Scyphozoa

Sifoidlər (lat. Scyphozoa) — heyvanlar aləminin dalayıcılar tipinə aid heyvan sinfi. 200-ə yaxın növü var. Dənizdə yaşayırlar.

Sifoidlər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Yarımtip:
Sinif:
Sifoidlər
Beynəlxalq elmi adı

Sifoid meduzalarının bədəni çətirə və ya zəngə oxşayır. Çətirin alt hissəsində ağız yerləşir. Bədənin kənarlarına doğru gedən radial kanallar mədədən başlanğıc götürür. Sadə halda onlar cəmi dörd ədəd olur, bəzi növlərdə səkkİzdir. Kanallar çətiri əhatə edən həlqəvi kanala açılır. Çətirin kənarı ilə sinir halqası boyunca 8 ədəd sinir düyünü yerləşir.

Sifoid meduzalarının əksəriyyəti dənizlərin su qatlarında, bəzi növləri isə suyun dibində yaşayır. Suyun dibində yaşayan meduzalara stavromeduzanı misal gətirmək olar. O, suda üzə bilmir və formaca qıfa oxşayır. Onların ən kiçik növləri yosunlar üzərində yaşayır.

Stavromeduza yırtıcı heyvandır, qidanı qolları nın üzərindəki çıxıntılar vasitəsilə ovlayır. Onlar hərəkətetmə və qidanı ovlama xüsusiyyətlərinə görə şirin su hidralarına çox oxşayır. Sifoid meduzalarının əksəriyyəti ayrıcinsiyyətlidir. Cinsiyyət vəziləri mədə ciblərinin alt səthində əmələ gəlir. Yetişmiş cinsiyyət hüceyrələri meduzanm ağzından xaricə tökülür. Yumurtadan planula adlanan sürfə çıxır. O, əvvəlcə üzür, sonra isə dənizin dibinə enir və əşyaya yapışır. Onun bədəninin ön qütbündə ağız əmələ gəlir. Sürfə bir qədər inkişaf edir və polipə çevrilir.

Sifoid meduzaları çətirin yığılıb-açılması sayəsində üzür. Onlardan aureliya növünün ölçüsü 20 sm-ə çatır. O, tropik və mülayim dənizlərdə geniş yayılmışdır, ona bəzən Arktika dənizlərində də rast gəlinir. Sianea meduzasının diametri 2 m, qollarının uzunluğu 10 m-ə çatır. Tropik sularda onları gəmidən aydın görmək olur. Hər iki növ yırtıcıdır, qidasını suda yaşayan onurğasız heyvanlar və körpə balıqlar təşkil edir. Sifoid meduzalarının bəzi növlərini (qulaqlı meduza, ropilema) insanlar ovlayır və yeyir. Çin və Yaponiyada meduzaların ovu yaxşı təşkil olunmuşdur və hər il minlərlə meduza ovlanır.

Təsnifatı və Yayılması

[redaktə | mənbəni redaktə et]

Sifoid meduzalan sinfi 4 dəstəyə ayrılır:

  1. Diskomeduzalar (Discomedusae);
  2. Stavromeduzalar və ya lyusernalar (Stauromedusae, Lucemaria);
  3. Kökağız meduzalar (Rhizostomida);
  4. Koronatlar (Coronata).

Aurelia aurita, Pelagia noctiluca, Cyanea arctica , C.capillata və.s növlər diskomeduzalar dəstəsinin nümayəndələridir. Stavromeduzalar dib həyat tərzi keçirməklə, həm meduza, həm də poliplərin əlamətlərini daşıyırlar. Bunlar oturaq sifomeduzalar olub, gövdəyə və kasacığa malikdirlər. Kasacığın Kənarlarında 8 yerdə topa şəklində qol çıxıntıları yerləşir. Bu topaların arasında ropaloidlər yerləşir. Sifomeduzalar bütün dəniz və okeanlarda geniş yayılmışdır. Cyan cinsindən olan iri növlər Arktika dənizləri üçün xarakterikdir. Aurelia aurita növü Xəzər və Aral dənizlərindən başqa bütün dənizlərdə rast gəlinir. Sifoid meduzalarının əksəriyyəti yırtıcıdır. Qara dənizdə yayılan kökağızlı meduza (Rhizostoma pulmo), Aralıq dənizində yayılan Pelagia meduzası insanlar üçün çox təhlükəlidir. Bir çox dənizlərdə (Qaradəniz; Yapon dənizi, Ağdəniz və. s) yayılan Aurelia aurita və ya dəniz nəlbəkisi insanı güclü dalamır.Sifomeduzaların bəzi növlərindən (Rhopilema esculenta) Çində yeyinti sənayesində istifadə olunur.

Hidromeduzalara nisbətən yaxşı inkişaf etmişdir. Çətirşəkilli bədənin kənar hissəsinin müəyyən yerlərində sinir hüceyrələri bir yerə toplanmışdır. Bunlar ali heyvanların sinir düyünlərini xatırladır və ropali adlanan hiss orqanlarının yanında yerləşir.

Çoxalması ve inkişafı

[redaktə | mənbəni redaktə et]

Yetişmiş yumurtalar və spermatazoidlor qastrovaksulyar sistemin kanallarına, oradan mədəyə və oradan da ağız vasitəsilə xaricə — suya düşür. Yumurtanın mayalanması və inkişafı suda gedir.Yumurta tam və bərabər bölündükdən sonra şarşəkilli blastula inkişaf edir. Qastrulyasiya invaginasiya yolu ile baş verir. Sonrakı mərhələdə üzəri kirpiklərlə örtülü olan sürfə — planula əmələ gəlir. Planula bir müddət suda üzür və sonra dənizin dibinə enərək, birtərəfi ilə hər hansı substrata yapışaraq qədəh formasını alır. O, sifistoma adlanan kiçik polip formasına keçir. Beləliklə, sifoid meduzalaranın inkişafında da nəsil növbələşməsi müşahidə olunur: qeyri-cinsi (sfistoma) və cinsi (meduza) nesil. Burada zəif polip mərhələsi olsa da, əsas mərhələ meduzadır. Bəzi sifoid meduzalarında nəsil növbələşməsi müşahidə olunmur. Pelagia noctiluca işıqsaçan meduzasında yumurtadan kiçik meduzalar inkişaf edir.[2]

  • B.İ.Ağayev, Z.A.Zeynalova. Onurğasızlar zoologiyası. Bakı: Təhsil, 2008, 568 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Integrated Taxonomic Information System (ing.). 2005.
  2. B.İ.Ağayev, Z.A.Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , "Təhsil" 2008 , 568 səh