Senoekosistem – (senoz və ekosistem, Bıkov, 1970), biogeosenoz (Sukaçov, 1942), geoekosistem (Soçava, 1970), geoekobiota (Qerasimov, 1973), bioekos (Nesterov, 1975) – biosenoza xas olan biosenoloji mühit, müəyyən edilmiş maddələr mübadiləsi, energiya axını və məhsuldarlıqla birlikdə həmin biosenoza uyğun elementar ekosistem. Qonşu ekosistemlərlə müxtəlif inkişaf səviyyəsi və bilavasitə senotik əlaqəsi vardır. Əgər öz xüsusiyyətlərinə görə (dominantlıq edən bitkilər bir ekobiomorfa aid olduqda) senoekosistemlər yaxındırlarsa onlar konqreqasion ekosistemlərdə birləşir[1].
Senoekosistemə daxil olan uzundalğalı günəş radiasiyası miqdarının dəyişmə xarakteri. İstiliyin dəyişməsi xüsusilə yay mövsümündə, əsasən yüksək albedo olan və bitkilərin istiliyi udduğu üst fitosenotik biohorizontda (səhrada torpağın səthində) gedir. Həmin yerdə istilik dəyişmənin ən yüksək sutkalıq ritmi müşahidə olunur. Əksinə yaxşı inkişaf edən senoekosistemlərdə struktur cəhətdən torpağın üst səthində sutkalıq ritm (ritmika) mülayim olur. Torpaq biohorizonlarında istilik rejimi torpağın istilik keçirmə qabiliyyətindən asılıdır, burada sutkalıq ritmika 50 sm, illik ritmika isə 3 m dərinlikdə sönür. Müxtəlif ekosistemlərdə istilik rejimi və balansının öz xüsusiyyətləri vardır. Belə ki, meşədə transpirasiya istilik dəyişməsi, qum ekosistemlərində isə torpaq istilik dəyişməsi böyük əhəmiyyət daşıyır. Su ekosistemlərində temperatur tədricən aşağı düşür (+7°C-yə qədər), istilik dəyişməsi dərinlik artdıqca yavaş gedir, su hövzələrinin, dəniz və okeanların səthində temperatur kəskin dəyişir.