Sazbəndlik sənəti

Saz.

Sazbəndliksaz hazırlama sənəti. Sazbənd saz alətini hazırlayan ustalara verilən addır.[1]

Sazbəndlik elə bir sənətdir ki, onun daşıyıcısı həm dülgər, həm tərtibatçı-rəssam, həm musiqiçi, həm də saz-söz sənətinə yaxşı bələd olmalıdır. "Zəri zərgərdən, sazı sazbənddən alarlar" deyimi də təsadüfi deyilməmişdir. Usta sazbəndlər təkcə saz düzəltməmiş, həm də zaman-zaman sazı təkmilləşdirmişlər. Sazbənd Xudu Məmmədov sazın qol, beçə və sinə pərdələrinin sayını 23-ə çatdırmışdır. Aşıqlar kimi sazbəndlər də bu sənətin sirlərini şagirdlərinə öyrətməklə onu yaşatmağa çalışırlar. Sazbəndlik sənətinin bir sıra peşə özəllikləri vardır. Mahir sazbənd ilk növbədə material seçməklə işə başlayır. Ağac seçərkən də onun güneydə (dəmyədə) və ya quzeydə (sulu yerdə) bitməsinə, möhkəmliyinə, çəkisinə diqqət yetirir. Məşhur sazbəndlər hər ağacdan saz düzəltməyib, keyfiyyətli ağac materialı üçün el-el, oba-oba gəzib, daha çox yaşlı ağaclara üstünlük veriblər.

Tut ağacından hazırlan saz

[redaktə | mənbəni redaktə et]

Sazın çanağı tut ağacından yonulub hazırlanır. Bunun üçün əvvəlcə yaş tut ağacından arxa tərəfi enli, qabağa doğru tədricən nazilib trapez forması alan qabırğalar yonulub hazırlanır. Həmin qabırğalar "əymə" adlanan metal qəliblər vasitəsilə əyilib müvafiq görkəmə salınır. Sazbənd qabırğaların elastikliyini artırmaq üçün əvvəlcə onları qaynar suda "bişirib" kövrəkliyi azaldır. Daha sonra onların hər birini azca əyib müvafiq qəlibə bağlayır və bir neçə gün bu vəziyyətdə saxlayır. Sonra sarğını açıb əymə bucağını bir qədər də daraldır və qabırğanı qəlibə yenidən sarıyır. Bu əməliyyatı bir neçə dəfə təkrar etməklə çanağı əmələ gətirəcək qabırğaların hər birini əyib lazımi həddə çatdırır, daha sonra kölgə yerdə qurudur. Usta sazbənd növbəti mərhələdə qabırğa əymələri sumbata kağızı ilə sürtüb hamarlayır və ağız-ağıza düzür. Bir qayda olaraq, əymələrin ensiz qabaq başı sazın qövsvari formalı "boğaz"ına, enli arxa hissəsi isə çanağın "daban taxtası"na ağac çüy vasitəsilə bərkidilir. Sazın qolu qoz ağacından yonulub müvafiq formaya salınandan sonra onun "aşıxlıq" adlanan kəlləsində deşiklər açılır və həmin deşiklərə taxtadan düzəldilmiş "aşıx" keçirilir. Qolun arxa ucu azca kərtlənib yonulandan sonra yapışqan vasitəsilə çanağın "boğaz"ına yapışdırılır. Saz çanağının üstü nazik taxta lövhə ilə qapanır.

Sazın quruluşu

[redaktə | mənbəni redaktə et]

Saz quruluş etibarilə dörd hissədən – "çanaq", "boğaz", "qol" və "aşıx"dan ibarətdir. Ölçüsündən asılı olaraq ona 5–6 ədəddən 10–15 ədədə qədər "tel" adlanan sim qoşulur. Simləri bağlamaq üçün saz çanağının arxasına buynuzdan düzəldilmiş ürək formalı xırda "nal", onun qolunun baş hissəsinə isə "aşıx"lar keçirilir. Simləri nizama düzüb sazın üst səthindən bir qədər aralı saxlamaq üçün çanağın arxa tərəfinə və qolun "aşıxlığ"ına xərək bərkidilir. Mal buynuzu və ya xırda taxta parçasından kərtlənib düzəldilən xərək simlərin səslənən hissəsinin uzunluğunu məhdudlaşdırmaqla yanaşı, həm də səsi gücləndirməyə xidmət edir. Bundan əlavə, müxtəlif tembrdə səs rezonansı yarada bilmək üçün sazın qoluna qoç bağırsağından düzəldilmiş 10–14 ədəd "pərdə" də bağlanır.[2]

  1. Musa Nəbioğlu. Sazımız-sazbəndimiz. Bakı: "Elm və təhsil", 2011, 140 səh.(şəkilli), 1200 tiraj. Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  2. Mustafayev A.N. Аzərbаycаndа sənətkаrlıq. Bakı: Altay. 1999. səh. 305.