Savalan Əmirov

S.T.Əmirov 05 may 1939-cu ildə anadan olmuşdur. 1956-cı ildə orta məktəbi, 1962-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) “mühəndis-geoloq” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1962-64-cü illərdə təyinat üzrə Azərb.E.A. geologiya İnstitunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1964-1967-ci illərdə SSRİ EA Kristalloqrafiya institutunun əyani aspiranturasında təhsil almış, 1968-ci ildə Moskva şəhərində “Kristalloqrafiya və kristallofizika” ixtisası üzrə kimya elmləri namizədi elmi dərəcəsi almaq üçün homentitin strukturası mözusunda namizədlik dissertasiyası müdafiə edərək Azərb.E.A. kimya institutunda kiçik elmi işçi, baş elmi işçi vəzifələrsində işləmişdir. S.T.Əmirovun əsas tədqiqat sahəsi yüksək adsorbsiya, katalizator, molekulyar ələk xassələrinə malik olan təbii və suni seolitlərin atom-kristal strukturlarının açılmasına kristollokimyasına faza çevrilmələrinə və tətbiqinə həsr olunmuşdur. Görkəmli alim, akademik Xudu Məmmədovla birlikdə təklif etdiyi seolitlərin kristallokimyəvi təsnifatı bu sahədə işləyən alimlər tərəfindən qəbul olunmuş və dərs kitablarında və monoqrafiyalarda öz yerini tutmuşdur. Prof. S.T.Əmirov 1983-cü ildə konkursdan keçərək AzPİ-nin “KMT və Korroziya” kafedrasına dosent vəzifəsinə işə qəbul olunmuşdur. Prof. S.T.Əmirov elmi-pedoqoji fəaliyyətini davam etdirərək 1990-cı ildə Daşkənd şəhərində “Seolitlərin struktur kimyası və faza çevrilmələri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1991-ci ildən indiyədək Azərbaycan Texniki Universitetinin “Konstruksiya materialları” kafedrasında professor vəzifəsində çalışır. Prof. S.T.Əmirov çoxşaxəli elmi-pedoqoji və ictimai fəaliyyət göstərən alimlərdəndir. Doktorluq və namizədlik dissertasiyaları üzrə ixtisaslaşmış müdafiə şürasının üzvüdür. Onun rəsmi rəhbərliyi altında iki nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Prof. S.T.Əmirov AzTU-da kristallaqrafiya və rentgenoqrafiyanın tədrisi sahəsində səmərəli fəaliyyət göstərir. Bir neçə dərsliyin, monoqrafiyanın, 120-dən çox elmi məqalənin, 4 elmi ixtiranın müəllifidir. O, “Kristalloqrafiya və Rentgenoqrafiya” və “Metalların rentgenoqrafiyası” dərsliklərinin və 2 dərs vəsaitinin də müəllifidir. Prof. S.T.Əmirov dəfələrlə Azərbaycan elmini yaxın və uzaq xaricdə müxtəlif elmi konfranslarda ləyaqətlə təmsil etmişdir. AzTU-nun rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərmanla mükafatlamndırılmışdır. Neft kimyası, qaz sənayesində,kənd təsərrufatında tətbiq edilən bir çox seolitlərin yaradıcısıdır. Onun elmi işlərinin nəticələri rus dilində nəşr olunmuş “Azərbaycanın seolitləri” “Seolitlərin struktur kimyası”, Azərbaycan dilində nəşr olunmuş “Seolitlər” kimi iri həcmli monoqrafiyalarında işıq üzü görmüşdür.