Selibat

Selibat (lat. caelibatus - kişi nikahsızlığı, lat. caelebs - subay kişi) — katolik ruhanilərin məcburi nikahsızlığı.

Erkən orta əsrlərdə Roma papalarının selibat haqqında dekretləri olsa da, onlar faktiki cəhətdən yerinə yetirilməyib. Onu praktikada yalnız XIII əsrin ortalarında təmin etmək mümkün olub. Katolik kilsəsi selibatdan kilsə torpaq sahibliyinin qorunması məqsədilə istifadə edib. Belə ki, selibat torpaqların katolik ruhanilərin varisləri arasında bölünməsinin qarşısını alıb. XX əsrdə bu məhdudiyyəti aradan qaldırmaq üçün bəzi cəhdlər göstərilib, lakin 1967-ci ildə Roma papası selibatın toxunulmazlığını və müqəddəsliyini yenidən təsbit edib. Protestantlıq, ümumiyyətlə selibatı tanımır, pravoslavlıqda isə o yalnız rahiblərə şamil olunur.