məşhur hindistanlı quru və mənəvi ustad.
Satya Sai Baba | |
---|---|
tel. సత్య సాయిబాబా | |
Doğum tarixi | |
Doğum yeri | Puttaparti, Andra Pradeş, Hindistan |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | Puttaparti, Andra Pradeş, Hindistan |
Vəfat səbəbi | ürək tutması[d] |
Fəaliyyəti | dini rəhbər[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Adı sanskrit dilində "həqiqi ana və ata" mənasını ifadə edən Satya Sai Baba 1926-cı ildə Hindistanın şimal kəndlərindən birində dünyaya göz açmışdır. O, xatirələrində 14 yaşında komaya düşdüyünü, iki ay güclü ağrılar keçirdiyini, tez-tez huşunu itirdiyini və bu hadisələrdən sonra parapsixoloji qabiliyyətlərinin genişlənərək, inkişaf etdiyini söyləmişdir. Tezliklə o, özünü Şivanın yeni təcəssümü, "müqəddəs hesab olunan və möcüzə göstərən" Şirdi bölgəsinin sakini Sai Babanın (1856-1918) xələfi və Şahtilərdən (Krişnanın təzahür forması) biri kimi yenidən zühur edəcəyini iddia etmişdir.
Satya Sai Baba özünü "canlı Tanrı" adlandırdıqdan sonra ailəsini və yaxınlarını tərk etmiş, ardıcıllarının köməyi ilə Puqqaparti kəndində "Daimi sükut iqamətgahı" ("Praşanti Nilayam"), sonradan isə "Satya Sai Baba Foundation" adlı beynəlxalq təşkilatlar yaratmışdır. O, nüfuzunun artması üçün hər hansı xalq və din deyil, bütün bəşəriyyət naminə yer üzərinə zühur etdiyini deyirdi. Onun ideoloji təlimində üzdə sevgi və həqiqət vasitəsilə Tanrıya yol tapmağın mümkünlüyünü insanların qardaşlıq və əməkdaşlıq təşəbbüsü kimi konsepsiyalar əsas yer tutur.
1976-cı ildə Sai Baba öz dini təlimini cəmiyyətə açıq şəkildə bəyan edərək demişdir: "Biz təbiətcə məkan və zaman baxımından məhdudlaşdırılmamışıq. Bizim mövcudluğumuz sərhədsiz, dəyişilməzdir, yalnız səadət və xoşbəxtliyə əsaslanır. Sevgi vasitəsilə insan taleyinin sahibinə, əks təqdirdə isə o, öz hisslərinin əsirinə çevrilir. İnsan özünü Tanrıdan fiziki deyil, mənəvi cəhətdən təcrid edir. Fikirlərinizlə hərəkət edin və onları Tanrıya istiqamətləndirin".
Sai Babaya görə, firavan yaşamaq üçün on həyat prinsipinə əməl edilməlidir:
ABŞ-da Sai Babanın gündəmə gəlməsi keçən əsrin iyirminci illərdə Rusiyadan buraya köçmüş və restoranlarda rəqqasəlik edən Yevqeniya Petersonun adı ilə bağlıdır. Bu qadın uzun müddət Şərq ölkələrində, əsasən, Hindistanda yaşamışdır. O, 1947-ci ildə ilk dəfə Holivudda hatha-yoqa kursları açmışdır. Onun açdığı yoqa məktəbi sonralar ABŞ sərhədlərini aşaraq Meksikaya da yayılmışdır. Sai Babanın pərəstişkarı olan bu qadın vurğulayırdı ki, hər kəs İsa, Budda və Krişnanın təsirini özündə hiss etmək istəyirsə, Satya Sainin təlimini öyrənməlidir. Onun fikrincə Sai Baba həmin müqəddəslərin yer üzərindəki yeni təzahür formasıdır.
Keçən əsrin 70-ci illərindən etibarən Sai Babanın ardıcılları Şimali Amerika və Qərbi Avropaya da yayılmışdır. Onlar müxtəlif şəhərlərdə Sai Baba haqqında kitablar nəşr etdirir, çıxışlarını internet və videokassetlər vasitəsilə yayırdılar. Məktəb, otel və xəstəxanalarda təbliğat işi aparırdılar.
Satya Sai Baba Puqqaparti şəhərində tərəfdarlarının vəsaiti hesabına monastır kompleksi inşa etdirmişdir. Bu kompleksin nəzdində dini kollec, xəstəxana, bir neçə çoxmərtəbəli mehmanxana, dünya dinləri muzeyi və kiçik aeroport fəaliyyət göstərir. Monastırın tavanı qızılla örtülmüşdür.
Sai Baba tərəfdarlarını inandırmağa çalışırdı ki, o, yalnız yuxa, düyü və isti su ilə qidalanır. Həqiqətdə isə onun təkcə şam yeməyinə 6-8 növ yemək daxildir. Son illərdə "Allaha sadiq insan" kimi tanınan Sai Babanın yalançı və fırıldaqçı olduğu aşkarlanmışdır. Bununla əlaqədar o, ardıcıllarını durmadan itirməyə başlamışdır. Çünki onun inşa etdirdiyi Puqqaparti kollecində təhsil alan uşaq və gənclərin müntəzəm cinsi zorakılığa məruz qaldığı məlum olmuşdur. Lakin zorakılıqla qarşılaşanlar heç bir adekvat addım ata bilməmişlər. Bunun əsas səbəbi onların ciddi şəkildə nəzarətdə olması və valideynlərinin Sai Babaya pərəstiş etmələridir.
Puqqapartidə yerləşən "Praşanti Nilayam" mərkəzində Sai Babanın şagirdləri ilə görüşmək üçün nəzərdə tutulan "Sai Qulvant" adlı böyük zal, bir neçə monastır, qonaq otağı, ticarət kompleksi və xəstəxana fəaliyyət göstərir. Aşramın yaxınlığında məktəb və institut, oyun meydançası, eləcə də böyük müasir aeroport mövcuddur. Bu mərkəzin fəaliyyət dairəsinə inzibati məsələlərin həlli, bütün dünyanı əhatə edən on beş regiondan məlumatların toplanması daxildir. Hər regionun iç bölmələri, coğrafi prinsiplə bölünmüş ərazisi, yəni ölkə, rayon və yaşayış məntəqəsi mövcuddur. Rusiya və MDB məkanına daxil olan ölkələr üçüncü regiona daxildir.
Təzadlı mahiyyətinə baxmayaraq, hazırda Hindistanla yanaşı, başqa ölkələrdə də Sai Baba təlimi tədris edilir.
Şəxsi təxəyyülün məhsulu olan, eyni zamanda, maddi-mənəvi ehtiyacların ödənilməsinə xidmət edən bu təlimin Azərbaycanda bir neçə ardıcılı olmasına baxmayaraq, vətəndaşlarımız arasında uğur qazana bilməmişdir.